Bank Of Baku

Arif Hacılı: “Pənah Hüseyn Müsavat Partiyasının liderləri və siyasəti əleyhinə ardıcıl, sistemli mövqe sərgiləyir”

Arif Hacılı: “Pənah Hüseyn Müsavat Partiyasının liderləri və siyasəti əleyhinə ardıcıl, sistemli mövqe sərgiləyir”
# 07 may 2010 15:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Millət vəkili Pənah Hüseyn Müsavat Partiyası rəhbərliyinin, həmçinin Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının onun barəsində səsləndirdiyi ittihamlara münasibət bildirib. APA-ya açıqlamasında P. Hüseyn, adətən bu səviyyəli fikirlərə münasibət bildirməyə lüzum görmədiyini, lakin bunun A. Hacılının dilindən səsləndiyi üçün reaksiya verdiyini vurğulayıb: “Bu ona bənzəyir ki, biz Azərbaycanda azad seçkinin keçirilmədiyini, insan hüquqlarının pozulduğunu, jurnalistlərin təqib olunduğunu deyəndə, iqtidar bildirir ki, bununla, ermənilərə xidmət edirik, çünki ermənilər bundan istifadə edirlər. Amma bu o demək deyil ki, biz daha bunları danışmamalıyıq. Yaxud bir-iki il əvvəl Əvəz Temirxanla hələ aramızda salaməleyküm olanda mənim Milli Məclisdə ictimai rəydə müsbət qarşılanan çıxışım olmuşdu. Əvəz Temirxan da mənə dedi ki, bu cür çıxışlarımla və hərəkətlərimlə iqtidara xidmət edirəm. İndi Əvəz Temirxan belə düşünür deyə, mən Milli Məclisdə çıxış etməməli, qanunsuzluqlara qarşı mübarizə aparmamalıyam? Təəssüf edirəm ki, müxalifətin yuxarı eşelonuna daxil olan və kifayət qədər siyasi səviyyəli şəxslər də o qədər şablon ifadələr işlədir, o qədər qara yaxmaqla məşğul olurlar ki, bu, artıq müxalifətin əsas problemlərindən birinə çevrilib. Amma Pənah Hüseyn elə siyasi fiqurdur ki, belə məsələlərə əhəmiyyət vermir. Belə çamurlar mənə yapışan deyil”.

P. Hüseyn, ümumiyyətlə, bunun iş üslubuna, bir siyasi münasibətlər metoduna çevrilməsinə çox təəssüf etdiyini vurğulayıb: “Deməzdim ki, Arif bəyin fikirləri mənim üçün ümumiyyətlə təsirsizdir, maraqsızdır. Amma elə olur ki, bu cür fikirlərə şərh verməyə ehtiyac qalmır. Hər halda Arif bəyin bu səviyyədə fikirlər bildirməsinə mənim tərəfimdən ancaq təəssüf etmək qalır. Hesab edirəm ki, 2008 və 2009-cu ildə olduğu kimi aparılan siyasi kursun, təklif olunan platformaların doğru olub-olmaması bu parlament seçkilərində görünəcək. Sadəcə, mənim fikrim odur ki, müxalifətin seçkilərdə ciddi uğur qazanmaq perspektivi var. Hələ vaxt var, diqqəti bunun üzərində cəmləşdirib, hamıya aydın olan addımları atmaq lazımdır. Mənəvi, siyasi cəhətdən məsuliyyəti olan şəxslər bu addımları atmalıdırlar. Mən öz irəli sürdüyüm fikirlərin, konsepsiyanın doğru olduğuna əminəm”.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə APA-ya bildirib ki, P. Hüseyn bir tərəfdən Müsavat Partiyasını Azərbaycanın demokratik qüvvələrinin şansı adlandırsa da, digər tərəfdən, partiyanın liderləri və siyasəti əleyhinə ardıcıl, sistemli mövqe sərgiləyir. A. Hacılı qeyd edib ki, o, P. Hüseynin müxalifətin birliyinin olmaması barədə fikirlərinə münasibət bildirərkən, hakimiyyətin də təxminən bu tezisləri irəli sürdüyünü, Azərbaycanda müxalifətin ciddi fəaliyyət göstərə bilməməsini müxalifətin birliyinin olmaması ilə əsaslandırdığını deyib: “Hesab edirəm ki, müxalifətin yetərli dərəcədə birliyi var. Müsavat Partiyası olaraq Pənah Hüseynin də təmsil olunduğu DUİ ilə əməkdaşlıq münasibətlərindəyik. Növbəti mərhələdə AXCP ilə də əməkdaşlıq və birgə fəaliyyətə nail olmaq üçün müzakirələr aparmaq niyyətindəyik. Amma psevdomüxalifət qüvvələrinin, hakimiyyətin nəzarəti altında olan siyasi qüvvələrin müxalifət birliyi adı altında prosesə cəlb olunması işində Pənah Hüseynə yardımçı olmaq niyyətimiz yoxdur. Hesab edirəm ki, onun bu istiqamətdəki açıqlamaları faktiki olaraq müxalifətin birliyinə yox, nəticə etibarı ilə cəmiyyətdə müxalifətin birliyinin olmaması görüntüsünün yaranmasına xidmət edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR