Bank Of Baku

Milli Məclisin Sosial siyasət komitəsi nikah yaşının artırılması və erkən nikah probleminə həsr olunmuş ictimai müzakirə keçirib

Milli Məclisin Sosial siyasət komitəsi nikah yaşının artırılması və erkən nikah probleminə həsr olunmuş ictimai müzakirə keçirib
# 29 aprel 2010 11:46 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Milli Məclisin Sosial siyasət komitəsi tərəfindən sosial qanunvericiliyə təklif olunan bəzi müraciətlərlə bağlı ictimai müzakirə keçirilib. APA-nın məlumatına görə, tədbirdə əsasən nikah yaşının artırılması və erkən nikahlarla bağlı qanunvericiliyə təklif olunan məsələlər müzakirə olunub. Ailə, Qadın və Uşaq Komitəsinin sədr müavini Aynur Sofiyeva Azərbaycanda erkən nikahların artma tendensiyasının müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, ötən il erkən nikaha daxil olma ondan əvvəlki illə müqayisədə 11 faiz artıb: “Hətta 12-13 yaşında qızların nikaha daxil olunması ilə bağlı valideynlər tərəfindən məcbur etmə faktları mövcuddur. Biz təklif edirik ki, qızlar üçün nikah yaşı 17-dən 18 yaşa qaldırılsın. Erkən ailə qurmalar bir sıra problemlər ortaya çıxarır. Eyni zamanda biz nikaha daxil olarkən sağlamlıq haqqında arayışın tələb olunmasını da qanuna daxil etməliyik. Biz, həmçinin övladlığa götürmə ilə bağlı yaş həddini də 29-a qaldırılmasını təklif edirik. Çünki mövcud qanunvericilikdə 16 yaşından yuxarı şəxslərin övladlığa uşaq götürülməsinə qadağa qoyulmur. Bu isə təbii ki, bir sıra problemlər yaradır”.

Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri Nurlanə Əliyeva qızların erkən nikaha daxil olmasının qarşısını almaq üçün maarifləndirmə işlərinin aparılmasını vacib sayıb. Onun sözlərinə görə, əsasən Sabirabad, Salyan və İmişli rayonlarında qızların erkən nikaha daxil olunması faktlarına rast gəlinir.

Deputat Məlahət İbrahimqızı nikaha daxil olarkən insanlardan tibbi arayışların tələb olunmasının zəruri olduğunu deyib. Onun sözlərinə görə, bu şərtə əməl olunarsa, gələcəkdə yeni doğulan uşaqların sağlamlığında yaranan problemlərin böyük bir hissəsindən yayınmaq mümkündür.

Talassemiya Mərkəzinin direktoru Azər Kərimov da ailə qurarkən sağlamlıq arayışlarının tələb olunmasının böyük əhəmiyyət kəsb etdiyini deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan 1000-dən artıq talassemiyalı xəstə var: “Onların 600-ü Bakıda, qalanları isə regionlarda yaşayırlar”.

Modelyer Fəxriyyə Xələfova da maraqlı təkliflə çıxış edib. O, sağlamlığın insanlar arasında bir dəbə çevrilməsinin mühüm olduğunu və bununla bağlı maarifləndirmə işlərinin aparılmasının zəruriliyini diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR