Bank Of Baku

Siyasi partiyalar İsrailin Türkiyədən Qəzzaya yola çıxan humanitar yük gəmilərinə silahlı basqını ilə bağlı etiraz bəyanatları yayıblar

Siyasi partiyalar İsrailin Türkiyədən Qəzzaya yola çıxan humanitar yük gəmilərinə silahlı basqını ilə bağlı etiraz bəyanatları yayıblar
# 01 iyun 2010 14:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Aydınlar Partiyası İsrailin Türkiyədən Qəzzaya yola çıxan humanitar yük gəmilərinə silahlı basqınla bağlı etiraz bəyanatı verib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda Aydınlar Partiyası insan tələfatı ilə bağlı Türkiyə hökumətinə və xalqına başsağlığı verdiyini bildirib və yaralı türk vətəndaşlarının həyatının xilası üçün zəruri və təcili addımların atılmasına çağırıb. Partiya mülki şəxslərə qarşı bu hərəkətləri pisləyib, baş verənləri İsrail silahlı qüvvələrinin beynəlxalq hüququ pozması və insanlığa qarşı cinayət kimi qiymətləndirib. Bəyanatda bildirilir ki, İsrail bu cinayətə görə beynəlxalq ictimaiyyətə rəsmi izahat verməli, günahkarlar beynəlxalq hüquqa uyğun şəkildə cəzalandırılmalıdır.

Aydınlar Partiyası beynəlxalq ictimaiyyəti İsrailin bu hərəkətinə adekvat qiymət verməyə və sanksiyalar tətbiq etməyə çağırıb.

Azərbaycan Milli İstiqlal Partiyası da Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə İsrail Silahlı Qüvvələri tərəfindən açıq dənizdə hücum faktını pisləyən bəyanat yayıb. Bəyanatda bildirilir ki, “bu bədnam əməliyyatı həyata keçirənlər öz hərəkətləri ilə bəşəriyyətə, insanlığa, sülhə və təhlükəsizliyə düşmən olduqlarını bir daha sübuta yetirmiş oldular”.

AMİP hesab edir ki, blokadaya salınaraq hər cür məhrumiyyətlərə və çətinliklərə salınmış Qəzza bölgəsində yaşayan insanlara kömək əlini uzadan beynəlxalq humanitar təşkilatlara qarşı İsrail hərbçilərinin amansız davranışı ali dəyərlərin, eləcə də, hamılıqla qəbul edilmiş hüquq normalarının və prinsiplərin tapdanması deməkdir.

“İsrail Silahlı Qüvvələrinin “Azadlıq karvanı”na quldurcasına basqını beynəlxalq aləmlə hesablaşmamaq və insanlığa qarşı qəsd kimi dəyərləndirilməli və təcavüzkarın qarşısı dərhal alınmalıdır. Partiya dünya birliyinin baş verən zorakılığa biganə qalmayacağına, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün daha sərt və qətiyyətli addımlar atacağına ümid edir. AMİP eyni zamanda İsrail dövlətinin beynəlxalq ictimaiyyətdən, o cümlədən də Böyük Türk xalqından törətdiyi cinayətkar əməllərinə görə tezliklə üzr istəməsini tələb edir”.

Ümid Partiyası Rəyasət Heyətinin toplantısında da Aralıq dənizində baş verən bu hadisəyə münasibət bildirilib. Rəyasət Heyətinin üzvləri yekdilliklə İsrail dövlətinin humanitar gəmilərə basqını pisləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR