Bank Of Baku

Azərbaycanın bəzi müxalifət partiyalarının sədrləri dörd partiya liderinin görüşünü birmənalı qarşılamır

Azərbaycanın bəzi müxalifət partiyalarının sədrləri dörd partiya liderinin görüşünü birmənalı qarşılamır
# 20 may 2010 11:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Müxalifət partiyaları arasında görüşlərin keçirilməsini normal qiymətləndirirəm və nə qədər çox görüşəcəklərsə, bir araya gəlmək imkanı o qədər genişlənəcək”. Bunu APA-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə ötən gün 4 müxalifət partiyası rəhbərinin görüşünə münasibət bildirərkən deyib. İ. Ağazadə bildirib ki, rəhbərlik etdiyi partiya hətta özü təmsil olunmadığı bütün birliklərin tərəfdarıdır: “Amma bir şərtlə... Kimsə Ümid Partiyası olmayan yerdə “müxalifət tam birləşdi” deməyə çalışmasın. Azərbaycan müxalifətinin birliyi Ümid Partiyasının da olduğu yerdədir. Ümid olmayan yerdə müxalifətin tam birlik mənzərəsi yoxdur”. İ. Ağazadə Ümid Partiyasının da bu danışıqlarda iştirak etməsi ilə bağlı hər hansı təklif olmadığını qeyd edib: “Əgər dəvət edəcəklərsə, cəmiyyətin və partiyanın mövqeyini ölüb-biçib qərar verəcəyik”.

Azadlıq Partiyasının sədri Əhməd Oruc isə APA-ya bildirib ki, bu görüşdə iştirak edən şəxslər sadəcə təşkil olunmuş çay süfrəsində bir araya gəliblər: “Mirmahmud bəy bizə bildirdi ki, çay süfrəsinə dəvət edilib. Orada ancaq çay içiblər. Bu görüşdən uzağa gedən heç bir nəticə gözləmirəm. DUİ-nin bu ilin əvvəlindən təşəbbüsü olub ki, “Azadlıq” bloku DUİ və Müsavat Partiyası arasında məsləhətləşmə aparılsın. Sonradan bu alınmadı, aylarla süründürdülər. Müsavatla DUİ arasında müəyyən razılaşmalar olandan sonra yenidən belə bir cəhd göstərməyi prosesləri qarışdırmaq kimi qiymətləndirirəm. Bu, əldə olunan razılaşmalara çay süfrəsi arxasında qeyri-ciddi görkəm verməyə hesablanıb. Guya hamı birlik tərəfdarıdır, amma heç bir birlik yaranmır”.

Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan APA-ya deyib ki, AXCP sədri Əli Kərimliyə Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları ilə müzakirələr aparmaq üçün “Azadlıq” bloku tərəfindən mandat verilib: “Bu kontekstdə hesab edirik ki, bu normal bir görüşdür. Müxtəlif əməkdaşlıq formaları var və hesab edirik ki, bu danışıqlar nəticəsində hər hansı əməkdaşlıq imkanları yarana bilər. Əgər “Azadlıq” blokunda təmsil olunan partiyaların hər üçünün seçkilərdə iştirak edəcək birinci şəxslərinin namizəd olduğu dairələrdən həmin partiyalar namizəd irəli sürməzsə, hesab edirəm ki, blokda olan partiyalar da həmin partiyaların birinci şəxslərinə alternativ namizəd irəli sürməməlidirlər”.

Qeyd edək ki, ötən gün Müsavat başqanı İsa Qəmbər, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu görüş keçiriblər. Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, müxalifət durumu, qarşıdan gələn parlament seçkilərində müxalifətin iştirak perspektivləri və digər məsələlərə müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR