Bank Of Baku

Milli Məclisin elm və təhsil komitəsinin iclası keçirilib

Milli Məclisin elm və təhsil komitəsinin iclası keçirilib
# 04 iyun 2010 09:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Milli Məclisin elm və təhsil komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda komitə sədri Şəmsəddin Hacıyev “Təhsil haqqında” qanuna nəzərdə tutulan əlavə barədə məlumat verib. Onun sözlərinə görə, əlavəyə əsasən, özəl ali təhsil müəssisələri elmi tədqiqatlarla məşğul olması üçün qrantların ayrılması ilə bağlı müddəa nəzərdə tutulur: “Özəl təhsil müəssisələri elmi tədqiqatla məşğul olmalı və bunun üçün də maliyyə vəsaiti olmalıdır. Özəl təhsil müəssisələrinin gəlir mənbəyi əsasən təhsil ödənişləridir. Mən hesab edirəm ki, bu əlavənin edilməsi elmi potensialdan düzgün istifadə edilməsinə ciddi təkan verəcək”. Ş. Hacıyev qeyd edib ki, qrantların verilməsi forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş formada həyata keçirilməlidir.

İclasda İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi barədə təklif müzakirə olunub. Ş. Hacıyev bildirib ki, bu, ali və orta ixtisas təhsil məktəblərinin tələbə-məzun elektron sisteminə qoşulması ilə bağlı olan əlavədir. Bu müddəanın “Təhsil haqqında” qanunda da nəzərdə tutulduğunu deyən komitə sədri bildirib ki, hələ də bəzi təhsil müəssisələri məlumatları tam və təmiz şəkildə müvafiq icra hakimiyyətinə təqdim etmir. Əlavədə bu məlumatların vaxtında təqdim edilməyəcəyi halda təhsil müəssisəsinin rəhbəri üçün 3000 AZN, bu işə məsul olan şəxs üçün isə 200 AZN məbləğində cərimə nəzərdə tutulur.

Müzakirələrdən sonra hər iki əlavə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR