Bank Of Baku

Əli Əliyev: ““Azadlıq” bloku yeni variantlar üzərində düşünmək məcburiyyətində qalacaq”

Əli Əliyev: ““Azadlıq” bloku yeni variantlar üzərində düşünmək məcburiyyətində qalacaq”
# 05 aprel 2010 12:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Görünür, Azərbaycan Demokrat Partiyası daha geniş çaplı müxalifətdaxili ittifaqın yaranmasının tərəfdarıdır, yaxud başqa motivlər də var. Bunun dərinliyinə getmək istəmirəm. Amma əgər ADP “Azadlıq” bloku ilə birgə seçkilərə qatılmayacaqsa, o zaman yeni variantlar üzərində düşünmək məcburiyyətində qalacağıq”. Bunu APA-ya açıqlamasında “Azadlıq” blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib. ADP-nin “Ümid Partiyası blokda olmayacaqsa, ADP də orada təmsil olunmayacaq” şərtinə münasibət bildirən Ə. Əliyev bildirib ki, hər bir tərəfin proseslərə yanaşma hüququ var və bu mövqeyə hörmətlə yanaşmaq lazımdır: “Əgər onlar belə hesab edirlərsə, deməli, bu yanaşma üçün kifayət qədər arqumentləri var. ADP ilə blok alınmırsa, bunu faciə kimi qəbul etməyə ehtiyac yoxdur”.

Ə. Əliyev bildirib ki, onun Ümid Partiyasının sədri İqbal Ağazadə ilə görüşləri olub və müxtəlif müzakirələr aparılıb: “O, belə bir nəticənin olmasından məyus olmayıb”. Ə. Əliyev Açıq Cəmiyyət Partiyası ilə də müzakirələrin nəzərdə tutulduğunu və bu partiya ilə əməkdaşlıq üçün əsasların olduğunu qeyd edib: “Bu partiyanın son dövrlər sərgilədiyi mövqe müsbət dəyərləndirilir və partiyanın əvvəlki sədrinin istefasından sonra hakimiyyətə loyal münasibət olmayıb”.

Blokda təmsil olunan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan isə APA-ya bildirib ki, ADP ilə müzakirələrə hələlik yekun vurulmayıb, buna görə də tələsməyə ehtiyac yoxdur: “Müxalifətin sıx əməkdaşlıq etməsi üçün məsləhətləşmələr davam etməlidir. Bu əməkdaşlıq üçün ümidlər və imkanlar itməyib. Müxalifətin seçkilərə iki blokun əməkdaşlığı səviyyəsində qatılmasına çalışmaq lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR