Bank Of Baku

Prezident İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaq”

Prezident İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaq”
# 13 iyul 2010 20:32 (UTC +04:00)
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında deyib.

Prezident qeyd edib ki, Azərbaycanda iqtisadi islahatlar düzgün istiqamətdə aparılır. Onun sözlərinə görə, bu ilin ilk altı ayında iqtisadi inkişaf 3,7% təşkil edib. Nəzərə alsaq ki, keçən ilin iqtisadi inkişafının bazası çox yüksək idi, bu, çox yüksək göstəricidir. Ümumiyyətlə, Azərbaycanda iqtisadi inkişafın istiqamətləri çoxşaxəlidir və qeyri-neft sektorunun inkişafına üstünlük verilir.

Sənaye potensialının inkişafında müsbət meyllər davam edib, neft sektorunda artım 2,4%, qeyri-neft sektorunda isə 15,3% olub: “Bu günə qədər Azərbaycanda aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar bugünkü reallıqları təmin edir. Bundan sonra da qeyri-neft sektoruna xüsusi diqqət göstəriləcək və qeyri-neft sektorunun 15% çox artması Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat olduğunu göstərir. Bizim məqsədimiz neft amilindən uğurla istifadə edib Azərbaycanın bütün sahələrini inkişaf etdirməkdən ibarət olub və biz bu məqsədə çatmışıq. Biz növbəti illərdə bu meylləri gücləndirməliyik. Elə etməliyik ki, uzun illər, onilliklər bundan sonra Azərbaycan iqtisadiyyatı neft amilindən asılılığını maksimum dərəcədə azaltsın”.

Prezident digər iqtisadi göstəricilərin də müsbət mənzərədən xəbər verdiyini, inflyasiyanın 4,9% təşkil etdiyini, əhalinin pul gəlirlərinin isə 9% artdığını qeyd edib. Ölkə başçısı vurğulayıb ki, 2009-2010-cu illərin tarixdə böhranlı illər kimi qalacağına baxmayaraq, Azərbaycan vətəndaşlarının gəlirləri artır və inflyasiyanın tempini qabaqlayır. Bu amillər isə ölkədə böyük maliyyə resursları yaradılmasına imkan verir: “İlin əvvəlindən Azərbaycanın valyuta ehtiyatları artaraq, 20 milyard dollardan 24,7 milyard dollara çatıb və bu, bizim strateji ehtiyatlarımızdır. Bu ehtiyatlar imkan verir ki, iqtisadi sahədə istənilən məsələni, istənilən infrastruktur layihəsini özümüz öz gücümüzə arxalanaraq icra edə bilək. Bu, bir daha onu göstərir ki, Azərbaycanda neft-qaz sektorunda islahatların aparılması, şəffaflığın təmin olunması və şəffaflıqla bağlı bütün mütərəqqi təşəbbüslərə qoşulmağımız, bu böyük ehtiyatın yaranmasına gətirib çıxarıb. Bu, Azərbaycan xalqının sərvətidir. Neft Fondunun gəlirləri və xərcləri haqqında mütəmadi qaydada ictimaiyyətə məlumat verilir. Bu, çox şəffaf qurumdur, neft gəlirlərinin uğurla idarə edilməsində, ədalətli bölünməsində Azərbaycan dünya miqyasında nümunə kimi göstərilir”.

Prezident qeyd edib ki, Azərbaycan 2010-cu ildə investisiyaların cəlb edilməsi sahəsində uğurlu siyasətini davam etdirib. Bu il bütün maliyyə qurumları, beynəlxalq səviyyəli şirkətlər və ölkələrin xərclərini kəskin şəkildə azaltmalarına baxmayaraq, Azərbaycana xaricdən investisiya gəlməsi davam edir. Dövlət başçısı deyib ki, ölkə iqtisadiyyatına altı ayda 3,8 milyard dollar sərmayə qoyulub, bunun müəyyən hissəsi xarici sərmayələrdir. Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə, bütün dövrlərdə bu bölgədə ən qabaqcıl yerlərdə olub.
Prezidentin sözlərinə görə, bu gün Azərbaycanın maliyyə imkanları, məhz xarici sərmayənin nəticəsində yaradılmış milli gəlir və valyuta ehtiyatları, güclənmiş iqtisadiyyat imkan verir ki, ölkə daxili investisiyaların həcmini ildən-ilə artırsın. 3,8 milyard dollardan 3 milyard dolları daxili sərmayələrdir, həm dövlət proqramları çərçivəsində, eyni zamanda, Azərbaycan şirkətlərinin fəaliyyəti nəticəsində qoyulmuş vəsaitdir.

“Azərbaycanda bu gün özəl sektorda fəaliyyət göstərən şirkətlər güclənir. Azərbaycan dövləti onlara öz dəstəyini göstərir. Dövlət şirkətləri müasir sistemə keçirlər. Azərbaycan dövlət şirkətlərində müasir mühasibat, audit və idarəetmə sistemi tətbiq olunur.

Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri geniş tətbiq olunub və dövlət mülkiyyətində strateji əhəmiyyət daşıyan şirkətlər kommersiya şirkətləri kimi fəaliyyət göstərməlidirlər, beynəlxalq bazarlara çıxmalıdırlar və beynəlxalq bazarlarda investisiya layihələrini davam etdirməlidirlər”.

Prezident bildirib ki, həmişə olduğu kimi sosial məsələlərə xüsusi diqqət yetirilir və bu sahədə də nəzərdə tutulmuş bütün proqramlar vaxtlı-vaxtında icra olunur. Azərbaycanda orta əməkhaqqının təxminən 400 dollar təşkil etdiyini deyən prezident bu rəqəmin ildən-ilə artdığəını da vurğulayıb: “ Orta pensiyaların həcmi təxminən 130 dollardır. Burada da artım var. Amma əlbəttə ki, biz çalışmalıyıq ki, pensiyaların məbləğini bundan sonra da artıraq. Bütün sosial infrastrukturun yaradılması layihəsi ilə bağlı – xəstəxanalar, məktəblər, idman qurğuları, mədəniyyət ocaqları - hər bir sahədə konkret işlər görülür. Bakıda və bölgələrdə ilin birinci yarısında açılan gözəl, müasir sosial infrastruktur obyektləri bunun bariz nümunəsidir”.

Prezident qeyd edib ki, Azərbaycanda regionların inkişafı proqramı uğurla davam edir və regionlarda gedən quruculuq, abadlıq işləri artıq reallıqdır. Azərbaycanın yeni reallıqları ondan ibarətdir ki, hər bir bölgədə inkişaf var, hər bir bölgədə sosial-iqtisadi proqramlar icra olunur, investisiyalar qoyulur, beləliklə, Azərbaycanın bölgələri yaradılmış vəziyyətdən uğurla istifadə edirlər.

Prezident deyib ki, bütün bölgələr dövlətdən verilmiş dotasiyalar hesabına yaşayırlar. Elə bir bölgə yoxdur ki, öz daxili resursları hesabına yaşaya bilsin: “Yəqin ki, bu təbiidir. Ancaq biz çalışmalıyıq ki, hər bir bölgə özünə xas olan xüsusiyyətlərdən, spesifik coğrafi və ərazi imkanlarından istifadə edərək, özünü maksimum dərəcədə yerli istehsalın artırılması hesabına təmin edə bilsin”.

Prezident bildirib ki, dövlət subsidiyaları, dotasiyaları verməyə davam edəcək. İnfrastruktur layihələrinin keçirilməsi, kənd təsərrüfatına subsidiyaların verilməsi bu məqsədi güdür. Özəl sektora verilən kreditlər artıq gözəl nəticələrini verir və hər bir bölgənin öz proqramı var: “Elə etməliyik ki, növbəti illərdə bölgələrin milli gəliri, ümumi daxili məhsul daha da artsın. Baxmayaraq ki, son illər ərzində bəzi bölgələrdə ÜDM 3 dəfə, 4 dəfə artıb, yenə də hələ ki, ehtiyatlar böyükdür. Biz bu ehtiyatlardan maksimum dərəcədə səmərəli şəkildə istifadə etməliyik”.

Prezident daha sonra qeyd edib ki, Azərbaycanda altı ayda 36 min yeni iş yeri açılıb. Bütövlükdə isə 2004-cü ildə bəyan edilən proqram – regionların inkişafı və iş yerlərinin açılması proqramı uğurla icra edilir. Azərbaycanda son altı ildə təxminən 900 min yeni iş yerləri açılıb ki, onlardan 600 mindən çoxu daimi iş yerləridir.

Neft-qaz sektorunda bütün işlərin plan üzrə getdiyini deyən prezident nəzərdə tutulmuş hasilat səviyyəsinin təmin ediləcəyini söyləyib: “Altı ayda 25 milyon ton neft, 13 milyard kubmetr qaz hasil edilib. Bilirsiniz ki, bu hasilatın böyük əksəriyyəti ixrac edilir. Azərbaycana valyuta axını gəlməyə davam edir”.

Prezident ölkənin müdafiə potensialın gücləndirdiyini vurğulayıb. Ölkə başçısı bu yaxınlarda büdcəyə dəyişiklik edildiyini, bütövlükdə, dövlət büdcəsinin 15 milyard dollar təşkil etdiyini, 500 milyon dollar vəsaitin hərbi xərclər üçün əlavə olaraq ayrıldığını bildirib: “Azərbaycanın bütün hərbi xərcləri 2 milyard 150 milyon dollardır ki, bu da Ermənistanın bütün dövlət büdcəsindən çoxdur. Biz bir neçə il bundan əvvəl qoyulmuş məqsədə çatdıq. Bu, bizə imkan verir ki, ordumuzu daha da müasirləşdirək, ən müasir silah-sursatı, texnikanı Azərbaycana gətirək. Eyni zamanda, ölkə daxilində güclü müdafiə sənayesini yaradaq. Biz qısa müddət ərzində buna nail ola bilmişik”.

Prezident bildirib ki, hərbi güc Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində həlledici rol oynaya bilər: “Biz istəmirik ki, bu, həlledici rol oynasın. Biz istəyirik ki, məsələ danışıqlar yolu ilə, diplomatiya yolu ilə həllini tapsın. Ancaq hərbi güc olan zaman əlbəttə ki, bizim mövqeyimiz daha da möhkəmlənəcək” .

Dağlıq Qarabağ münaqişəsindən danışan prezident deyib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb, olmayacaq: “Vasitəçilərin təklifi də ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işğal edilmiş bütün bölgələrdən Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır, azərbaycanlılar - məcburi köçkünlər öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar və qayıdacaqlar”.

Dağlıq Qarabağın gələcək statusu haqda danışan prezident deyib ki, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz. Bu, danışıqların ayrılmaz parçasıdır: “Yəni, birtərəfli qaydada Ermənistan, yaxud da ki, qondarma Dağlıq Qarabağ separatçıları, yaxud da ki, hansısa üçüncü qüvvə Azərbaycanın iştirakı və razılığı olmadan Dağlıq Qarabağa heç bir status verə bilməz. Bax, deyə bilərəm ki, bu, danışıqların əsas məsələlərindən biridir, demək olar ki, onun mahiyyətidir. Ona görə Ermənistan tərəfi deyəndə ki, Dağlıq Qarabağ nə vaxtsa müstəqil olacaq, bu, onların xülyasıdır, onların istəyidir, onların arzusudur. Ondan başqa heç nə deyil. Danışıqlar masasında olan sənəddə Dağlıq Qarabağın statusu, statusunun müəyyən edilməsi haqqında hər şey açıq-aydın göstərilibdir. Bir daha demək istəyirəm ki, Azərbaycan dövləti öz sözünü deyəcək və bu söz həlledici söz olacaq”.

Prezident deyib ki, Azərbaycan dövləti və xalqı heç vaxt Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək heç bir statusa razilıq verməyəcək. Danışıqlarda müzakirə edilən məsələlərdə Dağlıq Qarabağın Azərbaycandan nə vaxtsa ayrılması ilə bağlı heç bir mexanizm yoxdur, ola da bilməz: “ Ona görə mən bunu xüsusilə bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaq. Azərbaycan ancaq bu prinsiplər əsasında danışıqlarda iştirak edir. Bu prinsiplərdə həm ölkələrin ərazi bütövlüyünə hörmət göstərilir, eyni zamanda, xalqların öz müqəddəratının təyin edilməsi məsələlərinə də münasibət bildirilir. Ancaq bu iki amil bir-biri ilə ziddiyyət təşkil etməməlidir və etmir. Xalqların öz müqəddəratını təyin etməsi məsələləri ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həll oluna bilər. Dünyada, o cümlədən Avropada belə nümunələr çoxdur. Biz isə istəyirik ki, ən qabaqcıl təcrübə hər sahədə tətbiq olunsun, o cümlədən bu münaqişə ilə bağlı heç bir ayrı-seçkiliyə yol verilə bilməz. Azərbaycan dövləti məhz bu prinsiplər üzərində durub. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur və olmayacaq”.

Prezident deyib ki, paralel olaraq Azərbaycan hərbi gücünü artırmaq
da davam edəcək: “Azərbaycanda hərbi məsələlərin həlli üçün ayrılan vəsait, bildiyiniz kimi, çox böyük vəsaitdir. Biz bu vəsaiti nə üçün xərcləyirik? Yəqin ki, hamıya bəllidir. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçılardan azad edək. Tam əminəm ki, bu gün Azərbaycanın belə imkanları var. Biz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, bundan sonra da artıracağıq. Bizim maliyyə imkanlarımız buna şərait yaradır və bu maliyyə imkanlarını biz yaratmışıq, Azərbaycan xalqı yaradıb, siyasətimiz yaradıb”.

Dövlət başçısı deyib ki, Ermənistanda bəziləri müharibənin birinci mərhələsində qalib gəldiklərini hesab edirlər: “Mən hesab edirəm ki, onlar məğlub olublar. Azərbaycan isə atəşkəs müddəti ərzində böyük və uğurlu yol keçib. Biz bu gün böyük zirvələrə çatmışıq. Dünya miqyasında Azərbaycan böyük hörmətə malik olan ölkədir, bölgədə həlledici rol oynayır. Bizim iştirakımız olmadan heç bir məsələ öz həllini tapa bilməz. Bölgədə irəli sürülən siyasi təşəbbüslər və onların baş tutmaması bir daha onu göstərir ki, bizim razılığımız olmadan heç bir məsələ öz həllini tapa bilməz.

İqtisadi cəhətdən Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil edilməlidir, qarşıya bu məqsədi qoymuşuq. Biz müasir ölkəyik. Ona görə, müharibənin birinci mərhələsi heç nəyi sübut etmir. Bir şeyi sübut edir ki, Azərbaycan xalqı və dövləti heç vaxt bu vəziyyətlə barışmayacaq və istənilən yolla öz ərazi bütövlüyünü bərpa edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR