Bank Of Baku

Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq icazəsiz aksiya keçirmək barədə qərar qəbul edib

Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq icazəsiz aksiya keçirmək barədə qərar qəbul edib
# 11 iyun 2010 12:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq birgə icazəsiz aksiya keçirmək barədə qərar qəbul edib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, adıçəkilən qurumların mitinq komitəsinin bu gün toplantısı keçirilib. İclasda Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) mitinqlə bağlı Müsavat və DUİ-nin müraciətinə verdiyi cavab müzakirə edilib. Müxalifətçilər şəhər rəhbərliyinin təklif etdiyi yerdə aksiya keçirməyi mümkün saymayıblar. A. Hacılı bildirib ki, müzakirələrdən sonra aksiyanın sabah saat 15.00-da Hüseyn Cavid bağında keçirilməsi qərara alınıb. Aksiyada parlament seçkiləri öncəsi siyasi qüvvələr üçün bərabər şəraitin yaradılması, seçki qanunvericiliyinin dəyişdirilməsi və digər tələblərin səsləndirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Müsavat və DUİ BŞİH-nə etdiyi müraciətdə aksiya üçün 5 yer təklif edib. Partiya Nərimanov kinoteatrının qarşısındakı meydan, Füzuli meydanı, Bakı şəhər İcra Hakimiyyəti, Prezident Administrasiyası, yaxud Nazirlər Kabinetinin 200 metrlik radiusunda mitinq üçün yer ayrılmasını xahiş edib. BŞİH isə aksiyanın Binəqədi rayonu Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionu, Səbail rayonu 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydança və ya Xətai rayonu Zığ yolu küçəsi, 29/22-ci məhəllə ilə üzbəüz meydançada keçirməyi məsləhət görüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR