Bank Of Baku

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb
# 22 may 2010 21:02 (UTC +04:00)
İcma bəyan edir ki, bu “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyasını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur və Dağlıq Qarabağın əzəli əhalisi olan azərbaycanlı icması üzvlərinin seçki hüquqlarını nəzərə almır.

APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, bəyanatda qeyd olunub ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan qovulmuş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından, bölgənin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin olunmasından sonra keçirilə bilər.
Ermənistan beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinə zidd olaraq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarlarını inkar edərək artıq neçənci dəfədir ki, Azərbaycanın işğal altındakı ərazilərində belə “seçkilər” təşkil edir.

Bütün dünyaya bəllidir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış separatçı rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş qanunsuz qurumdur. Məhz buna görə beynəlxalq təşkilatlar, dünya ölkələri Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə Dağlıq Qarabağda keçirdiyi bu cür qondarma “seckiləri” tanımır.

Ermənistanın öz qanunsuz hərəkətləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarına, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüslərinə və icmalar arasındakı dialoq imkanlarına köklü zərbə vurur.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ümidvar olduğunu bildirir ki, Ermənistanın qeyri-konstruktiv hərəkətləri beynəlxalq birlik tərəfindən kəskin şəkildə qınanılacaq, bu ölkənin işğalçı siyasətinə son qoyulması üçün ən təsirli tədbirlər görüləcəkdir.

Biz inanırıq ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında ədalətli həllini tapacaq, azərbaycanlı əhali öz doğma torpaqlarına qayıdacaq və bölgənin iki icması arasında dinc yaşayış təmin olunacaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR