Bank Of Baku

Dörd müxalifət partiyası arasında parlament seçkiləri ilə bağlı aparılan müzakirələrin davam etdirilməsində problem yaranıb

Dörd müxalifət partiyası arasında parlament seçkiləri ilə bağlı aparılan müzakirələrin davam etdirilməsində problem yaranıb
# 07 iyun 2010 14:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dörd müxalifət partiyası arasında parlament seçkiləri ilə bağlı keçirilən görüşün davam etdirilməsində problem yaranıb. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu APA-ya bildirib ki, ADP, AXCP, Müsavat və KXCP rəhbərləri arasında keçirilən ilk görüşdə irəli sürülən təkliflərin müzakirəsinin davam etməsi planlaşdırılsa da, hələ ki, bu, mümkün olmayıb: “Toplantıya qatılan tərəflər öz müttəfiqləri ilə müzakirə aparıb uyğun qərar qəbul etməli idilər. Amma reaksiyalardan görünür ki, növbəti görüş baş tutmayacaq. Dördlük isə tamamilə yeni bir konfiqurasiya idi. Burada digər partiyaların birbaşa iştirakı mümkün sayılmırdı, amma vasitəçilik qaydasında mümkün hesab olunurdu. Nəzərdə tutulurdu ki, tərəflər öz müttəfiqləri ilə razılaşsınlar, əgər vasitəçilik qaydasında mümkündürsə hər kəs öz blokunu təmsil etsin, dörd partiya birləşsin. Amma göründüyü kimi bu alınmır”.

S. Cəlaloğlu görüşdə iştirak edən tərəflərlə müəyyən təmasının olduğunu, amma növbəti görüşə müsbət yanaşmanın olmadığını bildirib. “Onların dediklərindən belə başa düşürəm ki, birləşmək istəmirlər. Hərə bir model irəli sürür. İsa Qəmbərin dediyi modellə Əli Kərimli razılaşmır, Əli Kərimlinin dediyi ilə digərləri”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib ki, dörd partiyanın liderinin yenidən bir araya gəlməsi məsələsi gündəmdə deyil. Hələlik belə bir görüşün nəzərdə tutulmadığını deyən M. Mirəlioğlu da bildirib ki, partiyalar daxilində aparılan müzakirələrdən sonra qərar verilməlidir: “Biz razılaşmışdıq ki, hər kəs bunu öz qurumunda müzakirə etsin və sonra ardı olacaq. Ardı nə olacaqdı o bəlli idi, uyğun qərarlar olacaqdı”.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə bildirib ki, əslində bu əvvəlcədən birdəfəlik görüş kimi nəzərdə tutulub: “Tədbirlərin birində Sərdar Cəlaloğlu İsa Qəmbərdən belə bir formatda yığışıb çay içməyi, söhbət etməyi təklif etmişdi. İsa Qəmbər də Mirmahmud Mirəlioğlu və Əli Kərimli ilə bu barədə danışıb, razılıq əldə etdi. Yəni bu proses əvvəlcədən bir formatın, əməkdaşlıq mərkəzinin yaranması kimi nəzərdə tutulmamışdı. Ola bilər ki, bu görüşün ardı olsun və ya olmasın. Amma hazırda bu planlaşdırılmayıb”.

AXCP sədrinin müavini Nurəddin Məmmədli isə bildirib ki, bu, müxalifətin birliyinə nail olmaq üçün bir model idi və hazırda da həmin istiqamətdə səylərin davam etdirilməsinə ehtiyac var: “AXCP-nin Rəyasət Heyətinin sonuncu toplantısı bu çərçivə daxilində danışıqların davam etdirilməsi ilə bağlı qərar qəbul edib və orada belə bir fikir var ki, mümkün olan sahələrdə “Azadlıq” bloku, Müsavat və Demokrat partiyaları arasında əməkdaşlıq imkanları genişləndirilməlidir. Bizim tərəfdən bu istiqamətdə hər hansı bir maneçiliyin meydana çıxmasını istisna edirik”.

Qeyd edək ki, may ayında Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu və ADP sədri Sərdar Cəlaloğlu arasında görüş keçirilib. Görüşdə parlament seçkilərində əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR