Azərbaycan hökuməti ilə Dünya Bankı arasında məcburi köçkünlərlə bağlı əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan hökuməti ilə Dünya Bankı arasında məcburi köçkünlərlə bağlı əməkdaşlığın perspektivləri müzakirə olunub
# 30 oktyabr 2014 11:04 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Dünya Bankının ölkə üzrə meneceri Larisa Leşşenkonu qəbul edib. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı əlaqələrin son illər yeni mərhələyə qədəm qoyduğunu, həyata keçirilən layihələrin şəffaf şəkildə davam etdirildiyini diqqətə çatdıran Ə. Həsənov deyib ki, bunlar arasında istər məcburi köçkünlərin məskunlaşma obyektlərində, istərsə də onlar üçün yeni salınmış qəsəbələrdə həyata keçirilən layihələr mühüm önəm kəsb edir.

Ə. Həsənov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış qaçqın və məcburi köçkünlər üçün prioritet sahələrdən olan, xüsusilə gəlir gətirmə, gənclərin dəstəklənməsi, mikrokredit proqramları üzrə həyata keçirilən layihələrə üstünlük verilməlidir. Elə buna görədir ki, görüşdə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış kredit sazişinə əsasən həyata keçirilən “Məcburi köçkünlərin həyat şəraiti və gəlir imkanlarının dəstəklənməsi” layihəsinin müzakirəsi zamanı həmin layihə çərçivəsində indiyədək görülmüş işlər təhlil edilib, qarşıda duran prioritet vəzifələr müəyyənləşdirilib. Təkcə cari ilin 9 ayı ərzində bu layihə çərçivəsində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 42 min nəfərin faydalandığı 44 icma mikrolayihəsi icra edilib, məcburi köçkünlərin sıx məskunlaşdığı 33 obyektdə əsaslı təmir işləri aparılıb, 13 obyekt üzrə isə təmir işləri davam etdirilir.

L. Leşşenko Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirməklə yanaşı qeyd edib ki, onun təmsil etdiyi qurum da Azərbaycan hökuməti ilə əməkdaşlıqda, məcburi köçkünlərlə işləməkdə maraqlıdır. Bu istiqamətdə nəzərdə tutulan layihələrin vaxtında və keyfiyyətlə yerinə yetiriləcəyinə əminliyini bildirən Dünya Bankının ölkə üzrə meneceri məcburi köçkünlərlə işləməyin daha çox insanlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR