Bank Of Baku

Müxalifət partiyalarının bir qrup üzvü Bakıda aksiya keçirməyə cəhd edib

Müxalifət partiyalarının bir qrup üzvü Bakıda aksiya keçirməyə cəhd edib
# 03 iyul 2010 14:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Müsavat Partiyasının və Demokratiya Uğrunda İttifaqa daxil olan təşkilatların bir qrup üzvü Bakı Dövlət Universitetinin binası yaxınlığından metronun “Elmlər Akademiyası” stansiyasına doğru yürüş etməyə cəhd edib. APA-nın xəbərinə görə, aksiya iştirakçıları bu il baş tutacaq parlament seçkilərinin demokratik keçirilməsi ilə bağlı şüarlar səsləndiriblər. Polis Bakı şəhər İcra Hakimiyyətinin icazəsi olmadığı üçün aksiyanın qarşısını alıb. Yürüş iştirakçılarından bəziləri saxlanılıb.

AXCP-nin bir qrup üzvü isə Milli Park ərazisində, Dövlət Kukla Teatrının binası yaxınlığında aksiya keçirməyə cəhd edib. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadığı üçün polis bu aksiyanın da qarşısını alıb.

Qeyd edək ki, müxalifət partiyaları parlament seçkiləri öncəsi siyasi qüvvələr üçün bərabər şəraitin yaradılması, seçki qanunvericiliyinin dəyişdirilməsi və digər tələblərlə aksiya keçirilməsi üçün yer ayrılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. İcra Hakimiyyəti isə partiyalara aksiyaların Binəqədi rayonu Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionu, Səbail rayonu 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydança və ya Xətai rayonu Zığ yolu küçəsi, 29/22-ci məhəllə ilə üzbəüz meydançada keçirməyi məsləhət görüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR