Bank Of Baku

Həvva Məmmədova: “Deputat olsam da, qaçqınam” - EKSKLÜZİV

Həvva Məmmədova: “Deputat olsam da, qaçqınam” - <font color=red>EKSKLÜZİV </font>
# 07 iyul 2008 13:11 (UTC +04:00)
- Milli Məclisdə İnsan haqları daimi komissiyasının üzvüsünüz. Bu sahə ilə bağlı çoxlu şikayətlər olur?
- Üzvü olduğum komissiyaya müraciət edən insanların qəbulunda mütəmadi iştirak edirəm. Qəbullar ayda bir neçə dəfə keçirilir. Biz əlimizdən gələni əsirgəmirik. Mən millətimə xidmət etməkdən zövq alıram. Başladığım hər işi sona çatdıran insanam. Bu günlərdə Qarabağda şəhid olan şagirdimin həyat yoldaşı müraciət etmişdi. Onun qarşılaşdığı problemlə öz problemim kimi məşğul oldum. İnsanlara kömək eləyəndə özümü rahat hiss edirəm. O ki qaldı şikayətlərin xarakteri məsələsinə... Bu gün ən çox hüququ pozulanlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurd yuvasını itirən vətəndaşlarımızdır. qaçqın və məcburi köçkünlərdir. Onların demək olar ki, bütün hüquqları pozulub. Öz yurd-yuvalarından didərgin düşən adamın hansı hüququ pozulmaya bilər ki? Digər müraciətlər əsasən əmək hüquqları və məhkəmələrin fəaliyyəti ilə bağlı olur. Adətən insanların problemi öz hüququnu bilmədiklərinə görə yaranır. Ancaq sizə bir şeyi də deyim. Bu günə qədər seçicilərimin problemləri ilə bağlı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova elədiyim bütün müraciətlərə müsbət cavab almışam.
- Milli Məclisdəki xanım həmkarlarınızın fəaliyyətindən razısınız?
- Onların əksəriyyəti məndən təcrübəlidir. Artıq ikinci, üçüncü çağırış parlamentə deputat seçiliblər. Hər halda narazı deyiləm.
- Qadın deputatlar daha aktivdir, ya kişilər?
- Mən belə bir bölgü aparmaq istəməzdim. Deputatların hamısını aktiv hesab edirəm.
- Siz işğal altında olan bir ərazinin deputatısınız...
- Bəli, Xankəndi sakinləri respublikanın 48 rayonunda məskunlaşıb. Bu bir az çətinlik yaradır. Hər zaman, xüsusilə problemləri olanda onların yanında olmağa çalışıram.
- Belə çıxır ki, bu gün həm də Sizin 48 rayonunun ərazisində qəbiristanlığınız var...
- Hə, elədir. Biz öz ölülərimizi torpağın altına əmanət qoymuşuq. Onların hamısını gedəndə özümüzlə aparacağıq. Bu bizi ən çox sıxan hissdir. Nə qədər nigaran ruhlar var. Qarabağ hadisələri 1988-ci ildə başlasa da, mən o vaxt oradan çıxmadım. Bu gün bir nəfər sağ-salamat qarabağlı tapa bilməzsiniz. Hər birinin ürəyində xal var. Xankəndi əhalisi ilə addım-addım geri çəkilmişəm. Biz Xankəndinin yaxınlığındakı Kərkicahana yığışmışdıq. O kəndin adamları gecə-gündüz döyüşürdü. O kənd işğal ediləndən sonra camaatımız pərən-pərən düşdü. Ancaq mən onları tərk etmədim. Bu gün də Xankəndinin adamları ilə birlikdəyəm. Əgər Xankəndi dairəsi yaradılmasaydı, deputatlığa namizədliyimi də verməzdim.
- Siz həm də Dağlıq Qarabağ ermənilərinin deputatısınız?
- Bəli. Dağlıq Qarabağda Azərbaycan vətəndaşı olan ermənilər öz deputatlarına müraciət edə bilərlər. 2005-ci ilin parlament seçkilərində MSK dəfələrlə elektron versiya ilə müraciət etsə də, ermənilərdən heç biri namizədliyini irəli sürmədi. Ancaq bizim dairədə ermənilər təmsil olunur və dairənin tərkibində ermənilərdən ibarət nümayəndələr var. Xankəndindən olan bəzi ermənilər indi Bakıda yaşayırlar. Erməni seçicilərim indiyə kimi mənə müraciət etməyiblər. Onlar Azərbaycan vətəndaşlarıdır və Qarabağ hadisələri baş verəndə digər vətəndaşlarımız kimi onların da hüquqları pozulub.
- İşğal altındakı torpaqlara səfər təşkil olunsa, gedərsiniz?
- Əlbəttə, gedərəm. Keçən dəfə ziyalıların belə bir səfəri təşkil olunanda mənə təklif olunmamışdı. Elə bir gecə olmaz ki, yuxumda Xankəndinə getməyim. Mən Şuşada böyümüşəm. Şuşa mənim arzularım olub. İndi arzularım işğal altındadır. Şuşa ən şirin xatirələrimin məhv olduğu ərazidir. Şuşa yenidən tikiləcək də, qurulacaq da, ancaq ona əl qaldıran insanlardan qisasımızı almalıyıq.
- Sizi Xankəndinə aparsalar, bu şəhərdə birinci hara gedərsiniz?
- Xankəndində gözəl bir kinoteatr var idi. Mənim sevgimin yaşandığı yerlərdən biri həmin kinoteatr olub. Orada beşinci sırada otururduq. Birinci ora gedərdim. Sonra ana olduğum və üç övlad dünyaya gətirdiyim evə getmək istəyərdim. Bilmirəm, indi o ev salamat qalıb, ya yox, ancaq hər gecə yuxularımda ora gedirəm.
- Sonra sevdiyiniz həmin şəxslə ailə qurdunuz?
- Mən həyatımda bir sevgi yaşamışam. Sevdiyim insanla ailə qurmuşam. İndi həyat yoldaşımla oturub Xankəndini xatırlayanda həmişə o kinoteatrdan danışırıq. Həftədə bir neçə dəfə ora kinoya gedərdik. Yəqin ki, ermənilər onu dağıtmazlar...
- Övladlarınız nə işlə məşğuldur?
- Üç ovladım var. Böyük oğlum hərbiçi, kiçik oğlum isə hüquqşünasdır. Qızım
artıq ailə qurub.
- Bəs oğlanlarınızın toyu nə vaxtdır?
- Onlar ev alandan sonra evlənəcəklər.
- Deputat olmağınıza baxmayaraq, maddi cəhətdən o qədər də varlı həyat tərzi keçirmədiyiniz hiss olunur...
- Mən vətənpərvər ailədə böyümüşəm. Ocağımıza heç vaxt haram qatmamışıq. Neçə illərdir işlədiyim ali məktəbdə bir dəstə gül belə hədiyyə almamışam. Hamı mənim təmənnasız yaşadığımı bilir. Vaxtı ilə çox ağır günlərim olub. Evimizdən çıxanda heç nə götürməmişdik. Deputat seçilənə qədər qaçqın kimi imtiyazlarımdan istifadə etmişəm. Ötən əsrin ən böyük hadisələrinin şahidi bizik. Xankəndindən çıxandan sonra özümdə güc tapıb namizədlik dissertasiyasını müdafiə elədim. Xocalının taleyi ilə bağlı kitab yazdım, indi ikinci kitabımı yazıram. Xocalı faciəsi baş verəndən sonra ürəyim xəstəlik tapdı. Özümü o qədər də kasıb hesab etmirəm. Heç kəslə müqayisə olunmaq fikrim yoxdur. Hərənin öz taleyi var. Mənim nail olduqlarıma onlar, onların çatdıqlarına mən çata bilmərəm. Dünyanın ən varlı qadını mənəm. Elə varlı qadınlar var ki, onların adicə salam vermək qabiliyyəti belə yoxdur. Evimə gələnlər inanmırlar ki, mən belə bir yerdə yaşayıram. Evim başdan-başa kitab-dəftərlə doludur. Mən özümü kitab-dəftərin arasında çox rahat hiss edirəm. Seçicilərim hamısı qaçqınlardır. Onların qarşısına necə çıxmalıyam? Bəzən bir neçə aylıq maaşımı alıb hansısa seçicimin xeyir işinə xərcləmişəm. Bu günə kimi ailəmdən ötrü heç kimə ağız açmamışam. Oğlumun biri hərbiçidir, o birisi də lazımi yerdə belə işləmir. Deputat olsam da, qaçqınam.
- Deputatların vətənpərvərliyindən razısınız?
- Yüz faiz razıyam. İnanın ki, müharibə başlasa deputatların hamısı bir nəfər kimi əsgər paltarı geyinib silaha sarılmağa hazırdır. Parlamentdə dəyərli dostlarım var. Ola bilsin kənardan baxanda fərqli şeylər hiss olunur. Onların çoxu gördükləri işin reklamı ilə məşğul olmurlar. Parlamentin rəhbərliyinin də fəaliyyəti yüksək səviyyədədir.
- Siz həm də Azərbaycan Dövlət İdarəçilik Akademiyasında dərs deyirsiniz...
- Mən tələbələrimi ancaq vətənpərvərlik hissi ilə tərbiyə edirəm. Onlar harada olurlarsa olsunlar, Azərbaycan dövlətinə, onun möhkəmlənməsinə xidmət etməyi öyrədirəm.
- Bəs ev işlərinizi kim görür?
- Hamısını özüm eləyirəm. Gecə saat üçdən tez yatmıram. Ancaq oğlum da, həyat yoldaşım da mənə kömək edir. Əsas odur ki, mən evdə başa düşülürəm. İşimi qurtaran kimi evə qaçıram. Baxmayaraq ki, mətbəxə həsr etdiyim vaxtı itmiş hesab edirəm. Hər cür ev işi ilə məşğul oluram, Qarabağ mətbəxini beş barmağım kimi bilirəm.
- Qarabağlı kimi musiqini bilməmiş olmazsınız...
- Mənim gözəl səsim olsa da, heç vaxt oxumamışam. Orta məktəbi bitirdiyim birinci il ali məktəbə qəbul ola bilmədim. Sonra sənədlərimi Şuşa Pedaqoji Texnikumuna verdim. Orada musiqidən imtahan verəndə oxudum. Mənə dedilər ki, sən Konservatoriyaya getmək əvəzinə bura gəlibsən. Atamın da gözəl səsi olub. O, bir neçə il əvvəl dünyasını dəyişib. Onda gəlib bu hadisəni evdə danışdım. Anam dedi ki, səsini içinə sal çıxartma! Elə o vaxtdan səsim içimdə qaldı. Ancaq oxumağın məqamı var. Elə məqam yaranır ki, adam başlayır oxumağa. Bir gün işıqlar keçmişdi. Oğlum pianoda müşayiət elədi. Mən də başladım oxumağa. Qonşumuz gəldi ki, bəs necə olur işıq sönüb sizin televizorda konsert gedir? İndiki vaxt olsaydı, valideynlərim oxumağıma icazə verərdi.
- Hansı mahnıları oxumağı sevirsiniz?
- Mən Zeynəb Xanlarovanın mahnılarını sevmişəm. Zeynəb Xanlarovanın bütün mahnılarını onun özü kimi oxuya bilərəm. Bir dəfə kiçik oğlum səsimi telefona yazıb ata-anama qulaq asdırıb. Evə gələndən sonra atam nə qədər elədisə, onun yanında səsimi çıxarmadım. İndi müğənnilər mahnıları korlayır. Bu gün Qarabağ musiqilərdə yaşayır.
- İndi deyə bilmərəm, ancaq o vaxtlar müəllimlər dərsini bilməyən şagirdləri möhkəm sillələyirdilər. Sonralar da həmin şagirdlər yaxşı mənada o sillələrdən çox bəhrələnirdi. Siz də Xankəndində orta məktəbdə tarix müəllimi işləyibsiniz. Bu mənada şagirdlərlə münasibətiniz necə olub?
- Uşaqları çox pis döymüşəm. Elə döymüşəm ki, ağız-burunlarından qan gəlib. İndi onların bəziləri müxtəlif vəzifələrdədirlər. Altmışdan çox şagirdim şəhid olub. Fərhad Atakişiyev adlı bir şagirdim var idi. Bəzən dərsə hazır gəlmirdi. Səbəbini soruşanda deyirdi ki, gücüm buna çatır, bəyəm həmişə hazır olmalıyam? Əsgərliyə gedib gələndən sonra Qarabağda döyüşməyə başladı. Ermənilər onu əsir götürmüşdülər. Onu məcbur eləmişdilər ki, Qarabağın ermənilərə məxsus olduğunu desin. Fərhad da cavabında Qarabağın bizim olduğunu demişdi. Onun qollarını, ayaqlarını kəsib, gözünü çıxarandan sonra öldürmüş, ətini tikə-tikə eləmişdilər. Son nəfəsinə kimi demişdi ki, yüz Fərhad Qarabağa qurbandır. Onlar həmişə gözümün qarşısındadır. Biz onların qanını almamışıq. Müharibə başlayanda bir neçə il silah daşımışam. Tibb bacısı olmuşam. Düzdür, oğlum hərbiçidir. O mənim ürəyimdəki hissləri davam etdirir. Ancaq özüm də səfərbərliyə hazıram. Şəhid olan şagirdlərimin qısasını özüm almaq istəyirəm...
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR