Azərbaycan Prezidenti: “Biz münaqişənin həlli üçün bu gün həlledici mərhələdəyik”
Bakı-APA. “Bu il Novruz bayramı, eyni zamanda, YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Bu da böyük qələbəmiz, uğurumuzdur və onu göstərir ki, artıq beynəlxalq aləm bu bayramı qeyd edir. Arzu edirəm ki, bu gözəl Bahar bayramı bütün Azərbaycan xalqına sevinc, xoşbəxtlik gətirsin. Biz öz uğurlu siyasətimizi bundan sonra da davam etdirəcəyik”. APA-nın “Azərtac”a istinadən verdiyi xəbərə görə, bunu Novruz bayramı münasibətilə keçirilmiş tədbirdəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Prezident deyib ki, ölkədə tərtib edilmiş və qəbul olunmuş bütün proqramlar vaxtında və böyük keyfiyyətlə icra edilir: “ Bu gün Azərbaycan, sözün əsl mənasında, inkişaf və tərəqqi dövrünü yaşayır. Bütün sahələrdə quruculuq-abadlıq işləri aparılır. Ölkəmizin hərtərəfli inkişafı üçün konkret tədbirlər görülür. Azərbaycan öz iqtisadi gücünü böyük dərəcədə artıra bilib və bu proses bu gün də sürətlə davam edir. Son illərdə ölkəmiz iqtisadi inkişaf baxımından dünya miqyasında birinci yerdədir. Bu birinciliyi biz bu gün də əlimizdə saxlayırıq və əlimizdən verməyəcəyik. Bu bizə imkan verir ki, öz gücümüzə, Azərbaycan xalqının istedadına və zəhmətinə istinad edərək doğma ölkəmizi daha da gücləndirək”.
Prezident deyib ki, bütün addımlar Azərbaycanın milli maraqlarının qorunmasına yönəldilib: “ Ölkəmiz, tariximiz, bugünkü nailiyyətlərimiz haqqında dünyada da artıq kifayət qədər geniş məlumatlar var. Bu gün Azərbaycan dünyada böyük hörmətə malik olan ölkədir. Bizim xarici siyasətimiz daxili siyasətin məntiqi nəticəsidir. Xarici siyasətin əsas məqsədləri ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirmək və Azərbaycanın milli maraqlarını maksimum dərəcədə müdafiə etməkdir. Biz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı və hörmət üzərində qurulmuş münasibətlərin davam etdirilməsini arzulayırıq. Bunu etmək üçün praktiki addımlarımızı atırıq. Biz bütün ölkələrə hörmətlə yanaşırıq. Əlbəttə ki, Azərbaycanın seçdiyi yol, bizim apardığımız siyasət də eyni dərəcədə hörmətlə qarşılanmalıdır. Biz bu gün bunu görürük”.
Ölkə başçısı deyib ki, müstəqil ölkədə yaşamaq ən böyük dəyər, xoşbəxtlik, sərvətdir: “ Biz xoşbəxtik ki, bu müstəqilliyi görürük və nəinki görürük, müstəqilliyin möhkəmlənməsi üçün öz səylərimizi qoyuruq. Əsrlər boyu əcdadlarımız müstəqillik həsrətində yaşayıblar. Azərbaycan xalqı müxtəlif dövrlərdə başqa ölkələrin, imperiyaların tərkibində yaşayıb. Müstəmləkə şəklində yaşayıb. Yəni biz özümüz öz taleyimizi həll edə bilmirdik. Bu gün isə Azərbaycan dünya miqyasında özünü təqdim edir. Biz nəinki müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, Azərbaycan xalqının milli maraqlarına uyğun siyasət aparırıq və bundan sonra da aparacağıq.
Müstəqilliyin möhkəmləndirilməsi üçün çox işlər görülüb və hələ çox işlər də görülməlidir. Biz iqtisadi cəhətdən potensialımızı tam şəkildə işə sala bilmişik. Heç kimdən asılı deyilik. Öz hesabımıza yaşayırıq və ildən-ilə daha da yaxşı yaşayırıq. Bunu görmək üçün sadəcə olaraq Azərbaycanın reallıqlarına qərəzsiz nəzər salmaq lazımdır. Azərbaycan o ölkədir ki, son altı ildə dünyada öz daxili imkanları hesabına lider dövlətdir. O ölkədir ki, onun iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə bütün MDB məkanında birinci yerdədir. O ölkədir ki, iqtisadi və siyasi islahatlar aparmaqla mövqelərini bölgədə möhkəmləndiribdir və bizim təsir imkanlarımız genişlənir. Bizim iştirakımız, razılığımız olmadan bölgədə heç bir təşəbbüs, heç bir layihə - istər siyasi, istər iqtisadi - reallaşa bilməz. Bunu biz öz zəhmətimiz hesabına, aparılan siyasətlə və atılan addımlarla özümüz yaratmışıq. Bizim siyasətimiz ləyaqətli, açıq və cəsarətli siyasətdir. Bu siyasətin əsas məqsədi ölkəmizi daha da gücləndirmək və ölkə qarşısında duran bütün problemləri həll etməkdir”.
Ölkə başçısı deyib ki, qarşıda duran ən vacib problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır: “ Bu istiqamətdə müəyyən addımlar atılıb və bu gün danışıqlar prosesində Azərbaycanın mövqeləri daha da güclüdür. Bu mövqelərin gücləndirilməsində, əlbəttə ki, diplomatik səylərimizin rolu var. Eyni zamanda, Azərbaycanda gedən quruculuq və inkişaf prosesləri, ölkəmizin güclənməsi əlbəttə ki, danışıqlar prosesində də mövqelərimizi böyük dərəcədə möhkəmləndirib. Biz bu gün iqtisadi cəhətdən bölgənin ən inkişaf etmiş ölkəsiyik və bizdə olan inkişaf başqa ölkələrlə müqayisə oluna bilməz.
Bütün bu amillər danışıqlarda mövqelərimizi möhkəmləndirir və hələ ki, biz danışıqlar prosesinə ümidliyik, biz gərək bu səyləri davam etdirək. Biz münaqişənin həlli üçün bu gün həlledici mərhələdəyik. Demək olar ki, danışıqların əsas hissəsi prinsip etibarilə başa çatıb. Təqdim olunan təkliflər deyə bilərəm ki, bütövlükdə müəyyən kiçik istisnalarla Azərbaycanın maraqlarını, Azərbaycanın ərazi bütövlüyünü, işğal edilmiş bütün rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını təmin edir. Beləliklə, hesab edirik ki, əgər qarşı tərəf konstruktivlik nümayiş etdirərsə və təklif edilmiş variantla razılaşarsa, biz məsələnin həlli işində daha da sürətlə addımlaya bilərik.
Biz danışıqlar prosesində öz prinsipial mövqeyimizdən bir addım geri atmamışıq. Bir neçə il bundan əvvəl nəyi demişiksə, bu gün də həmin mövqeyin üstündə dayanırıq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycan vətəndaşları oraya qayıtmalıdırlar. Bütün kommunikasiyalar açılmalıdır. Dağlıq Qarabağda yaşayan ermənilər və Dağlıq Qarabağa mütləq qayıdacaq azərbaycanlılar yüksək muxtariyyət statusunda yaşamalıdırlar. Bu status nədən ibarət olacaq, onu gələcək göstərər. O gələcək ki, sabah da, yüz ildən sonra da ola bilər və olmaya da bilər.
Yəni Dağlıq Qarabağa Azərbaycandan kənarda statusun verilməsi qətiyyən qəbuledilməzdir. Bu bizim prinsipial mövqeyimizdir. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, Azərbaycan onu heç vaxt tanımayacaq. Bizim tanımadığımız qurum dünya tərəfindən də tanınmayacaq.
Hesab edirəm ki, məsələnin həlli üçün bu gün yaxşı imkanlar var. Azərbaycan həm öz diplomatik səylərini gücləndirir, həm də danışıqlarda konstruktiv mövqe nümayiş etdirir, bununla bərabər, imkanlarını səfərbər edib özünü gücləndirir. Bu güclənmə iqtisadi sahədə, siyasi sahədə, hərbi sahədə özünü büruzə verir. Biz bunu gizlətmirik. Biz müharibə şəraitində yaşayırıq. Təsadüfi deyil ki, bizim dövlət xərclərimizin əsas hissəsi müdafiə məqsədlərinə yönəldilib. Bu, təbiidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra, əlbəttə ki, bu qədər böyük müdafiə xərclərimizə ehtiyac olmaz. Bu gün isə buna böyük ehtiyac var. Biz müdafiə xərclərimizi ildən-ilə artıracağıq, ordumuzu gücləndirəcəyik, yeni silahlar alacağıq, elə edəcəyik ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanının əmrini istənilən anda qısa müddət ərzində icra edə bilsin. Bu, bizim suveren hüququmuzdur, bu işdə heç kim bizə məsləhət verə bilməz.
Biz artıq iyirmi ilə yaxındır ki, müstəqil həyat yaşayırıq. Müstəqilliyimizin ilk illəri bizim üçün çox ağır və çətin olub. Biz sadəcə olaraq, öz gücümüzə arxalanaraq, ulu öndər Heydər Əliyevin siyasətini icra edərək bugünkü reallıqlara öz hesabımıza, heç bir yerdən yardım və məsləhətlər almadan nail ola bilmişik. Bu gün isə Azərbaycan həm siyasi, həm iqtisadi sahədə mütərəqqi islahatların aparılması ilə güclü dövlətə çevrilib. Əgər bizə hansısa məsləhət lazım olarsa, biz lazımi ünvana müraciət edərik. Amma yersiz məsləhətlərə ehtiyac yoxdur. Bizim daxili işlərimizə müdaxilə etmək istəyənlər çoxdan başa düşməlidirlər ki, bu səylər əbəsdir, bunun heç bir səmərəsi olmayacaq. Ancaq bir nəticəsi ola bilər ki, bizim işimizə müdaxilə etmək istəyənlərlə Azərbaycan arasında münasibətlər gərginləşə bilər. Biz istənilən münasibətlərə hazırıq. Biz istəyirik ki, bütün ölkələrlə münasibətlərimizi dostluq, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında quraq. Heç kimin daxili işlərinə qarışmırıq, heç kimi tənqid etmirik. Baxmayaraq ki, bəzi hallarda tənqid etmək üçün kifayət qədər əsaslar var. Əlbəttə, gözləyirik ki, bizə də eyni münasibət olsun. Ona görə də, istəmirəm ki, vəziyyət gərginləşsin və biz kiminləsə məsələləri çox ciddi və gərgin şəkildə həll etməyə başlayaq”.
Prezident bildirib ki, Azərbaycan öz yolu ilə gedir: “ Bu yol demokratiya, inkişaf, tərəqqi, azadlıq və suverenlik yoludur. Biz bu yolda bütün dostlarımızla irəliyə getməyə hazırıq. Ancaq biz işimizə ləkə vurmaq, müdaxilə etmək istəyənlərlə bu yolu gedə bilmərik.
Biz öz hesabımıza yaşayırıq, yaxşı da yaşayırıq. Bundan daha da yaxşı yaşayacağıq. Bütün bu uğurların təməlində Azərbaycan xalqının iradəsi, qətiyyəti, istedadı dayanır. Bu gün, bu əziz gündə bütün Azərbaycan xalqına üz tutub deyirəm ki, mən ölkənin Prezidenti kimi, bundan sonra da Azərbaycanın müstəqil siyasətini aparacağam, bu yoldan dönməyəcəyəm. Azərbaycanın uğurlu gələcəyini təmin etmək üçün biz bundan sonra da bərabər çalışmalıyıq”.
Daxili siyasət
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb