Küveytdə Qara Qarayevin 95 illik yubileyi qeyd olunub - FOTO

Küveytdə Qara Qarayevin 95 illik yubileyi qeyd olunub - <span style="color: red;">FOTO
# 22 fevral 2013 11:48 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Küveytdə Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində dahi bəstəkar Qara Qarayevin 95 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edilib. Mədəniyyət və Turizm Nazirliyinin Küveytə ezam olunmuş mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək Qara Qarayevin həyatı və zəngin yaradıcılığı barədə ətraflı məlumat verib. Qeyd olunub ki, ölməz sənətkar Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biridir. Onun əsərləri nəinki Azərbaycanın, eləcə də dünya musiqi sənətinin incilərindən hesab edilir.

Sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən parçalar ifa edib. Mədəniyyət Günləri çərçivəsində Azərbaycan nümayəndə heyətinin Küveytin baş nazirinin müavini, bələdiyyələr və parlamentlə iş üzrə dövlət naziri Məhəmməd Əl-Abdulla Əl-Mübarək Əl-Sabahla görüşü olub. Küveyt baş nazirinin müavini bildirib ki, bu tədbirin keçirilməsi ölkəsi üçün böyük əhəmiyyət daşıyır. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ölkəmizin zəngin mədəniyyəti və geniş turizm imkanları barədə ətraflı məlumat verib.

Bununla da Küveytdə Azərbaycan Mədəniyyəti Günləri başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR