Prezident Administrasiyasının sektor müdiri: “Azərbaycan erməni lobbisinin və daxildəki “beşinci kolon”un təsirinə məruz qalır” - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Prezident Administrasiyasının sektor müdiri: “Azərbaycan erməni lobbisinin və daxildəki “beşinci kolon”un təsirinə məruz qalır” - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 05 dekabr 2014 11:20 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Prezident Administrasiyası, Mətbuat Şurası və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu” mövzusunda tədbir keçirilib.

APA-nın məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, bu ilin avqustunda cəbhə xəttində baş verənlərdən sonra bir sıra KİV-lər cəmiyyətə düzgün informasiya çatdırmaq istiqamətində vəzifələrini layiqincə yerinə yetirə bilməyiblər. O bildirib ki, jurnalistlərin peşəkarlığının artırılması üçün Mətbuat Şurası qarşısında vəzifə qoyulub.

Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev çıxışında qeyd edib ki, jazırda dünyada və regionda cərəyan edən proseslər, son bir neçə ayda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müşahidə olunan gərginlik cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması məsələsini daha qabarıq şəkildə aktuallaşdırıb: “Müşahidələr onu deməyə əsas verir ki, istər coğrafi mövqeyinə, istərsə də inkişaf səviyyəsinə görə regionun aparıcı ölkəsi olan və tam müstəqil siyasət yürüdən Azərbaycan Respublikası həm müxtəlif xarici dairələrin, həm də Ermənistanın və erməni lobbisinin davamlı və məqsədyönlü informasiya təxribatlarına məruz qalır. Bir tərəfdən bəzi anti-milli daxili qrupların və maraqlı xarici qüvvələrin birgə fəaliyyəti nəticəsində Azərbaycanın demokratik inkişafı ilə bağlı real vəziyyət beynəlxalq ictimaiyyətə təhrif olunmuş formada təqdim edilir, digər tərəfdən isə onların Ermənistan və erməni lobbisi ilə üst üstə düşən mövqeyi və bəzi istiqamətlər üzrə sinxron işbirliyi həm də ümummilli məsələlərin həllində Azərbaycanın milli maraqlarına zərbə vurur.

Xüsusilə cari ilin avqustun əvvəllərində erməni diversiya qruplarının Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində törətdiyi təxribatlar, ötən ayın sonlarında düşmən dövlətin işğal altında olan ərazilərimizdə keçirdiyi hərbi təlimlər və Ermənistan silahlı qüvvələrinə məxsus vertolyotun vurulması bir tərəfdən erməni təbliğatının konturları, əhatə dairəsi və hədəflərini dəqiqləşdirmək üçün ciddi əsas yaratdısa, digər tərəfdən də Azərbaycanın informasiya məkanında müxtəlif boşluqların olduğunu, mövcud söz azadlığı mühitindən sui-istifadə hallarının, yaranmış vəziyyətə qeyri-adekvat reaksiyaların təhlükə həddinə çatdığını göstərdi. Nəzərə alınmalıdır ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və ermənilərin növbəti təxribatlar törədəcəyi heç də istisna olunmur. Digər tərəfdən, ermənilər indidən qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı bütün dünyada, o cümlədən qardaş Türkiyədə də geniş tədbirlər keçirməyə başlayıblar və şübhə yoxdur ki, bu məsələdən Azərbaycana qarşı da istifadə etməyə ciddi səy göstərəcəklər”.

Sentyabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncam imzaladığını xatırladan sektor müdiri artıq müvafiq dövlət orqanlarının sərəncamdan irəli gələn məsələlərin icrası ilə bağlı tədbirlər həyata keçirdiyini qeyd edib: “Hesab edirik ki, həm Azərbaycan prezidentinin sərəncamının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi, həm də aparılan ictimai müzakirələr mediada dövlət sirri kəsb edən informasiyaların yayılmasının qarşısının alınmasına, dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin operativliyinin təmin edilməsinə, KİV-lərin məsuliyyətinin artmasına və bu kimi mühüm məsələlərə daha peşəkar yanaşmasına səbəb olacaq”.

V. Əliyev ötən dövrdə bu məsələlərlə bağlı medianın fəaliyyətində də irəliləyiş müşahidə olunduğunu qeyd edib: “Ancaq bu, heç də problemlərin aradan qalxması anlamına gəlməməlidir. Bilirsiniz ki, ermənilər Azərbaycana qarşı informasiya təxribatını gücləndiriblər. Həm bu ölkənin informasiya resurslarında, həm də sosial şəbəkələrdə heç bir əsası olmayan, yalan məlumatlar yayırlar. Çox təəssüf ki, bizim bəzi internet resursları bu məsələlərə peşəkar yanaşmır, informasiyanı ciddi analiz etmir, dəqiqləşdirmir və olduğu kimi ictimaiyyətə təqdim edirlər. Məsələn, bu günlərdə ermənilər guya Murovdağda əsgərlərimizin donmuş cəsədləri, yaxud işğal olunmuş ərazilərdə azərbaycanlıların qəbirlərinin ermənilərin qoruyub saxladığı və digər bu kimi təxribatçı məlumatlar yaydılar. Ardınca bizim informasiya resursları bu məlumatları tirajladılar. Bəs obyektivlik, peşəkarlıq, milli təəssübkeşlik kimi mühüm prinsiplər nədən bu qədər asanlıqla ikinci plana keçir. Yaxud saytlardan biri bu günlərdə Ermənistan silahlı qüvvələrinə məxsus vertolyotun vurulmasının Azərbaycan ictimaiyyətində necə qarşılanması ilə bağlı guya rəy sorğusu keçirib və belə qənaət hasil olunub ki, cəmiyyətimizin mövqeyi yarı bölünüb. Yəni rəyi soruşulanların 49 faizi bu qənaətdədir ki, vertolyotun vurulması düzgün addım olmayıb. Bu, nəinki reallığın kobud şəkildə təhrif olunmasıdır, sadəcə düşmən dəyirmanına su tökməkdir. Təəssüf ki, “5-ci kolon” adlandırdığımız qrup dağıdıcı və təxribatçı fəaliyyətini davam etdirir və Qərbdən daxil olan qrantları yumaq üçün bu cür anti-milli mövqe tutmaqdan da çəkinmir.

Hesab edirəm ki, Azərbaycan mediası xarici KİV-lərin, xüsusilə Ermənistan mediasının yaydığı məlumatlara daha peşəkar yanaşmalı, onların hansı məqsədlə dövriyyəyə buraxıldığını, reallığa, Azərbaycanın milli maraqlarına uyğun olub olmadığını müəyyənləşdirməli, fakt kimi təqdim olunan iddiaları dəqiqləşdirməlidir. Ermənistanla və onların sözçüsü rolunda çıxış edərək Azərbaycana qarşı davamlı gözdənsalma kampaniyası həyata keçirən bəzi xarici təşkilatlara və KİV-lərə münasibətdə mediamız öz fəaliyyətini həm opponentlik prinsipi üzərində qurmalı, həm də hücum taktikasından istifadə etməlidir. Biz informasiya axınının ardınca getməli deyilik, gündəmi yaratmağı bacarmalıyıq.

Bunun üçün ilk növbədə redaksiyalarda müxtəlif sahələr üzrə ixtisaslaşmanın aparılması, həmin sferaları yaxından tanıyan jurnalistlərin müəyyənləşdirilməsi və müvafiq dövlət orqanlarında akkreditasiya olunması vacib şərtlərdən biridir. Xüsusilə hərbi sahə, cəbhə xəttində baş verən insidentlərlə bağlı informasiyalar Müdafiə Nazirliyi ilə əlaqələndirilməlidir. Hesab edirəm ki, Müdafiə Nazirliyi tərəfindən hazırlanmış və diqqətinizə təqdim olunan kitabça praktiki fəaliyyətinizdə sizə etibarlı yardımçı olacaq”.

Ə. Amaşov nəzərə çatdırıb ki, Mətbuat Şurasının üzvləri redaksiyalarda olacaq və jurnalistlərlə izahat işləri aparacaqlar.

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə bildirib ki, müdafiə nazirinin müvafiq qərarı ilə "Silahlı Qüvvələrdə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili haqqında Təlimat" hazırlanaraq qoşunlara göndərilib. Sənəddə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili qaydaları, media ilə əlaqələr, münasibətlərin əsas istiqamətləri, prinsipləri, jurnalistin hərbi obyektə buraxılması qaydaları və digər məsələlər öz əksini tapıb: “Ölkə başçısının 24 sentyabr tarixli sərəncamının yerinə yetirilməsi məqsədilə “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiya və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nın layihəsi hazırlanıb. Layihə artıq hüquqi ekspertizadan keçirilib və Nazirlər Kabinetinə təqdim olunub. Sənəddə ümumi müddəalar, akkreditə üçün müraciətin edilməsi və baxılması, akkreditə olunma (kimlərə və neçə şamil edilir), akkreditə olunmadan imtina və akkreditənin ləğvi, jurnalistlərin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması bəndləri var. Bundan əlavə, müdafiə nazirinin əmrinə əsasən "Dövlət sirrinin mühafizəsi üzrə vacib məlumatlar" toplusu buklet formasında hazırlanaraq Silahlı Qüvvələrin şəxsi heyətinə və əmrdə göstərildiyi kimi Mətbuat Şurasına təqdim olunub. Hazırda "İnformasiya təhlükəsizliyi" və "Fiziki təhlükəsizlik" üzrə məlumatlar adlı toplular da hazırlanaraq şəxsi heyətə çatdırılıb və yaxın günlərdə KİV nümayəndələrinin tanış olması üçün nazirliyin rəsmi internet səhifəsində yerləşdiriləcək”.

“Media vətənpərvər olmalıdır, biz hər şeydən əvvəl bu ölkənin vətəndaşıyıq. Məncə, hər bir jurnalist yazarkən bunu nəzərə almalıdır”.

Bunu isə “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı söyləyib.

V. Mahirqızı deyib ki, həm media, həm dövlət qurumlarının müvafiq xidmətinin rəhbərləri informasiyanın operativliyi üçün əməkdaşlıq etməlidirlər: “Müasir informasiya məkanında xəbəri birinci yayan tərəf informasiyanı diqtə edir. Məhz buna görə də Müdafiə Nazirliyinin bu sahədə işini operativləşdirməsinə ehtiyac olduğunu düşünürəm”.

V. Mahirqızı deyib ki, dünyanın aparıcı ölkələrində də informasiyanın yayılması, xüsusilə strateji informasiyaların yayılması üçün əsas tərəfdaş kimi informasiya agentlikləri seçilir: “Mənim fikrimcə, Azərbaycanda da bu sistemin tətbiqi sistemliliyin yaranması baxımından effektli ola bilər”.

Şirkət rəhbəri mütəmadi olaraq informasiya mübadiləsi aparılması üçün bir işçi qrupunun yaradılmasını da təklif edib: “Media təmsilçiləri, dövlət qurumları, hərbi mütəxəssislər və politoloqlardan ibarət bir işçi qrupu yaradıla bilər. Həmin işçi qrupu mütəmadi olaraq məsləhətləşmələr, bəzi dövlət qurumlarının rəhbərləri ilə mütəmadi müzakirələr apara bilər”.

Millət vəkili Aqil Abbasın sözlərinə görə, Müdafiə Nazirliyi operativ olmalıdır ki, KİV-i qabaqlasın: “Vertolyotun vurulduğunu videoya çəkən və onu vuran da hərbçi idi. Orada jurnalist yox idi. O videonu yayan hərbçi cəzalandırıldımı?”

A. Abbas vertolyotu vuran hərbçinin KİV-də reklam edilməsini, ailəsində çəkilişlər aparılmasını düzgün saymayıb: “Vertolyotu vuranla bağlı bu şəkildə davranış düzgün deyildi”.

Millət vəkili onu da bildirib ki, minlərlə mərmi də atılsa, cəbhəyanı bölgədən əhali qaçmayacaq.

Mətbuat Şurasının üzvü Azər Həsrət qeyd edib ki, ““Freedom House” hesabatında Azərbaycanda İnternet azadlığı olmadığını bildirib: "Ancaq Azərbaycanda cəbhəyanı bölgədə baş verən hadisələrlə bağlı baş verənlər göstərdi ki, Azərbaycan hədsiz informasiya azadlığından əziyyət çəkir”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə qeyd edib ki, vertolyotun vurulması ilə bağlı videonu yayan şəxs barəsində müvafiq tədbir görülüb.

Sonda Ə. Amaşov tədbirdə səslənən təkliflərin ümumiləşdirilərək müvafiq qurumlara təqdim ediləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR