Bank Of Baku

Azərbaycan prezident: “Ümid edirəm ki, biz bu təbii fəlakətin nəticələrini yaxın zamanlarda aradan qaldıracağıq” - FOTOSESSİYA

Azərbaycan prezident: “Ümid edirəm ki, biz bu təbii fəlakətin nəticələrini yaxın zamanlarda aradan qaldıracağıq” - <font color=red>FOTOSESSİYA</font>
# 12 may 2010 10:06 (UTC +04:00)
APA-nın məlumatına görə, çadır düşərgəsi ilə tanışlıq zamanı dövlət başçısına bildirilib ki, əhalinin ərzaq, içməli su və digər zəruri məhsullarla tam təmin olunması üçün bütün lazımi tədbirlər görülüb. Bu məqsədlə yaradılan anbarlarda kifayət qədər ərzaq ehtiyatı var.

Prezident çadır düşərgəsində müvəqqəti məskunlaşan sakinlərlə söhbət edib, onları dinləyib, qarşılaşdıqları çətinliklərlə maraqlanıb, problemlərin aradan qaldırılması üçün lazımi tapşırıqlar verdiyini bildirib: “Narahat olmayın, sizə hər cür kömək göstəriləcək. Sizin üçün burada hər cür şərait yaradılıb. Hər birinizə, hamınıza kömək ediləcək. Bir adam da köməksiz qalmayacaq. Sizi burada müvəqqəti məskunlaşdırıblar. Tapşırıq vermişəm ki, sizə yaxşı baxsınlar, yeməklə təmin etsinlər, tibbi xidmət göstərsinlər. Dağılmış evləriniz bərpa ediləcək, sizə kompensasiya ödəniləcək. Hamınız evinizə qayıdacaqsınız. Amma indi dözmək lazımdır ki, bu təbii fəlakətin fəsadları aradan qaldırılsın. Gərək bütün bəndlər təmir edilsin. Orada su qurudulmalıdır. Uçmuş evlər yenidən tikiləcək. Hansı evlər qəzalı vəziyyətdədir, təmir olunacaq. İndi sizin mülkiyyətiniz batıb gedib. Tapşırmışam ki, mülklərinizin mühafizəsi təşkil edilsin”.

Sakinlər qaçqın olarkən Heydər Əliyevin onlara dayaq olduğunu bildiriblər. Onlar prezident İlham Əliyevin də qaçqınlara hər cür diqqət və qayğı göstərdiyini vurğulayıblar. Dövlət başçısı qaçqınların yaşayış vəziyyətini yaxşılaşdırmaq üçün bütün tədbirlər görüldüyünü bildirib: “Dövlət proqramı qəbul edilib, bütün imtiyazlar yerində qalır. İşıq, qaz, bütün kommunal ödəmələr - siz ondan azadsınız. Növbəti mərhələdə yeni proqramlar həyata keçiriləcək. Ciddi tapşırıq vermişəm ki, hər bir vəzifəli şəxs qaçqınlara, köçkünlərə kömək olmalıdır, onlara dəstək verməlidir, onları incitməməlidir, onları yerindən tərpətməməlidir. Ona görə arxayın ola bilərsiniz. İndi isə əsas vəzifə odur ki, bu təbii fəlakətin fəsadlarını tezliklə aradan qaldıraq və əziyyət çəkən insanlara kömək edək”.

Prezident sonra tibb məntəqəsində yaradılan şəraitlə tanış olub. Səhiyyə naziri Oqtay Şirəliyev yaranmış vəziyyətlə əlaqədar əhaliyə göstərilən tibbi xidmət barədə dövlət başçısına məlumat verib, burada epidemioloji vəziyyətə ciddi nəzarət olunduğunu bildirib.

Azərbaycan prezidenti çadırlarda insanlar üçün yaradılmış şəraitlə də tanış olub.

Dövlət başçısına məlumat verilib ki, Kür çayında daşqınlardan zərər çəkən Sabirabad sakinlərinin Şirvan şəhərində müvəqqəti məskunlaşdığı çadır düşərgəsində 1500 nəfərə qədər insan yerləşdirilib. Burada qurulan 176 çadıra Sabirabadın 9 kəndinin, əsasən Dadaşbəyli və Qaragünə kəndlərinin sakinləri köçürülmüş və zərərçəkənlərin dəqiq qeydiyyatı aparılıb.

Sonra prezident İlham Əliyevin sədrliyi ilə səyyar müşavirə keçirilib. Dövlət başçısı müşavirəni açaraq, təbii fəlakətin qarşısının alınması üçün bütün lazımi tədbirlərin görüldüyünü deyib: “Mayın 7-də Bakıda mənim sədrliyimlə müşavirə keçirildi, bütün lazımi göstərişlər verildi. Hesab edirəm ki, bütün aidiyyəti qurumlar çox səmərəli işləyirlər. Biz görülən tədbirlər nəticəsində daha da böyük bəladan özümüzü qurtara bildik. Deyə bilərəm ki, bu təbii fəlakət son illər, bəlkə də onilliklər ərzində misli görünməmiş dərəcəyə çatıb. Əlbəttə ki, biz bu gün ilk növbədə, bu fəlakətin fəsadlarını aradan qaldırmalıyıq. Bununla bərabər, əziyyət çəkən bütün insanların yaşayış səviyyəsini normallaşdırmaq üçün onlara əlavə qayğı da göstərilməlidir.

Mənə verilən məlumata görə, bu sahədə lazımi tədbirlər görülür, insanların köçürülməsi, onların müvəqqəti məskunlaşdırılması, yeməklə, ərzaqla, tibbi xidmətlə təmin edilməsi məsələləri operativ şəkildə həll olunur. Bu, çox müsbət haldır. Bu onu göstərir ki, bizim bütün qurumlarımız istənilən şəraitdə, hətta təbii fəlakət zamanı öz işlərini lazımi səviyyədə qura bilirlər.

Bu gün səhər köçürülən əhali ilə görüşdə bir daha onların dilindən eşitdim ki, onlar yaradılmış şəraitdən çox razıdırlar. Mən gördüm ki, bu fikirlər səmimi söylənilir. Mən bura gəldim ki, vəziyyətlə tanış olum. Ən əsası əlavə hansı tədbirlər görülməlidir, biz bunu müzakirə etməliyik. Yəqin ki, insanların müvəqqəti məskunlaşması üçün lazım olan əlavə tədbirlərin görülməsi barədə də təkliflər veriləcək. Bizim fəaliyyətimiz indiki şəraitdə bu iki istiqamətdə aparılmalıdır.

Bir daha demək istəyirəm, bütün müvafiq göstərişlər verildi, bütün aidiyyəti orqanlar səmərəli işləyirlər, gecə-gündüz işləyirlər və mən bunu yüksək qiymətləndirirəm. Nə mümkünsə, onu biz maksimum edirik və edəcəyik. Bu işlərdə bütün qurumlar vahid idarəçilik formatında işləməlidirlər. Nazirliklər, bütün dövlət qurumları, yerli icra orqanlarının nümayəndələri - hamımız birlikdə çalışmalıyıq. Çünki bu bizim ümummilli işimizdir. Bu vaxta qədər heç zaman ölkənin ərazisinin böyük bir hissəsi belə təbii fəlakətə məruz qalmayıb. Qısa bir müddət ərzində qırxdan çox rayonda subasma və sürüşmə halları baş verib. Bu, çox böyük təbii fəlakətdir və biz maksimum səmərə ilə bu vəziyyətdən çıxa bilirik.

Onu da xüsusi qeyd etməliyəm ki, indiki şəraitdə dünyanın müxtəlif yerlərində bu günlərdə və bu gün də davam edən təbii fəlakətlər müşahidə olunur. Qonşuluğumuzda, başqa qitələrdə daşqınlar, sel suları, leysan yağışları insanlara böyük problemlər yaradır və ölüm hadisələri çox geniş vüsət alıb. Ancaq Allaha şükürlər olsun ki, Azərbaycanda bu sahədə maksimum tədbirlər görüldü, biz insanları qoruya, onları vaxtında köçürə, fəlakətə məruz qalmış yerlərdə görülən operativ tədbirlər nəticəsində insanların sağlamlığını maksimim dərəcədə təmin edə bildik.

Burada da bütün lazımi şərait yaradılıb, ərzaqla təminat yaxşıdır, gündə 3 dəfə isti yemək verilir, tibbi xidmət göstərilir və insanların bütün problemləri maksimum dərəcədə həll olunur. Əlbəttə ki, bu çöl şəraitində bunu təşkil etmək o qədər də asan məsələ deyil. Amma nə mümkünsə, biz bunu burada operativ qaydada edirik. İnsanların məskunlaşdıqları yerlərdə qərargahlar qurulub və lazımi tədbirlər görülür.

Bir daha demək istəyirəm ki, indiki şəraitdə bu gün və bundan sonrakı günlərdə, ilk növbədə bütün lazımi sahilbərkitmə işləri aparılmalıdır. Bəndlər bir neçə yerdən yarıldı, bunun nəticəsində subasma halları, həm qrunt suları, həm Kürün suyu - çay suları daha da çoxaldı. Bütün bu təbii fəlakətlər bir daha onu göstərir ki, bəzi hallarda insanlar bunun qarşısında aciz olurlar. Amma biz imkanlarımızı maksimum dərəcədə səfərbər etdik və edirik ki, bu fəlakətin fəsadlarını tezliklə aradan qaldıraq.

Ona görə sahilbərkitmə, bəndbərkitmə işləri sürətlə davam etdirilməlidir. Bütün texnika var. Əgər əlavə texnikanın göndərilməsi üçün ehtiyac olarsa, biz onu da edərik. Kifayət qədər canlı qüvvə var. Ancaq bu gün mən göstəriş verdim ki, əlavə canlı qüvvə göndərilsin. Çünki buna ehtiyac var. Biz əlbəttə ki, kənd sakinlərini bu işlərə cəlb edirik. Amma onların başı öz problemlərinə qarışıb. Onlar bu şəraitdə öz ailələrinə kömək etməlidirlər. Onları sahilbərkitmə işlərinə kütləvi qaydada cəlb etmək hesab edirəm ki, o qədər də düzgün olmaz. Bu, könüllü şəkildə olmalıdır. Bizim kifayət qədər canlı qüvvəmiz var. İnsanlara qayğı göstərilməlidir. Onların bütün məişət problemləri mümkün qədər həll olunmalıdır.

Bundan sonrakı dövrdə, - bu barədə də biz keçən dəfə müşavirədə danışmışıq, - kompleks tədbirlər planı tərtib edilməli, hazırlanmalı və icra olunmağa başlamalıdır ki, gələcəkdə biz özümüzü belə fəlakətdən daha da böyük uğurla qoruya bilək. Hesab edirəm ki, yaxın zamanlarda biz bu planı təsdiqləyəcəyik. Eyni zamanda, vəziyyət sabitləşəndən sonra dəymiş bütün ziyan hesablanmalıdır. Biz təkcə uçan evlərin bərpası ilə işimizi bitmiş hesab edə bilmərik. Çünki orada təkcə evlər batmayıb, bütün həyət təsərrüfatı, bütün mülkiyyət, şəxsi mülkiyyət dağılıb. İnsanların, necə deyərlər, dolanışıq mənbəyi artıq məhv olub. Biz onları köçürdük, qaytardıq, evləri bərpa etdik, bəs onlar necə yaşayacaqlar? Yəni bütün bu məsələlər kompleks şəkildə həllini tapmalıdır. Bu gün tərk edilmiş o evlər lazımi səviyyədə qorunur.

Azərbaycan dövləti, bütün aidiyyəti qurumlar nə mümkündür, onu edirlər. Biz hesab edirdik ki, son iki-üç gün ərzində suyun səviyyəsi düşməyə başlayıb, artıq hava şəraiti də yaxşılaşdı. Hesab edirdik ki, əsas böhranlı anlar artıq geridə qalıb. Amma dünən axşam bəndin yarılması nəticəsində əlavə sahələr suyun altında qaldı. İndi yenə yağışlar başladı, leysanlar başlayır, dağlarda əvvəlki illərdə görünməmiş həcmdə qar, buzlaşma müşahidə olunur. İndi o buzlar, o qarlar əriyəcək. Əridikcə yenə sel sularının gəlməsinə səbəb ola bilər. Yəni, biz hesab etməməliyik ki, bu gün artıq böhran arxada qaldı. Gələcəkdə də bu təkrar oluna bilər.

Ona görə mən bir daha demək istəyirəm, Azərbaycanda indi elə idarəçilik sistemi yaradılıb ki, hər bir qurum və hər bir qurumun rəhbəri istənilən anda öz vəzifə borclarını bilir və çalışır ki, onları şərəflə yerinə yetirsin. Görülən tədbirlər bir daha onu göstərdi ki, bütün bu hadisələri qabaqcadan proqnozlaşdırmaq mümkün deyil. Buna baxmayaraq, biz bu fəlakətlə üzləşəndə dərhal operativ tədbirlər görüldü və bu gün də bu tədbirlər görülür.

İndi isə biz baxmalıyıq ki, birincisi nə edilib. Əlavə nə etmək lazımdır və proqnoz nədən ibarətdir ki, biz insanları nə vaxt öz yaşadıqları yerlərə qaytara bilək”.

Sonra baş nazirin müavini Abid Şərifov təbii fəlakət nəticəsində insan tələfatının baş verməməsi üçün dövlətimizin başçısının tapşırığına əsasən, ilk növbədə görülən təxirəsalınmaz tədbirlər barədə məlumat verib: “Siz tapşırmışdınız ki, birinci növbədə, insanların özləri, onların mal-qarası və s. qorunsun. Buna görə də Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən müavinlər səviyyəsində yaradılmış qərargah 24 saat ərzində fəaliyyət göstərir, əhalinin köçürülməsi ilə məşğul olurlar. Bu günə qədər insanlar tam sağ-salamat, eyni zamanda, mal-qarası ilə birlikdə heç bir tələfatsız köçürülüblər.

Tapşırığınıza uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən buraya motorlu kiçik rezin qayıqlar gətirilib. Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin mütəxəssisləri əhalisi köçürülən qəsəbə və kəndlərdəki evlərin hamısını 24 saat ərzində çox ciddi şəkildə mühafizə edirlər. Daxili İşlər Nazirliyinin 500, Fövqəladə Hallar Nazirliyinin isə 600-dən çox əməkdaşı qəsəbələrin, kəndlərin mühafizəsi ilə məşğuldur. Bu işlər davam edir.

O ki qaldı bəndlərin bərpası, mühafizəsi ilə bağlı məsələyə, bildiyiniz kimi, mayın 7-də baş verən birinci hadisə zamanı Kürə yaxın bəndin 100 metr uzunluğunda hissəsi uçub. Orada Kürün dərinliyi, haradasa 18 metrə yaxındır. O bəndin eni təqribən 6-8 metrdir. İkinci bənd 65 metr aralıdadır. O, torpaq bənddir, böyük təzyiq nəticəsində bu bənd də uçub. Bunun nəticəsində, hesablamalara görə, gün ərzində Kürdən üzü qəsəbələrə 25 milyon kubmetr su axır. Yəni 4 gün ərzində 90 milyon kubmetr su, - mən nə üçün azaltdım, səbəbini izah edəcəyəm, - axıb həmin qəza yerlərinə. Təqribən suyun səviyyəsi 2 metr, çox az hallarda 2 metr yarımdır. Buna baxmayaraq, tələb olunur ki, mühafizə tədbirləri maksimum səviyyədə görülməlidir.

Birinci gündən, yəni ayın 7-dən işlər 24 saat ərzində təşkil olunub. Bəndlərin bərpasında “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin, “Azərkörpü”, “Azərenerji” şirkətlərinin, eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin qüvvələri iştirak edirlər. Bəndlərin bərpasında, harada ki, əl ilə iş gedir, bu işləri Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin mindən çox mütəxəssisi ümumi nəzarət altında həyata keçirirlər.

Birinci hadisə zamanı uçmuş bəndlə əlaqədar deməliyəm ki, biz onu sabah saat 2-3-ə qədər bərpa etməyə çalışırıq. Mən rəqəmlə desəm, yəqin daha düzgün olardı. Bu bəndin möhkəmlənməsi və bərpası üçün 4 gün ərzində “Meliorasiya və Su Təsərrüfatı” ASC, Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri, Bakıdan olan bəzi müəssisələr, rayon icra hakimiyyətləri və inşaat şirkətləri tərəfindən təqribən 1000-ə yaxın böyük maşın səfərbər olunub. Bunun nəticəsində birinci bəndin uçmuş hissəsinin 120 metri artıq bərpa olunub. 260 metrdən 50 metr qalıb. Çalışırıq ki, bu gecə problem olmasa, həmin hissənin bərpasını sabah saat 2-3-ə qədər başa çatdıraq, şəhərə, qəsəbələrə axan suyun qarşısı alınsın.

Azərbaycanın tarixində heç vaxt bu rəqəm alınmayıb ki, 1 saniyədə 2400 kubmetr su keçsin. Belə şey olmayıb. Ən maksimal olub 2100, 1950 kubmetr. İkinci çətinlik ondan ibarətdir ki, istər Kürdə, istər Arazda, eyni zamanda suyun qalxması, çoxalması müşahidə olunur. O yerlərdə ki, bənd tikilir, əvvəlcə oraya bataqlığın içi ilə 2-2,5 kilometrə qədər yol çəkilib. Hər bir maşın 400 metr məsafəni arxaya gedir. Bunlar çətinlik yaradır.

Bizim fikrimizcə bənddən axan selin qarşısı alınandan sonra biz yığılan suyu çəkməyə və evləri inventarlaşdırmağa başlayacağıq. Fövqəladə Hallar Nazirliyi artıq ehtiyatını görüb, nasoslar və s. texnikanı tədarük edib.

Mən birinci növbədə o evlərin durumu barədə məruzə etmək istəyirəm. Kənd yerlərində əksər evlər çiy kərpicdən tikildiyinə görə su dəydisə sökülməlidir. Yəqin ki, belə evlərin bərpası ilə bağlı Sizə məruzə edəndən, Sizdən tapşırıq alandan sonra işə başlamalıyıq. O evləri bərpa etmək qeyri-mümkündür, onlar sökülməlidir”.

Prezident İ. Əliyev bundan sonra çiy kərpicdən heç kimin özü üçün ev tikməməsinə nəzarət edilməli olduğunu deyib.

A. Şərifov vəziyyətin çox ciddi olduğunu bildirib.

Bunun ardınca fövqəladə hallar naziri Kəmaləddin Heydərov görülən tədbirlərlə bağlı dövlət başçısına məruzə edib: “Fövqəladə Hallar Nazirliyinin, təxminən 2 min nəfər şəxsi heyəti və 700-ə qədər texnikası bu bölgədə, bir də Saatlı, Neftçala, Salyan, Kürdəmir, Zərdab zonalarında çalışır. Ümumiyyətlə, səfərbərlik burada tam təmin olunub. Çadır şəhərciyində mayın 10-dək 9 kəndin sakinlərinin məskunlaşdığını qeyd edən nazir mayın 11-də Mürsəlli, Ulacalıdan 325 ev, Şıxlardan isə 130 evin sakinlərinin burda məskunlaşdırıldığını diqqətə çatıdırb: “Bulduqdan hələ çıxan yoxdur. Cəmi 605 ev mayın 10-dakı dünənki hadisə ilə bağlı çıxarılıb. Ondan qabaq 9 kənddə - Qaragünə 371 ailə, Dadaşbəylidə cəmi 4 evi su basmışdı, amma kəndin bütün əhalisi çıxdı. Çöldəlləkdə su yoxdur. Bu çadır şəhərciyində 1300-ə qədər adam məskunlaşıb. Çoxları deyir ki, qohumlarının evlərində yaşamaq istəyirlər. Şəraiti olanlar digər kəndlərdə qohumlarının evlərinə gedirlər. Cənab Prezident, tapşırıq məlumdur. İstiqaməti verdiniz. Biz uçmuş birinci bəndin bərpasını bu gecə başa çatdırmağı nəzərdə tutmuşuq. Abid müəllimin bildirdiyi kimi, biz bunu ehtiyatla deyirik, amma sabah günortaya qədər birinci bəndin bərpasını başa çatdıracağıq”.

Daha sonra daxili işlər naziri Ramil Usubov təbii fəlakət zonasında həyata keçirilən mühafizə tədbirləri barədə danışıb: “Ayın 7-dən sonra Sizin tapşırığınız əsasında bütün şəxsi heyət səfərbər olunub. Tapşırığınız əsasında bütün nazirliklərlə əlaqəli şəkildə işləyirik. Dünənə kimi biz buraya Daxili Qoşunlardan 650 nəfər, 400 nəfər də polis işçisi cəlb etmişdik. Bu gün isə əlavə göstəriş oldu ki, qüvvələrimizi artıraq. Bu gün axşama şəxsi heyəti 1500 nəfərə çatdıracağıq.

Polis əsasən mühafizə ilə məşğuldur. Daxili Qoşunların şəxsi heyəti isə Fövqəladə Hallar Nazirliyi ilə birgə bəndbərkitmə işlərində istifadə edir. Sizi tam əmin edə bilərəm ki, mühafizədə, həmçinin də bəndin bərkidilməsində daxili işlər orqanlarının şəxsi heyəti yaxından iştirak edir və bu işi davam etdirəcək. Həmçinin yollarda hərəkətin təhlükəsizliyi ilə bağlı məsələlər həll olunur. Burada, eyni zamanda, bəndbərkitmə işlərində istifadə olunan daşların və beton alətlərin daşınmasına da kömək edirik”.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə isə bildirib ki, təkcə Salyan məntəqəsindən 13 milyard kubmetr su keçib. Əvvəlki ilin həmin dövründə isə bu həcm cəmi 5 milyard kubmetr olub: “Yəni, bu rəqəmlər bu ilin, doğrudan da, ağır olmasını göstərir. Amma bu ilin ağır olmasının əsas səbəblərindən biri də o olub ki, həmişə bizdə Araz aprel, Kür isə maydan başlayır daşmağa. Amma bu il nədənsə bunlar payızdan necə başlayıblarsa elə gedirlər. Hər ikisində güclü və gur su var. Sahilbərkitmə işləri, əsasən dağ çaylarında aparılır. Dağ çaylarında, əsasən dəmir-beton, daş-beton konstruksiyalarından aparılır. Orada bizim problemimiz olmur, onlar daha davamlı, daha da yaxşıdır.

Amma ta qədimdən Azərbaycanda Kür və Araz çaylarının kənarında torpaq vallar vurulub, adı da qoyulub bənd. Əslində götürəndə bunlar bənd deyil, adi torpaq valdır. Bu il həmin torpaq val 7 aydır ki, suyun içindədir. Həmin torpaq bəndlər horra şəklinə düşüb. Onun saxlanması çətindir. Sızma artan kimi açılır. Məsələn, dünən axşamkı hadisə heç nədən baş verdi. Bu möhkəm tikilmiş bənd idi. Əslində götürəndə bu, bənd deyil, torpaq valdır. Gərək biz onun konstruksiyası barədə fikirləşək. Heç olmasa, böyük yaşayış məntəqələrində, böyük şəhərlərdə biz yavaş-yavaş bu tədbirə keçməliyik”.

Səhiyyə naziri Oqtay Şirəliyev isə səhiyyə xidmətlərinin təşkili ilə bağlı görülən işlər barədə danışıb: “Cənab Prezident, Sizin tapşırığınızla Bakı şəhərinin bütün səhiyyə müəssisələrindən, bir sıra rayonlardan tibb işçiləri buraya səfərbər olunub, proqram hazırlanıb. Əsas odur ki, təbii fəlakətdən sonra xəstəliklərin qabağını alaq. Burada səhiyyə ilə bağlı heç bir problem yoxdur”.

Təhsil naziri Misir Mərdanov təbii fəlakət zonasında zərər çəkən uşaqların tədris prosesinin təşkili ilə bağlı bütün tədbirlərin görüldüyünü bildirib.

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev də həyata keçirilən tədbirlərlə bağlı dövlət başçısına məlumat verib: “Bu sahədə işə ümumiyyətlə, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının bizə müraciətinə əsasən başladıq. Çünki onun müraciəti ona əsaslanırdı ki, Şirvanda “Cənub” elektrik stansiyasının tikintisində olduqca böyük qüvvə var, böyük xüsusi texnika işləyir, yəni onunla bağlı bizə müraciət etdi. Ayın 3-də birinci dəfə müraciəti oldu. Biz dərhal reaksiya verdik, bir qədər texnika ayırdıq. Ayın 4-də yenidən müraciət etdi, texnikanın sayını artırdıq. Ayın 5-dən isə biz tam şəkildə işə qoşulduq və Şirvan şəhəri ətrafında bənd salınması işlərinə başladıq. Bunun da nəticəsində əsas təhlükə gözlənilən Bayramlı və Hacı Qəhrəmanlı qəsəbələrində görülmüş böyük bəndsalma işlərinə görə Şirvan şəhərinə və qəsəbələrə su daxil olmadı.

Ayın 7-dən səhər tezdən böyük bir qüvvə ilə bəndin aşmış hissəsində işə başladıq. Bizim hesablamalarımıza görə, hazırda bəndin yarılmış hissəsindən sahələrə axmış suyun miqdarı 150 milyon kubmetrə bərabərdir. Müqayisə üçün deyə bilərik ki, bu, təxminən Yenikənd su anbarının tutumuna bərabərdir. Yəni Yenikənd su anbarının tutumu qədər su ancaq birinci bənddən sahələrə axıb”.

Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı Heydər Abbasov dövlət başçısının tapşırığına əsasən, təbii fəlakət zonasından köçürülən əhalinin yerləşdirilməsi, onların problemlərinin həlli, o cümlədən bəndlərin tikintisi və bərpası ilə bağlı tədbirlərin davam etdirildiyini deyib.

Yekun nitqi ilə çıxış edən prezident bütün lazımi tədbirlərin görüldüyünü, bütün göstərişlərin verildiyini bir daha vurğulayıb: “Elə etməliyik ki, maksimum dərəcədə bütün gücümüzü daha da səfərbər edib bu çətin vəziyyətdən çıxaq. Əminəm ki, buna nail olacağıq. Çünki biz bu işlərə bu qədər diqqət göstəririk və indi burada bu qədər insan çalışır, əlbəttə əminəm ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması işində uğur qazanacağıq.

Bir daha demək istəyirəm ki, bütün məmurlar, vəzifəli şəxslər, nazirliklər, dövlət qurumları, yerli icra orqanları bir komanda şəklində işləməlidirlər. Hərəsi öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir. Bütün qüvvələr səfərbər olunmalıdır ki, biz bu fəlakətin qarşısını alaq. Bayaq qeyd etdiyim kimi, bundan sonra daha da dəqiq iş bölgüsü aparılmalıdır ki, biz özümüzü tam şəkildə, maksimum dərəcədə belə təbii fəlakətlərə hazırlaya bilək. Nə qədər ki, bu insanlar burada məskunlaşıblar, onlara maksimum diqqət, qayğı göstərilməlidir. Başlanan bütün bu təşəbbüslər davam etməlidir. İnsanlar yeməklə, ərzaqla təmin olunmalı, onlara tibbi xidmət göstərilməlidir. Uşaqların avtobuslarla məktəblərə aparılmasını, köçürülən kəndlərin məktəblərinin müəllimlərini burada işlə təmin etməliyik. Bütün sosial məsələlər həll olunmalıdır. Sahilbərkitmə işləri davam etdirilməlidir. Ümid edirəm ki, biz bu təbii fəlakətin nəticələrini yaxın zamanlarda aradan qaldıracağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR