Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Çexiya, Fransa və Pakistan səfirlərinin etimadnamələrini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Çexiya, Fransa və Pakistan səfirlərinin etimadnamələrini qəbul edib
# 04 iyul 2008 13:52 (UTC +04:00)
Bakı-APA. Prezident İlham Əliyev Çexiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Radek Matulanın etimadnaməsini qəbul edib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyən səfir dövlətimizin başçısını əmin edib ki, diplomatik fəaliyyəti dövründə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi üçün səylə çalışacaq.
Azərbaycanla Çexiya arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev səfirin diplomatik fəaliyyəti dövründə əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəyini bildirib. Prezident İlham Əliyev bu gün həmçinin Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerin etimadnaməsini qəbul edib. Dövlət başçısı Azərbaycanla Fransa arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayıb, əlaqələrin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyib. Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycanda diplomatik fəaliyyəti dövründə səfir ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə töhfəsini verəcək. Səfir Qabriel Keller ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyib. O bildirdi ki, Fransa Avropa İttifaqında sədrliyə başladığı dövrdən Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin daha da genişlənməsinə çalışacaq.
Bu gün Pakistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əbdul Həmid də etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanla Pakistanın müttəfiq ölkələr olduğunu qeyd edən prezident İlham Əliyev bildirib ki, müstəqilliyimizin ilkin illərindən başlayaraq ölkəmiz Pakistanın dəstəyini daim hiss edib. Səfir Əbdul Həmid Pakistanla Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb. Həm regional, həm də beynəlxalq məsələlərdə ölkələrimizin mövqeyinin üst-üstə düşdüyünü vurğulayan Əbdul Həmid beynəlxalq təşkilatlarda sıx əməkdaşlığın həyata keçirildiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR