Bakıdakı çoxmərtəbəli binaların seysmik vəziyyəti yoxlanılacaq

Bakıdakı çoxmərtəbəli binaların seysmik vəziyyəti yoxlanılacaq
# 24 dekabr 2014 09:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Çoxmərtəbəli binaların inşa olunduğu ərazinin maksimal zəlzələyə davamlılıq gücü AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən müəyyən edilir.

APA-nın xəbərinə görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli Azərbaycanda tikilən çoxmərtəbəli binaların zəlzələyə davamlığı məsələsinə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, bina layihələndirilən zaman bu seysmik ballığa görə tikinti üzrə bütün konstruktiv elementlər nəzərə alınır, sonradan ekspertiza keçirilir: “Bəzi binalar müəyyən tələblərə cavab vermədiyi üçün Fövqəladə Hallar Nazirliyinin ekspertizasından keçə bilmir. Bu sahədə Fövqəladə Hallar Nazirliyi çox ciddi fəaliyyət göstərir”.

Q.Yetirmişli əlavə edib ki, RSXM tərəfindən Azərbaycan hökumətinə verilən təkliflərə əsasən, Bakıdakı çoxmərtəbəli binalarda seysmik monitorinq sistemi qurulacaq. Bu sistemlə binalardakı vəziyyətlə bağlı onlayn formada məlumatlar veriləcək: “Mərkəz tərəfindən yüksək mərtəbəli binalarla bağlı Azərbaycan hökumətinə təkliflər verilib. Layihədə pilot formada ilkin olaraq “Üç Alov” qülləsi götürülüb, yeni sistemin müəyyən mərtəbələrdə quraşdırılması göstərilib. Artıq bu işlərə başlanılıb və yeni sistemin quraşdırılma işlər gedir. Sivil ölkələrin hamısında bu var. Binalara yanaşı körpülərdə, tunellərdə, metroda, su hövzələri ətrafında bu cür monitorinq sistemi yaradılmalıdır. Biz gözləməməliyik ki, hər hansı hadisə baş versin, sonradan tədbirlər görülsün. Mahiyyəti odur ki, burada söhbət tək zəlzələdən getmir. Adi günlərdə ətraf mühitin binaya təsiri var - külək, ağır nəqliyyat vasitələri, yeraltı qrunt suları təsir edir. Binada monitorinqin aparılması nəticəsində hansısa mərtəbədə nasazlıq varsa, bu barədə öncədən xəbər verilər və problem vaxtında aradan qaldırılar. Zəlzələ olanda da ən zəif nöqtə oradan başlayıb böyük fəsadlar törədə bilər”.

Mərkəzin direktoru Azərbaycanda ilk dəfə Bakı ərazisi üçün seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanmasının gecikməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu işlər Yaponiyanın bir qurumu tərəfindən maliyyələşdirilməli idi: “Ötən il Yaponiyada hakimiyyət dəyişiklik olduğu üçün bu məsələ saxlanılmışdı. Sonradan məsələ yenidən qaldırılıb və lazım olan sənədlər yenidən təqdim edilib. Bu məsələnin uzanmasının səbəbi budur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR