Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev: “Yenilənmiş Madrid prinsipləri Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün şərait yaradır”

Azərbaycan prezidenti İlham Əliyev: “Yenilənmiş Madrid prinsipləri Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün şərait yaradır”
# 06 iyul 2010 22:03 (UTC +04:00)
“Danışıqlarda Dağlıq Qarabağa keçici statusun verilməsi müzakirə olunur, bu status Azərbaycanın ərazi bütövlüyünü pozmayacaq”

“Sülhməramlı qüvvələr Dağlıq Qarabağın inzibati sərhədinə gətirilməlidir, burada bizim üçün heç bir təhlükə yoxdur, çünki işğal edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşlarının da təhlükəsizliyi təmin edilməlidir”


Bakı-APA. “Torpaqlarımız işğalçılardan azad olunandan sonra sizin üçün Dağlıq Qarabağda yeni gözəl binalar tikiləcək. Mən buna şübhə etmirəm və tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bu ədalətsizliyə son qoyulacaq”. APA-nın “AzərTac”a istinadən verdiyi məlumata görə, bu fikirləri prezident İlham Əliyev Bakıda Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında söylədiyi nitqində deyib.

Prezident qeyd edib ki, ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaqdır: “İndi münaqişə ilə bağlı bütün reallıqlar bizim fəaliyyətimiz nəticəsində artıq dünya birliyinə çatdırılır. Bütün beynəlxalq təşkilatlarda, dünyanın aparıcı beynəlxalq təşkilatlarında Azərbaycanın səmərəli fəaliyyəti nəticəsində münaqişə ilə bağlı reallıqlar, bu bölgənin tarixi, mədəniyyəti ilə bağlı həqiqətlər artıq o təşkilatların üzvlərinə çatdırılır. Münaqişənin ilk illərində erməni lobbisinin fəaliyyəti nəticəsində və Azərbaycanın beynəlxalq aləmdə o qədər də böyük imkanlarının olmaması səbəbindən münaqişənin səbəbləri, Dağlıq Qarabağın tarixi ilə bağlı çox yanlış və təhrif edilmiş məlumatlar mövcud idi. Ancaq bu gün biz tam əminliklə deyə bilərik ki, artıq Azərbaycan Ermənistanın və erməni lobbisinin yalançı təbliğatına böyük zərbə vura bilib”.

Ilham Əliyev bildirib ki, bu gün dünyanın bütün əsas beynəlxalq təşkilatları Azərbaycanın haqq işini qəbul edilmiş qərarları ilə dəstəkləyirlər. BMT, Avropa Parlamenti, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, digər təşkilatlar müxtəlif dövrlərdə münaqişə ilə bağlı çox tutarlı və həqiqəti əks etdirən qətnamələr, qərarlar qəbul etmişlər ki, bu qərarlar münaqişənin həlli üçün əsasdır: “Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu təsdiqləyən müxtəlif sənədlər, faktlar mövcuddur. Hətta bu gün, bütün beynəlxalq təşkilatlarda və dünyada fəaliyyətimiz nəticəsində həqiqətlər çatdırıldığı bir zamanda biz yenə də bəzi hallarda Azərbaycana qarşı ədalətsizliklər görürük. Bəzi hallarda həqiqətlərə göz yumulur. Bu reallıqlar nəzərə alınmır və bəzi xarici dairələr öz siyasətini uydurulmuş faktlar, təhrif edilmiş tarix əsasında aparmağa davam edirlər. Bu, ikili standartlar siyasətidir. Əfsuslar olsun ki, bu, dünyada bu gün və əvvəlki dövrlərdə də mövcud olan bir yanaşmadır. İkili standartlar ədalətsizlik deməkdir. İşğalçı ilə işğalın qurbanını, necə deyərlər, bir səviyyədə görmək nə qədər ədalətlidir?! Bunu bütün Azərbaycan xalqı yaxşı bilir. Biz öz fəaliyyətimizlə, apardığımız siyasətlə, həqiqətləri çatdırmaqla öz işimizi davam etdirəcəyik”.

Prezidentin sözlərinə görə, beynəlxalq təşkilatların qərarları çox önəmlidir: “Bəzi hallarda belə bir fikir yarana bilər ki, bu qərarlar qəbul edilir, Azərbaycan haqq səsini artıq bütün beynəlxalq forumlarda dünya birliyinə çatdırır, ancaq münaqişə həllini tapmır. Bu, həqiqətdir. Ancaq bununla bərabər, beynəlxalq təşkilatların qərarları məsələnin həlli üçün əsasdır. Məsələnin istənilən yolla həlli üçün əsasdır. Çünki beynəlxalq hüquq normalarının Ermənistan tərəfindən pozulmasına baxmayaraq, onları heç kim inkar etmir. Yəni dünya birliyi və beynəlxalq aləm beynəlxalq hüquq normaları əsasında formalaşıb və fəaliyyət göstərir. Birləşmiş Millətlər Təşkilatı, digər təşkilatlar - yəni bu təşkilatların nizamnaməsi, məramı ədalət, demokratiya, hüquq normaları üzərində qurulubdur və istənilən formada münaqişənin həlli beynəlxalq hüquq normalarına əsaslanmalıdır”.

Prezident öz nitqində vurğulayıb ki, Azərbaycan sülh prosesinin artıq tükəndiyini görsə, müharibə yoluna üstünlük versə, yenə də beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini dəstəkləmiş olacaq: “Çünki BMT-nın Nizamnaməsinin 51-ci maddəsində açıq-aydın göstərilir ki, hər bir ölkə özünü müdafiə etmək üçün bütün hüquqlara malikdir. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Biz istəyirik ki, ərazi bütövlüyümüz dinc yolla, danışıqlar yolu ilə bərpa olunsun. Ancaq hələlik bu, mümkün deyil. Bununla bərabər, mən hesab edirəm ki, biz diplomatik səylərimizi bundan sonra da davam etdirməliyik. Bu yaxınlarda Avropa Parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox önəmli qətnamə qəbul edilib. Baxmayaraq ki, artıq münaqişənin başlanmasından 20 ilə yaxın vaxt keçir, ancaq bu qətnamə bu il qəbul edilib. Hesab edirəm ki, gec olsa da, ədalətli qərarın qəbul edilməsi, özü də Avropa Parlamentində qəbul edilməsi çox önəmlidir. Hamımız bilirik ki, orada erməni lobbisi nə qədər böyük imkanlara malikdir və bu qətnamənin əleyhinə çıxan erməni lobbisi nə qədər böyük səylər göstərib”.

Dövət başcısı bildirib ki, Azərbaycan öz artan təsir imkanları və həqiqətin Avropa deputatlarına çatdırılması sayəsində bu qətnamənin qəbul edilməsinə nail olub: “Əgər desəm ki, bu qətnamə bu gün, ya sabah münaqişənin həlli üçün bir əsas rol oynayacaq, əlbəttə, bu, düzgün olmaz. Ancaq yenə də deyirəm, istənilən anda Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquq əsasında, istənilən yolla bərpa etmək istəyəndə, əlbəttə ki, hüquqi əsas həlledici rol oynayacaqdır. Beləliklə, bugünkü vəziyyət, yəni beynəlxalq hüquq normaları əsasında həllini gözləyən münaqişə ilə bağlı proseslər müsbət istiqamətdə davam edir. Çünki BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrindən sonra bu illər ərzində müxtəlif beynəlxalq təşkilatlarda vacib qərarlar qəbul edilib”.

Münaqişənin həllindən danışan prezident qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir: “Ərazi bütövlüyü bərpa edilməlidir və ediləcək. Danışıqlarda Azərbaycanın ərazi bütövlüyü heç vaxt şübhə altına qoyulmayıb. Madrid prinsipləri əsasında təklif edilən yenilənmiş prinsiplər Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün şərait yaradır. Məhz buna görə Azərbaycan bu danışıqlarda iştirak edir və konstruktivlik nümayiş etdirir. Çünki biz bütün dövrlərdə çalışmışıq və buna nail olmuşuq ki, Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmalıdır, münaqişə həllini bunun əsasında tapmalıdır. Bu gün həmsədr ölkələr öz fikirlərini bəlkə də daha da açıq şəkildə ortaya qoyurlar. Bir vacib məsələ vurğulanır ki, məsələ öz həllini Helsinki prinsipləri əsasında tapmalıdır. Nədir bu Helsinki prinsipləri? Yəqin ki, indi bunu məsələ ilə məşğul olanlar yaxşı bilirlər. Burada əsas prinsip ərazi bütövlüyüdür. Xalqların öz müqəddəratını təyinetmə, müəyyənetmə prinsipləri də var. Ancaq o prinsiplər ölkələrin ərazi bütövlüyünə zərbə vurmamalı, onunla ziddiyyət təşkil etməməlidir. Xalqların özünüidarəetmə və öz müqəddəratını müəyyənetmə imkanları ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Budur Helsinki prinsiplərinin mahiyyəti və mənası. Bunun əsasında həmsədr ölkələr tərəfindən işlənilmiş təkliflər ortaya qoyulub və Azərbaycan müəyyən istisnalarla bu təklifləri qəbul edir”.

Preziden bildirib ki, qeyd olunan nizamlanma prinsiplərinə əsasən ilk növbədə, Dağlıq Qarabağın ətrafında yerləşən işğal edilmiş bütün bölgələrdən işğalçı qüvvələr çıxarılır: “Beş rayon dərhal, iki rayon - Kəlbəcər və Laçın rayonları müəyyən müddətdən sonra qaytarılır. Təkliflərdə beş il müddət nəzərdə tutulub. Bunun səbəbi ondan ibarətdir ki, Kəlbəcər və Laçın rayonları Dağlıq Qarabağla Ermənistan arasında yerləşir və bir növ o rayonlara Azərbaycan əhalisinin qayıtması üçün təhlükəsizlik tədbirləri daha da böyük həcmdə görülməlidir. Ancaq bütün bölgələr, bütün rayonlar Azərbaycanın nəzarəti altına qayıdır. Ermənistanla Dağlıq Qarabağ arasında yol, yəni dəhliz fəaliyyət göstərir və Azərbaycan bu təkliflərlə də razılaşıb. Çünki bu, münaqişənin həlli üçün vacib olan məsələdir. Çünki bütün təhlükəsizlik təminatları verilməlidir”.

Prezident qeyd edib ki, Azərbaycanın Ermənistan kimi orada etnik təmizləmə siyasəti apamaq niyyəti yoxdur: “Azərbaycan xalqı heç vaxt belə çirkin əməllərə əl atmayıb. Ona görə Dağlıq Qarabağla Ermənistan arasında mövcud yol necə fəaliyyət göstərib, elə də fəaliyyət göstərməlidir və hesab edirəm ki, bu təklif qəbul oluna bilər. Təhlükəsizlik zəmanəti verilməlidir. Sülhməramlı qüvvələr Dağlıq Qarabağın inzibati sərhədinə gətirilməlidir və hesab edirəm ki, burada da bizim üçün heç bir təhlükə yoxdur. Çünki işğal edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşlarının da təhlükəsizliyi təmin edilməlidir. Sülhməramlı kontingent bu funksiyanı o vaxta qədər yerinə yetirəcək ki, artıq bütün tərəflər təhlükəsizlik tədbirlərini öz üzərinə götürəcəklər”.

Prezidentin sözlarinə görə, danışıqlarda Dağlıq Qarabağa keçici statusun verilməsi müzakirə olunur: “Bu status Azərbaycanın ərazi bütövlüyünü pozmayacaq. İşğaldan əziyyət çəkmiş bütün insanlar öz yerlərinə qayıtmalıdırlar. Bu, o deməkdir ki, Azərbaycan vətəndaşları Dağlıq Qarabağa, Şuşaya qayıtmalıdır və üç həmsədr ölkənin bu yaxınlarda verdiyi bəyanatda bu açıq-aydın göstərilir. Yəni bu, demokratik, beynəlxalq hüquq normalarını əks etdirən prinsiplərdir və beləliklə, məsələnin həlli üçün yeganə variant ola bilər. Bir daha demək istəyirəm ki, Azərbaycan müəyyən istisnalarla bu əsas prinsipləri qəbul edib və biz Ermənistandan da eyni yanaşmanı gözləyirik. Halbuki bizə çatan məlumat o qədər də müsbət deyildir. Görünür ki, Ermənistan tərəfi öz taktikasını davam etməyə üstünlük verir. Yəni ki, onlar münaqişəni maksimum imkanları daxilində maksimum müddətdə uzatmaq və işğalı davam etdirmək istəyirlər. Azərbaycan tərəfi, əlbəttə ki, bununla heç vaxt razı ola bilməz. Biz uzun illərdir ki, danışıqlarda iştirak edirik, konstruktivlik nümayiş etdiririk. Müxtəlif dövrlərdə Ermənistan tərəfi danışıqları pozub və Ermənistanda baş verən hadisələr danışıqların gedişatına mənfi təsir göstərib. Münaqişə bu prinsiplər əsasında həllini taparsa, Azərbaycanın maraqları tam şəkildə təmin olunacaq. Birinci, Azərbaycan vətəndaşları Dağlıq Qarabağın ətrafında yerləşən bütün bölgələrə qayıdacaqlar. Son illər ərzində Azərbaycan əhalisi artıb və əlbəttə ki, o bölgədə demoqrafik vəziyyət qısa müddət ərzində bizim maraqlarımızı tam şəkildə təmin edəcək. Dağlıq Qarabağa, Şuşaya Azərbaycan əhalisinin qayıtması mütləq olmalıdır. Yəqin ki, buna bir qədər çox vaxt lazım olacaq. Ancaq bunsuz münaqişə öz həllini tapa bilməz və Azərbaycan bütün imkanlardan istifadə edəcək ki, buna maksimum tez bir zamanda nail ola bilsin”.

Prezident qeyd edib ki, sülhün yaranması, kommunikasiyaların açılması, bölgədə gedən proseslərə müsbət təsir göstərəcək: “Bu gün Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti bizim xeyrimizə dəyişib. İstənilən sahədə Azərbaycan Ermənistandan qat-qat üstündür. İqtisadi potensial cəhətdən Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından 7-8 dəfə böyükdür. Demoqrafik potensial da Azərbaycanın mövqelərini gücləndirir. Bu gün Azərbaycanın əhalisi 9 milyondur. Ermənistan əhalisi qeyri-rəsmi məlumatlara, amma dəqiq mənbələrə görə 1 milyon 800 min nəfər ətrafındadır. Bu gün bizdə olan məlumata görə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 60 minə yaxın, yəni bir rayonun əhalisi qədər əhali var. İqtisadiyyat, coğrafi vəziyyət, demoqrafiya, ordu quruculuğu, sənaye potensialı, geosiyasi vəziyyət və Azərbaycanın bölgədəki, dünyadakı mövqelərinin gücləndirilməsi - bütün bu amillər mövqeyimizi gücləndirir və məqsədə çatmaq üçün bizə imkanlar yaradacaq.

Ümidvaram ki, həmsədr ölkələr Ermənistana ciddi siqnallar göstərməklə nail olacaqlar ki, Ermənistan da dekabr ayında həmsədrlər tərəfindən rəsmi qaydada təqdim edilmiş təkliflərə müsbət cavab versin və beləliklə, biz irəliyə daha bir addım atacağıq. Əks təqdirdə hesab edirəm ki, danışıqların uğurla davam etməsi sual altında olacaq. Çünki bu günə qədər, yəni 1992-ci ildən - Minsk Qrupunun yaranması günündən bu günə qədər müxtəlif proseslərdə, danışıqlarda müxtəlif mərhələlər mövcud idi. Hər bir mərhələ nə iləsə nəticələnirdi. Mən qeyd etdim ki, əvvəlki dövrlərdə bəzi hallarda Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqların pozulmasına gətirib çıxarıb. Son 5-6 il ərzində yuxarıda söylədiyim prinsiplər əsasında Praqa prosesi adlandırdığımız danışıqlar formatı formalaşıb. Bu gün biz bu prosesin məntiqi sonuna, yaxud da, vacib mərhələsinin məntiqi sonuna yaxınlaşmışıq ki, artıq dekabr ayında Madrid prinsipləri əsasında yenilənmiş təkliflər verildi. Azərbaycan tərəfi prinsip etibarilə bu təkliflərlə razıdır. Digər tərəf ya razı deyil, ya da hələlik vaxt uzatmaqla məşğuldur. Əgər qarşı tərəf - Ermənistan bu təkliflərə müsbət reaksiya verməsə, onda danışıqların bu formatda davam etdirilməsində heç bir məna yoxdur. Əgər danışıqların bu formatda davam etdirilməsi mümkün olmayacaqsa, o zaman ümumiyyətlə, sülh prosesi haqqında danışmağa dəyməz. Çünki bu günə qədər müxtəlif variantlar müzakirə olunub, müxtəlif düsturlar əsasında təkliflər verilib. Ancaq nəticə yoxdur. Praqa prosesi adlandırdığımız format hesab edirəm ki, son şansdır”.

Prezidentin fikrincə, Ermənistanın işğal edilmiş torpaqlardan çıxmaq üçün son şansı olduğunu vurğulayıb: “Bu Ermənistan üçün son şansdır ki, işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxsın və beləliklə, öz gələcəyini, təhlükəsizliyini təmin etsin, daha qorxu içində yaşamasın. Ona görə bu mərhələ həlledicidir. Bu yaxınlarda həmsədr ölkələrin nümayəndələri ilə danışıqlar zamanı biz bu barədə öz fikirlərimizi bildirmişik. Hesab edirik ki, bu həlledici məqamda məsələnin həlli üçün lazım olan bütün addımlar atılmalıdır. Bir daha demək istəyirəm, mən şəxsən şübhə etmirəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Birinci növbədə beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Ermənistan ilə Azərbaycan arasında inkişaf sahəsində böyüyən uçurum mövqeyimizi gücləndirir. Azərbaycan xalqının iradəsi mövqeyimizi dəstəkləyir. Ermənistanın müxtəlif rəhbər dairələrində belə bir fikir formalaşır ki, artıq 20 ilə yaxındır, danışıqlar gedir, hələ bir 10 il davam etsin, bir 10 il də davam etsin və biz burada sadəcə bir imitasiya ilə məşğul olaq. Vaxt keçdikcə azərbaycanlılar o bölgələri unudacaqlar, yeni nəsil dünyaya gələcək, o bölgə ilə bağlı olmayacaq. Bütün bu fikirlərin qarşısına Azərbaycan xalqı öz iradəsini qoyur.
Ermənilərin fikri özlərinə getməsin. Onlar bəlkə də öz tarixi vətənini unuda bilərlər. Azərbaycan xalqı heç vaxt öz tarixi vətənini unuda bilməz. Bu gün qaçqın şəhərciklərində, Bakıda, başqa yerlərdə Dağlıq Qarabağdan, işğal edilmiş bölgələrdən olan ailələrdə doğulan uşaqlar bir amalla, bir arzu ilə yaşayırlar ki, doğma torpaqlarına qayıtsınlar. Azərbaycan xalqı öz tarixi ərazisini heç vaxt unutmayacaq. Biz öz haqq işimizdən heç vaxt əl çəkməyəcəyik. Biz Ermənistandan o vaxta qədər əl çəkməyəcəyik ki, öz torpaqlarımıza qayıdaq və ərazi bütövlüyümüzü bərpa edək. Biz bu vəziyyətlə heç vaxt barışmayacağıq”.

Dövlət başçısı müasir Azərbaycanın 20 il əvvəlki Azərbaycandan köklü şəkildə fərqləndiyini deyib: “Torpaqlarımız işğal olunanda Azərbaycanda hərc-mərclik idi. Azərbaycanda, ümumiyyətlə, dövlət yox idi. Dövlət quruculuğu heç aparılmırdı, Azərbaycanı dünyada tanımırdılar, ordumuz yox idi. Digər tərəfdən, Ermənistana xaricdən həm maliyyə, həm hərbi dəstək göstərilirdi. Bu gün Azərbaycan güclü ölkədir, müstəqil ölkədir. Bütün forumlarda öz haqq səsini ucaldıb. Heç kimdən çəkinmir, güclü orduya malikdir. Bu gün ordumuz istənilən məsələni həll edə bilər. Mən buna şübhə etmirəm və tam əminəm”.

Prezident dedi ki bu gün Azərbaycanın güclü ölkə olaraq bölgədə gedən proseslərə təsir etdiyini deyib: “Azərbaycan bütün ölkələrlə, hətta böyük dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında münasibətlər qurur. Heç kimin qabağında gözükölgəli deyil. Heç kimdən heç nə istəmir, xahiş eləmir. Əksinə, bizdən xahiş edirlər. Biz də imkan daxilində lazım gələndə yardımlar edirik. Ermənistan nə edir? Ermənistanın müstəqilliyi şərti xarakter daşıyır. O ölkə müstəqil sayıla bilməz. Çünki müstəqil siyasət apara bilmir. Başqa dairələrin iradəsi ilə idarə olunur. Öz müstəqil iqtisadi siyasəti yoxdur. Bütün infrastruktur, bütün strateji obyektlər başqa ölkələrin əlindədir. Əhali azalır, demoqrafik iqtisadi böhran yaranıbdır. Əgər keçən böhranlı ildə onlara xaricdən yardımlar edilməsəydi, ölkə tamamilə dağılacaqdı. Nə vaxta qədər xarici ianələr hesabına yaşayacaqlar? Ona görə deyirəm, bu, tarixi seçimdir. Azərbaycan bu müstəqillik şansından uğurla istifadə etdi. Mən əminəm ki, bizim seçimimiz düzgün olmuşdur. Biz bundan sonra da bütün sahələrdə - iqtisadi, sənaye sahələrində potensialımızı, diplomatik səyləri, ordu quruculuğunu gücləndirəcəyik. Əminəm ki, biz torpaqlarımızı işğalçılardan azad edəcəyik”.

Prezident qeyd edib ki, Ermənistanda yanlış olaraq vaxt keçdikcə mövqelərinin gücləndiyi barədə fikir formalaşır: “Bu, səhv bir yanaşmadır. Onların bütün sahələrdə mövqeləri zəifləyir. Sadəcə dünya ermənilərinin güclü mövqelərə malik olması bugünkü bu status-kvonun saxlanmasını təmin edir. Hələlik təmin edir. Amma status-kvo əbədi, uzunmüddətli ola bilməz. Atəşkəs rejimi vardır. Ancaq bu gün o bölgədə sülhməramlı qüvvələr yoxdur, erməni əsgəri, Azərbaycan əsgəri vardır. Onların arasında bəzən məsafə 40-50 metrdir. Heç kim zəmanət verə bilməz ki, orada xoşagəlməz hadisə baş verməyəcək. Azərbaycan xalqı nə vaxta qədər dözməlidir? Nə vaxta qədər bu ədalətsizliklə barışmalıdır? O vaxt ki, Ermənistan ilə Azərbaycan arasında hərbi balans var idi, bunu müəyyən mənada izah etmək olardı. Amma bu gün bu hərbi balans yoxdur. Biz bunu yaxşı bilirik”.

Prezident bir daha bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək: “Bu gün bir də demək istəyirəm ki, sülh prosesi çərçivəsində təklif edilmiş variant, əminəm ki, məsələnin həlli üçün əsas ola bilər. Azərbaycan bir daha konstruktivlik nümayiş etdirir, öz işini dekabr ayında verilmiş bu təkliflər əsasında davam etdirmək istəyir. Əgər qarşı tərəf eyni mövqeni göstərərsə, onda biz məsələnin həllinə yaxınlaşa bilərik. Dağlıq Qarabağın və ətraf bölgələrin işğalı dözülməzdir. Azərbaycan xalqı, Azərbaycan rəhbərliyi heç vaxt bu vəziyyətlə barışmayacaq. Bu məsələ bizim üçün və prezident kimi mənim üçün prioritet məsələdir. Məsələ həll olunmayana qədər prioritet məsələ kimi qalacaqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR