Bank Of Baku

DAK İran səfirliyi qarşısında piket keçirmək istəyir

DAK İran səfirliyi qarşısında piket keçirmək istəyir
# 31 mart 2010 15:41 (UTC +04:00)
Bakı – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib. DAK-dan APA-ya verilən məlumata görə, müraciətdə deyilir ki, Güney Azərbaycanın quzey-qərbində və Xəzər dənizinin güneyində yerləşən Urmiya gölü son illərdə İranda aparılan məqsədyönlü siyasət nəticəsində quruma təhlükəsi ilə qarşı-qarşıya qalıb, halbuki bu göl dünyanın ikinci duzlu gölü kimi UNESCO-nun təbii xəzinə siyahısına salınıb: “Ancaq əkinə yararlı torpaqların suvarılması üçün gölə axan təbii çayların istiqamətinin dəyişdirilməsi, çaylar üzərində xeyli sayda su bəndlərinin tikilməsi, gölün üzərindən Təbrizlə Urmiyanı birləşdirən körpünün çəkilməsi və s. nəticəsində hazırda göldə suyun səviyyəsi 7 metr aşağı düşüb. Bu göstərici isə kritik normadan 2 metr aşağıdır. Eyni zamanda Urmiya gölünün 150 hektarı artıq duz səhrasına çevrilib. Ona görə də aprelin 2-də saat 12:00-da güneyli soydaşlarımız simvolik olaraq bir bardaq su ilə Urmiya körpüsündə toplaşacaq və hər kəs gətirdiyi suyu gölə tökməklə hökumətə etirazlarını bildirəcək, eyni zamanda Güney Azərbaycanda yaşanan ekoloji böhranı təbiəti mühafizə edən beynəlxalq təşkilatların diqqətinə çatdırmış olacaqlar. Həmin gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da soydaşlarımıza dəstək aksiyası keçirəcəklər. Dünya Azərbaycanlıları Konqresi də güneyli soydaşlarımızla həmrəy olaraq aprelin 2-də saat 12.00-da İran İslam Respublikasının Azərbaycandakı səfirliyi qarşısında analoji aksiya keçirməyi planlaşdırır. Piketə icazə verməyinizi xahiş edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR