Bank Of Baku

Azərbaycan Milli Məclisində Seçki Məcəlləsinə əlavə və dəyişiklər müzakirə olunur

Azərbaycan Milli Məclisində Seçki Məcəlləsinə əlavə və dəyişiklər müzakirə olunur
# 09 iyun 2010 08:54 (UTC +04:00)
APA-nın müzakirələrdə iştirak edən əməkdaşının məlumatına görə, müzakirələr Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında keçirilir. Komitə sədri Əli Hüseynov deyib ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təklif Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən bir qrup deputat tərəfindən daxil olub. Müraciətdə bildirilir ki, seçki praktikasının daha da təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırma, qabaqcıl dünya təcrübəsinin tətbiq olunması üçün məcəlləyə əlavə və dəyişiklik təklif edirlər.

İclasda Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təklifləri YAP-ı təmsil edən deputat Siyavuş Novruzov açıqlayıb. O, birinci təklifin seçki müddətinin azaldılması ilə bağlı olduğunu bildirib: “Əvvəllər seçki müddəti 4 ay idi. Sonra biz bu müddəti 75 günə qədər azaldıq. Dünyanın bir çox ölkəsində müddət çox azdır. Bizdə insanların müraciəti olurdu ki, vaxt həddən artıq çoxdur. Təklif edirik ki, seçki müddəti 75 gündən 60 günə endirilsin. Belə olacağı halda müvafiq təbliğat müddəti də 28 gündən 23-nə endiriləcək”.

S. Novruzov ikinci əsas təklifi də açıqlayıb: “Seçkilərin keçirilməsi dövlət tərəfindən maliyyələşir. Dairə və məntəqə seçki komissiyaları dövlət tərəfindən saxlanır. Seçki ilə bağlı bütün xərcləri dövlət çəkdiyi halda əlavə olaraq, namizədlərə vəsait verilməsi düzgün deyil. 2005-ci ildə də əksər şəxslər namizədliklərini təbliğat üçün veriləcək 200 manatı almaq üçün vermişdilər. Qanuna görə, seçkidə 3 faizə qədər səs toplamayan namizədlər ayrılan vəsaiti qaytarmalıdırlar. Lakin bu günə kimi vəsaitin geri qaytarılması baş verməyib. Biz təklif edirik ki, bütün seçki proseslərinin dövlət tərəfindən maliyyələşdirilməsi dayandırılsın”. S. Novruzov deyib ki, təkliflər, əsasən bu iki məsələ ilə bağlıdır: “Bu dəyişikliklər isə avtomatik olaraq digər maddələrdə dəyişiklik edilməsini zəruri edəcək”.

Müzakirələrdə deputat Qüdrət Həsənquliyev təklifləri dəstəklədiyini deyib. Deputat bildirib ki, oxşar təklifləri vaxtı ilə o da irəli sürüb: “Mən də vaxtı ilə təklif edirdim ki, müddət ən azı iki dəfə azaldılsın. Lakin burada təbliğat müddətinin 28 gündən 23 günə qədər azaldılması narahatedicidir. Məncə, bu düzgün deyil. Hamı üçün bərabər təbliğat müddəti götürülə bilməz. Təklif edirəm ki, namizədlikləri qeydə alınan şəxslər təbliğata başlasınlar. Pul vəsaitləri isə elə də böyük deyildi. İnanmıram ki, kimsə 200 manata görə bu işi görsün. Lakin mən bu təklifi də keçərli hesab edirəm. Referendumla bağlı prosesin isə dövlət tərəfindən maliyyələşdirilməsi saxlanılmalıdır. Çünki bu, birbaşa dövlətin taleyi ilə bağlı məsələdir”.

Müzakirələr davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR