Bank Of Baku

Azərbaycan prezidenti: “İnvestisiyaları ölkəyə lazım olan sahələrə tətbiq etməklə böyük uğurlara nail ola bilmişik”

Azərbaycan prezidenti: “İnvestisiyaları ölkəyə lazım olan sahələrə tətbiq etməklə böyük uğurlara nail ola bilmişik”
# 13 iyul 2010 23:20 (UTC +04:00)
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında yekun nitqində deyib.
Prezident qeyd edib ki, bu vəsaitin bir hissəsi ölkənin hərbi potensialının gücləndirilməsinə xərclənəcək, bir hissəsi iqtisadi infrastruktur layihələrinə, bir hissəsi isə sel və daşqınlar nəticəsində öz evlərini itirmiş insanların yaşayış səviyyəsinin qaldırılmasına yönəldiləcək.
İlham Əliyev vurğuladı ki, sel və daşqınlar böyük əraziləri məhv etmişdi, subasma halları baş vermişdi: “Bizim müvafiq qurumlar çox böyük məharətlə və peşəkarlıqla işlədilər. Mən bilavasitə bu məsələlərə rəhbərlik edirdim və gündəlik formatda məlumatlar gəlirdi, özüm şəxsən vəziyyətlə tanış olmuşdum. Deyə bilərəm ki, bütün qurumlar çox yaxşı işlədilər, gecə-gündüz bu təbii fəlakətin aradan qaldırılması üçün çox böyük işlər gördük. Həm dövlət qurumları, həm özəl sektor və onu da demək istəyirəm ki, özəl sektoru təmsil edən şirkətlər, onların böyük əksəriyyəti təmənnasız işlədilər. Yəni bu, həqiqətən bir həmrəylik nümunəsi idi”.
Azərbaycan dövləti təbii fəlakətin aradan qaldırılması ilə bağlı bütün işləri öz üzərinə götürüb. Azərbaycana müxtəlif ölkələrdən yardım göstərmək istəyən zənglər olub, müxtəlif ölkələrdən, dost ölkələrdən yardımlar təklif edilib: “Biz bütün bu təşəbbüslərdə olan insanlara, ölkələrə öz minnətdarlığımızı bildirmək istəyirik. Ancaq onu demək istəyirəm ki, bütün fəlakətin qarşısının alınması və bundan sonra o yerlərin, evlərin bərpası və bənd bərkitmə işlərinin aparılmasını Azərbaycan dövləti öz üzərinə götürür və bütün bu işləri biz özümüz edəcəyik”.
Əliyev qeyd etdi ki xilasetmə xidməti, səhiyyə nümayəndələri, təhsilin nümayəndələri, suyun idarə olunması ilə bilavasitə məşğul olan qurumlar, tikinti şirkətləri başqa strukturlar çox səmərəli işlədilər. Onun sözlərinə görə ən önəmli məsələ ondan ibarətdir ki, insan itkisinə yol verilmədi: “İnsanlar vaxtlı-vaxtında, vaxtından əvvəl o təhlükəyə məruz qala biləcək bölgələrdən köçürüldü, onların müvəqqəti yaşayışı təmin edildi, ərzaq məsələləri, səhiyyə məsələləri, yəni biz bütün bu işlərə operativ şəkildə qoşulduq və maksimum nəticəni də əldə edə bildik”.
Prezident bildirdi ki, bununla bərabər bu hadisələr Azərbaycan iqtisadiyyatına çox böyük ziyan vurub, insanların əmlakı dağılıb, minlərlə ev, minlərlə hektar torpaq su altında qalmışdı. Bu gün biz artıq bu vəziyyətin yaxşılaşması üçün əlavə tədbirlər görürük. Konkret planlar tərtib edilib. Biz ilk növbədə, dağılmış evləri qısa müddət ərzində bərpa etməliyik. Azərbaycan dövləti bu işi öz üzərinə götürür: “Bu da, deyə bilərəm ki, dünyada çox nadir olan bir haldır. Başqa ölkələrdə evlər sığortalanıb və dövlət demək olar ki, belə evlərin bərpası ilə məşğul olmur və vəsait də ayırmır. Yəni evlərin sahibləri sığorta şirkətlərindən vəsaiti alacaq və onun hesabına evləri bərpa edəcəklər. Azərbaycanda belə evlərin bərpası ancaq Azərbaycan dövlətinin üzərinə düşübdür və biz bunu edəcəyik. Baxmayaraq ki, o evlərin böyük əksəriyyəti keyfiyyətsiz materiallardan tikilmişdir və məhz buna görə su dəyən kimi dərhal dağıldı. Biz keyfiyyətli materiallardan istifadə edib evləri yaxın zamanlarda bərpa edəcəyik”.
İlham Əliyev qeyd etdi ki hökumət çalışacaq ki qış gələnə qədər işlərin tam əksəriyyəti görülsün və insanlar normal evlərə köçürülsünlər.
Bununla bərabər, bütün texniki məsələlər də həll olunmalıdır, bəndbərkitmə işləri də aparılmalıdır, bütün texniki qurğular saz vəziyyətə gətirilməlidir.
Prezident söylədi ki, gələn aylarda, bu rübdə Azərbaycanda minimum əməkhaqqı və minimum pensiyanın qaldırılması nəzərdə tutulur: “Bildiyiniz kimi, biz vaxtaşırı bu məsələlərə baxırıq və pensiyaların, əməkhaqlarının minimum məbləğini qaldırırıq. Hesab edirəm ki, növbəti aylarda biz yenə də bu məsələyə baxmalıyıq, Azərbaycanda minimum əməkhaqqı və pensiya qaldırılmalıdır. Azərbaycan dövlətinin imkanları var və biz elə etməliyik ki, insanlar ildən-ilə daha da yaxşı yaşasınlar, xüsusilə, o qədər də böyük imkanlara malik olmayan insanlar”.
Son altı ildə yoxsulluq şəraitində yaşayanların sayı dörd dəfə aşağı düşmüşdür. Ancaq buna baxmayaraq, hazırda ölkə əhalisinin 11% yoxsulluq şəraitində yaşayır. Əliyev bildirdi ki, bu insanlara dövlət öz qayğısını göstərməlidir və ünvanlı sosial yardım, eyni zamanda, minimum əməkhaqqı və pensiyanın qaldırılması sosial müdafiə işlərində çox mühüm addım olacaqdır.
Hökumətin vacib iş istiqamətlərindən biridə bütün sosial obyektlərin tikintisini davam etməkdir. İlin sonuna qədər səhiyyə, təhsil, idman, mədəniyyət sahələrində infrastruktur layihələri davam etdiriləcək, vəsait var və bu işlər sürətləndirilməlidir.
Dövlət başçısı bildirdi ki, sahibkarlığa Kömək Milli Fondu hesabından kreditlərin ayrılması daha da sürətli getməlidir: “Bu gün burada məlumat verildi ki, artıq ilin əvvəlindən müəyyən məbləğlər verilibdir, ancaq əsas məbləğ hələ ki, bölünməmiş qalır. Hesab edirəm ki, üçüncü rübdə kreditlərin əksəriyyəti verilməlidir ki, heç olmasa ilin sonuna qədər sahibkarlar bu il onlardan istifadə edə bilsinlər. Bu proqram artıq bir neçə ildir ki, aparılır və bu, çox səmərəli təşəbbüsdür: “Artıq verilən kreditlərin məbləği qayıdır və o qayıdan məbləğ yenidən işə salınır və beləliklə, biz böyük bir məbləği əldə etmişik. Bu il 100 milyon manatdan çox kreditlər veriləcək. Gələn il yəqin ki, bu məbləğ artacaqdır. Əsas odur ki, konkret, real layihələr, yəni ciddi layihələr təqdim olunsun və onlar tezliklə, keyfiyyətlə icra olunsun”.
O xüsusi olaraq qeyd etdi ki, Azərbaycan dövləti ölkənin inkişafı üçün lazım olan sahələri müəyyən edib və sahibkarlara da tövsiyə olub ki, onlar hansı sahələrdə bu kreditlərdən istifadə etsinlər. Bu aiddir soyuducu anbarların və taxıl anbarlarının tikintisinə: “Demək olar ki, qısa müddət ərzində hər bir bölgədə müasir soyuducu kameralar tikilibdir. Hələ ki, bu kameraların tikintisinə böyük ehtiyac var. Hesab edirəm ki, biz bu il və gələn il bu imkanlardan maksimum dərəcədə istifadə etməliyik. Bu kreditlər də çox yaxşı işləyir və bölgələrdə kənd təsərrüfatı, emal sənayesi, turizm sahələrində aparılan işlərin çox önəmli hissəsi bu kreditlər hesabına baş verir”.
Bu il Azərbaycanda “Ekologiya ili” elan olunduğunu xatırladan prezident söylədi ki, ilin birinci yarısında bu sahədə görülən tədbirlər öz nəticəsini verir. Artıq Azərbaycanda bu il bir neçə milyon ağac əkilib. Təkcə Bakı və Abşeron yarımadasında 800 min ağac əkilib və bu proses payızda davam etdiriləcək. Bu tətbiqlər daimi proses olmalıdır və Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür. Bu ay Azərbaycanın Avro-2 standartına keçməsini prezident çox vacib və əlamətdar hadisə kimi qiymətləndirib: “Bu, birinci addımdır, bu, bizim bu məsələyə nə qədər ciddi yanaşmağımızı göstərir. Ancaq bu addımdan sonra əlavə başqa addımlar da atılmalıdır. Yəni Avro-2 bizim son hədəfimiz deyil, ondan sonra Avro-3, Avro-4, Avro-5 var, görülən bütün işlər bu istiqamətə yönəldilməlidir”.
Ekologiya mövzusunu davam edən dövlət başçısı Bakıda məişət tullantıları zavodunun tikintisinin getdiyini qeyd etdi. Balaxanı poliqonunda görülən işlər artıq ekoloji vəziyyətin yaxşılaşmasına gətirib çıxarıb. Artıq o bölgədən ənənəvi tüstülər qalxmır: “Hamımız yaxşı xatırlayırıq ki, vaxtilə oradan qalxan tüstülər bütün şəhəri bürüyürdü və insanların sağlamlığına böyük ziyan idi. Artıq bu məsələ də öz həllini tapıb. Beləliklə, ekoloji vəziyyətin, xüsusilə Bakıda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün bu tədbirin görülməsi xüsusi əhəmiyyət daşıyır.
Bununla bərabər prezident deyib ki bütün bölgələrdə təmizləyici qurğular, içməli suyun verilməsi, kanalizasiya qurulması prosesi davam etməlidir. Bəzi rayonlarda işlər başlanıb, bəzi rayonlarda hələ ki yox. О bildirdi ki, qısa müddət ərzində bu sahədə də ciddi tədbirlər görülməlidir: “Bu məsələ öz həllini təcili surətdə tapmalıdır və qısa müddət ərzində bütün rayon mərkəzlərində, o cümlədən Bakıda içməli su, kanalizasiya sistemi yaradılmalıdır. Bakıda müəyyən işlər görülübdür, daha da böyük işlər görülməlidir. Elə etməliyik ki, Azərbaycan vətəndaşları hər bir yerdə, ölkəmizin istənilən nöqtəsində Dünya Səhiyyə Təşkilatının standartları səviyyəsində içməli su ilə təmin oluna bilsin”.
Onun sözlərinə görə, Oğuz-Qəbələ-Bakı su kəməri bu il istifadəyə verilməlidir. Bu kəmərin tikintisi artıq bir neçə ildir ki, uzanıb: “Düzdür, bunun müəyyən təbii səbəbləri vardır, çünki bu, bizim üçün yeni bir layihədir. Yəqin ki, bəri başdan hər şeyi hesablamaq çətin idi. Ancaq kəmərin tikintisi zamanı qarşıya çıxan texniki məsələlər bu işin yubanmasına gətirib çıxardı. Eyni zamanda tikinti zamanı lazım olan vəsaitin də çatmayacağı üzə çıxdı, yəni layihə bahalaşdı. Elə etməliyik ki, qısa müddət ərzində, ilin sonuna qədər Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilsin. Beləliklə, Bakı sakinlərinin içməli su ilə təchizatı yaxşılaşsın. Əsas məqsəd budur”.
Prezident vurğuladı ki bu çox böyük layihədir, bunun həm çox praktiki əhəmiyyəti var, eyni zamanda, o, rəmzi xarakter daşıyır. Neft kəmərindən əldə edilmiş gəlirləri su kəmərinin tikintisinə yönəlib. Bu layihənin ilin sonuna qədər uğurla başa çatdırılması tələb olunur.
Ümumiyyətlə, ekoloji vəziyyətlə bağlı görülən işlər təkcə bu məsələlərlə məhdudlaşmır. Azərbaycanda son 6 ildə milli parkların, qoruqların, yasaqlıqların ərazisi iki dəfə artıbdır. İndi Azərbaycan ərazisinin 10 faizi məhz milli parklar, qoruqlar, yasaqlıqlardır. Bu, çox böyük bir rəqəmdir və onu göstərir ki, dövlət təbii sərvətimizə, təbiətimizə çox böyük həssaslıqla yanaşır.
Prezident neft-qaz işlərin yaxşı getdiyini qeyd etdi: “Bununla bərabər xarici tərəfdaşlarla yeni kontraktlar imzalanır. Bu, onu göstərir ki, “Əsrin kontraktı”ndan artıq 16 il vaxt keçməsinə baxmayaraq, Azərbaycan xarici investorlar üçün maraqlı ölkə kimi cəlbedicidir və bizimlə iş görmək istəyən şirkətlərin sayı artır. Həm yeni şirkətlər, eyni zamanda bizim ənənəvi tərəfdaşlarımız maraq göstərirlər. Bu çox müsbət haldır. Bir tərəfdən onu göstərir ki, bizim həqiqətən də çox böyük neft-qaz sərvətlərimiz vardır ki, bu günə qədər biz kontraktlar imzalayırıq. Digər tərəfdən onu göstərir ki, ölkəmizdə xarici sərmayələr lazımi səviyyədə qorunur, Azərbaycan investisiyaların qorunması sahəsində çox böyük işlər görübdür. Biz xarici tərəfdaşlarla qarşılıqlı maraqlar əsasında işləyirik. Hər bir tərəf öz üzərinə düşən öhdəlikləri yerinə yetirir, o cümlədən Azərbaycan dövləti bütün hallarda kontraktda nəzərdə tutulmuş şərtlərə əməl edibdir və xarici şirkətlər də eyni yanaşmanı göstərir”.
Dövlət başçısı bildirdi ki Azərbaycan neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq nümunə kimi öyrənilə bilər. Beynəlxalq əməkdaşlıq nəticəsində əldə edilmiş gəlirlərin ədalətli bölünməsi və şəffaf şəkildə saxlanılması artıq dünya miqyasında bir nümunə kimi göstərilir.
Bununla bərabər, bu sahədə hasilatla bağlı məsələlərlə yanaşı, digər məsələlər də öz həllini tapmalıdır, xüsusilə, qaz sektorunda. Bu sahəyə dünyada indi daha da böyük maraq var. Azərbaycan artıq qazı ixrac edən ölkə kimi özünü təsdiqləyib və tərəfdaşlarının sayı artmaqdadır: “Bizim ixracımızın istiqamətləri artır. Biz həm mövcud olan bazarlara əlavə həcmdə qazın verilməsinə nail olmalıyıq, eyni zamanda, yeni bazarlara çıxmaq üçün əlavə tədbirlər görməliyik. Bizim qaz ehtiyatlarımız çox böyükdür. İndi onların ancaq cüzi hissəsindən istifadə olunur. Bundan sonra onilliklər ərzində, daha dəqiq ən azı yüz il ərzində Azərbaycan özünü etibarlı qaz təchizatçısı kimi göstərəcək”.
Bununla bərabər, ölkə daxilində qazlaşdırma prosesi gedir, yeni kəndlər qazlaşdırılır. Rayon mərkəzlərinin hamısına qazın verilməsinə nail ola bildik və elə etməliyik ki, orada abunəçilərin sayı da artsın. Yeni xətlərin çəkilməsi, kəndlərə qazın verilməsi prosesi davam etməlidir. Qaz anbarlarının həcminin artırılması işində yaxşı nəticələr var. Biz gələcəkdə də bu işlərə diqqət göstərəcəyik, prezident dedi.
Enerji sektorunda vəziyyətdən danışan prezident qeyd etdi ki bu il üç yeni kiçik hidroelektrik stansiyasının təməlini qoyulub. Azərbaycanda yeni proqram, bərpa olunan enerji növlərinin inkişafı proqramı çərçivəsində Göyçay, Ağdaş və Balakən rayonlarında bu stansiyalar artıq tikilməyə başlamışdır: “Bu yaxınlarda mən Balakəndə olarkən “Balakən-1” stansiyasının təməl daşını qoydum. Ancaq təkcə o rayonda 10 kiçik elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Artıq ölkəmizin bütün su resurslarının xəritəsi tərtib olunub. Bu xəritə əsasında bütün çaylarda, harada ki, imkan var, biz kiçik həcmli su elektrik stansiyaları qurmalıyıq. Beləliklə, bu həm ekoloji cəhətdən çox gözəl layihə, eyni zamanda, enerji təhlükəsizliyimizi təmin edən layihə olacaqdır. Təbii ki, ucuz enerjini istehsal etməklə biz daha çox qaza qənaət edəcək və onu ixrac edəcəyik”.
Eyni zamanda Azərbaycanda günəş elektrik enerjisinin yaradılması işində birinci addımlar atılmışdır. Prezidentin fikrincə Azərbaycanda günəş batareyaları istehsal edən sahələr də yaradılmalıdır: “Nəzərə alsaq ki, bu, bizim strateji və uzunmüddətli siyasətimizdir. Əlbəttə ki, birinci mərhələdə yəqin ki, o batareyalar xaricdən gətirilməlidir. Ancaq biz Azərbaycanda bu istehsalı təşkil etməliyik ki, vəsait Azərbaycandan getməsin və yerli şirkətlər, yerli sahibkarlar bu işlərdən faydalansınlar”.
Gələn ilin büdcəsi haqqında danışan prezident qeyd etdi ki büdcə maksimum dərəcədə vergilər, rüsumlar hesabına təmin edilməlidir. “Bizim valyuta ehtiyatlarımız artır. İlin sonuna qədər daha da artacaqdır. Ancaq biz bu ehtiyatlardan çox qənaətlə istifadə etməliyik. Biz resursları maliyyə resursları, kreditlər, investisiyalar şəklində ölkə iqtisadiyyatına qoymalıyıq ki, həmin layihələr də öz növbəsində milli gəlir gətirsin və bunun hesabına Azərbaycanın büdcəsi dolsun. Bu istiqamətdə görülmüş işlər təqdirəlayiqdir” prezident söylədi.
Əgər biz çox böyük investisiyaları qoymasaydıq, əgər biz bəzi beynəlxalq məsləhətçilərə qulaq assaydıq və ehtiyatları sadəcə olaraq yığsaydıq, bu gün Azərbaycan iqtisadiyyatı çox ağır vəziyyətə düşə bilərdi: “Biz bu böhrandan məhz ona görə uğurla çıxdıq ki, qeyri-neft sektoru hesabına iş yerləri açıldı, yerli istehsal işə başladı, idxaldan asılılıq azaldı. Biz demək olar ki, ərzaq məhsulları ilə özümüzü maksimum dərəcədə təmin edirik. Əgər kreditləri verməsəydik, infrastruktur layihələrini həyata keçirməsəydik, yolları çəkməsəydik, elektrik stansiyaları tikməsəydik, qazlaşdırma aparılmasaydı, onda bunların heç biri də olmazdı. Bizim indi bəlkə də 24 yox, 30, ya 28 milyard pulumuz olacaqdı, ancaq ölkədə proseslər mənfi istiqamətdə gedəcəkdi. Məhz o vaxt biz bax bu “Holland xəstəliyi” ilə üzləşə bilərdik. Amma biz öz yolumuzu seçdik. Biz ehtiyatları da yığdıq - bax bu il artan valyuta ehtiyatlarımız onu göstərir ki, bu artım gedir - eyni zamanda, lazım olan sahələrə investisiyaları böyük həcmdə yönəldə bildik”.
Prezidenti vurğuladı ki Azərbaycan hərtərəfli inkişaf edən ölkədir. “Bizim şəhərlərimiz abad, gözəl şəhərlərdir. Hər bir şəhərdə işlər gedir, sosial məsələlər həllini tapır. Deyə bilərəm ki, biz bu investisiyaları ölkəyə lazım olan sahələrə tətbiq etməklə böyük uğurlara nail ola bilmişik. Gələcəkdə dövlət investisiya proqramı geniş olmalıdır. Bu proqram 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramının tərkib hissəsidir. Yəni, 2013-cü ilə qədər biz ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələləri həll etməliyik. Qarşıya belə məqsəd qoyulub”.
Onun sözlərinə görə 2011-ci ilin dövlət büdcəsi həmişə olduğu kimi investisiya dönümlü olmalıdır.
Əsas, təcili, təxirəsalınmaz infrastruktur layihələri ya başa çatıb, ya da ki, icra olunur. Ona görə çox dəqiq və ciddi baxmalıdır ki, gələn il hansı sahələrə dövlət investisiyalarını yönəldək ki, ölkəmizin hərtərəfli inkişafı təmin edilsin, qeyri-neft sektoru inkişaf etsin, beləliklə ölkəmiz uzun illər bundan sonra da dayanıqlı iqtisadiyyata malik olsun”.
Əliyev ən əhəmiyyətli faktor kimi altı ayın göstəriciləri arasında ən qeyri-neft sektorunun artmasını qeyd etdi: “Qeyri-neft sektorunun 15,3% artması dövlətin iqtisadi siyasətinin nəticəsidir.”



1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR