Bank Of Baku

AVCİYA parlament seçkiləri ilə bağlı fəaliyyət proqramını açıqlayıb

AVCİYA parlament seçkiləri ilə bağlı fəaliyyət proqramını açıqlayıb
# 26 may 2010 09:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bu il keçiriləcək parlament seçkiləri ilə bağlı fəaliyyət proqramını açıqlayıb. APA-nın məlumatına görə, cəmiyyətin vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, iyunun 1-dən icrasına başlanacaq fəaliyyət proqramında seçkilərlə əlaqədar ən müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur: “Əsas məqsəd ölkədə vətəndaş cəmiyyətinin inkişafına yardım etməkdən ibarətdir. Vətəndaş cəmiyyəti azad və ədalətli seçkilər keçirilən ölkələrdə mövcud olur. Azərbaycanda seçkidən seçkiyə inkişaf göz qarşısındadır və builki seçkilərin də istisna olmayacağını düşünürük”.

V. Əlibəyov adları seçici siyahısında olmayan seçicilərin adlarının siyahıya salınması istiqamətində fəaliyyət göstərəcəklərini də söyləyib. O, seçkilərdə “exit-poll” keçirilməsi ilə bağlı hələlik konkret qərarın olmadığını deyib: “Bu barədə müzakirələr davam edir, yəqin ki, yaxın vaxtlarda buna aydınlıq gətiriləcək”.

AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə mart ayından seçki hazırlıqlarına başladıqlarını vurğulayıb. O, yerlərdə seçki fəallığının artırılması üçün seminarlar, müşahidəçilər üçün treninqlər, monitorinqlər, seçki maarifçiliyi həyata keçiriləcəyini açıqlayıb: “Səsvermə prosesi də müşahidə ediləcək və bu müşahidəçilik bir neçə istiqamətdə olacaq. KİV-in fəaliyyəti, seçkinin KİV-də işıqlandırılması ilə əlaqədar monitorinq də olacaq. Bundan başqa MSK-nın fəaliyyətinin, imzatoplama kampaniyasının monitorinqi aparılacaq və aralıq hesabatlar hazırlanacaq. Seçki günü AVCİYA-nın Seçki Qərargahının 5 dəfə məlumatı açıqlanacaq. Bunlar seçici fəallığı və qanun pozuntuları ilə bağlı məlumatlar olacaq”.

M. Zülfüqarlı seçki sistemi mövzusunda araşdırmanın nəticəsi olaraq Azərbaycan üçün ən uyğun seçki sisteminin majoritar sistem olduğunu vurğulayıb. Seçki komissiyalarının tərkibinə gəldikdə, o, seçki komissiyalarının partiyaların inhisarından çıxarılmasının vacib olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR