Mikayıl Cabbarov təhsil uğurları ilə seçilən tələbələrlə görüşüb - FOTOSESSİYA

Mikayıl Cabbarov təhsil uğurları ilə seçilən tələbələrlə görüşüb - <span style="color: red;">FOTOSESSİYA
# 15 mart 2014 09:19 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Bakıda təhsil naziri Mikayıl Cabbarov təhsil uğurları ilə seçilən tələbələrlə görüşüb.

APA-nın məlumatına görə, görüş iştirakçılarını salamlayan nazir təhsilin həyatımızdakı xüsusi rolu və əhəmiyyəti barədə fikirlərini bildirib.

Təhsil naziri qeyd edib ki, təhsil uğurları ilə seçilən tələbələrlə görüş, həm SABAH qruplarının yaradılması ideyası, həm tələbələrin uğur formulları, problem və qayğıları ilə tanış olmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanda ali təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamət və hədəflərindən söhbət açan nazir müasir dövrdə yüksək ixtisaslı kadr hazırlığı məsələsinin aktual olduğunu nəzərə çatdırıb.

Ümumilikdə təhsil sistemində həyata keçirilən liberal islahatlara diqqət çəkən nazir bu istiqamətdə atılan addımların əhəmiyyəti barədə danışıb: “İndi Boloniya sisteminə keçid tələbələrə imkan verir ki, təhsil planını və müddətini özü planlaşdırsın. Tələbələrə təsir imkanları minimuma endirilib. Artıq tələbənin ali məktəbdən xaric olunması kimi hallar aradan qaldırılır. Akademik müvəffəqiyyətsizlik olduğu təqdirdə tələbəyə bir daha həmin proqramı mənimsəməsi üçün şans verilir. Biz artıq qadağalardan deyil, yeni imkanlardan və mütərəqqi düşüncəyə əsaslanan tədris mühitinin üstünlüklərindən danışmalıyıq”.

Görüşdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində ali təhsilin üzərinə düşən öhdəliklər, tələbə - müəllim əməkdaşlığı, universitetlərin elm-təhsil-innovasiya üçbucağı kimi dərk olunması, tələbə elmi cəmiyyətlərinin rolunun artırılması və digər bu kimi məsələlər müzakirə olunub.

Tələbələrin çoxsaylı təklifləri dinlənilib, ali təhsilin bu və ya digər problemləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Ali məktəblərdə, xüsusilə də texniki ali məktəblərdə qeyri-ixtisas fənləri üzrə dərs yükünün çox olmasının yaratdığı problemlər, ali təhsildə təcrübi biliklərə yiyələnmək imkanlarının artırılması , dövlət qulluğuna işə qəbul imtahanı, SABAH qruplarının III və ya IV kurslardan daxil olmaq imkanları, vahid elektron kitabxananın yaradılması, müəllim-tələbə münasibətləri və digər məsələlərlə bağlı tələbələri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Qeyd edək ki, tədbirin sual-cavab hissəsi mətbuata qapalı keçirilib. Görüşdə həmçinin 22 təhsil ocağından 120-dən çox tələbə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR