Bank Of Baku

“Azərbaycan Respublikasında 2010-cu il parlament seçkiləri: gözləntilər və mövqelər” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycan Respublikasında 2010-cu il parlament seçkiləri: gözləntilər və mövqelər” mövzusunda dəyirmi masa keçirilib
# 05 mart 2010 10:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Azərbaycan Respublikasında 2010-cu il parlament seçkiləri: gözləntilər və mövqelər” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə seçki komissiyalarının formalaşdırılması ilə bağlı siyasi partiyaların mövqeləri və seçki sistemləri sahəsində yerli və beynəlxalq təcrübə müzakirə edilib. AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, 2008-ci ilin iyununda Seçki Məcəlləsinin 145 maddəsinə 91 dəyişiklik edilib. Bundan sonra Avropa Şurasının qəbul etdiyi qətnamədə seçki komissiyalarının formalaşdırılmasında balansın qorunması, şikayətlərə baxılma sisteminin təkmilləşdirilməsi, dövlət tərəfindən maliyyələşən telekanallarda siyasi partiya və seçki bloklarına pulsuz efir vaxtının ayrılması və müxalifətin kütləvi aksiyalar keçirmək hüququna qarantiya verilməsi ilə bağlı tövsiyələr irəli sürüb.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəyli bildirib ki, təmsil etdiyi partiya seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmasına tərəfdardır. Onun sözlərinə görə ölkədə heç kimdən asılı olmayan komissiyaların yaradılması vacibdir: “Komissiyaların tərkibi isə parlamentdə təmsil olunan partiyalar arasında paritet əsaslarla bölünsün. Bundan başqa parlamentin say tərkibinin 150-yə qaldırılmasını, onun 100-nün majoritar, 50-nin isə proporsional seçki sistemi ilə müəyyənləşməsini təklif edirik».

Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Büllur Hümbətov da komissiyaların paritet əsaslarla təşkil edilməsinə tərəfdar olduqlarını bildirib: “Pariteti isə müxalifət partiyaları öz aralarında razılaşdıra bilər”.

Böyük Quruluş Partiyasının Ali Məclisinin sədri Əjdər Əliyev və digər çıxış edənlər də komissiyaların paritet əsaslarla formalaşdırılmasını vacib sayıblar.

Təkliflə bağlı ictimai təşkilatların nümayəndələri ilə müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR