Bank Of Baku

Azərbaycanda dörd müxalifət partiyası arasında seçki blokunun yaradılmasına dair müzakirələr aparılır

Azərbaycanda dörd müxalifət partiyası arasında seçki blokunun yaradılmasına dair müzakirələr aparılır
# 31 iyul 2010 09:22 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu APA-ya bildirib ki, bu müzakirələr Liberal, Ümid, Vətəndaş və İnkişaf, Demokrat partiyaları arasında aparılır. Yaxın vaxtlarda nəticənin əldə ediləcəyinə ümid edən S. Cəlaloğlu bildirib ki, indiki məqamda əsas məsələ seçki blokunun yaranmasıdır: “Biz blok yaratmalıyıq. Yumşaq əməkdaşlıq etməklə heç bir nailiyyət əldə edə bilmərik. Ona görə də blok yaradıb seçkilərdə vahid namizədlə iştirak etməliyik. Aparılan müzakirələrdə də blokun yaradılması fikri üstünlük təşkil edir”. S. Cəlaloğlu deyib ki, hələlik partiyalar arasında ardıcıl danışıqlar prosesinə start verilməyib: “Hələlik təmaslar var, fikirlər öyrənilir, görək ortalığa nə çıxara bilirik. Bu gün müxalifət cəbhəsindəki dağınıqlığı aradan qaldırmağa ehtiyac var və biz buna çalışırıq. Amma hamı eyni cür düşünmür”.

Demokratiya Uğrunda İttifaqa daxil olan bəzi partiyaların da yeni yaranacaq blokda təmsil olunacağı barədə yayılan xəbərlərə gəldikdə, S. Cəlaloğlu bildirib ki, bununla bağlı onlara heç bir müraciət edilməyib. Bununla belə, o bunu nəzəri cəhətdən mümkün sayır: “AXCP ilə Müsavat yaxınlaşandan sonra DUİ ilə Müsavat arasında məsafə əmələ gəlib. O məsafə getdikcə uzanır. Ola bilsin ki, müəyyən müddətdən sonra bu məsafə o qədər uzanar ki, Müsavatla DUİ-nin əməkdaşlığı bitər. Belə olan halda DUİ də siyasi müstəvidə yaranmaqda olan konfiqurasiyaların birinə meyl edə, o meyllərdən biri də bizim nəzərdə tutduğumuz birlik ola bilər. Bu məsələni biz müzakirə etməyə hazırıq. Müxalifəti bir blokda birləşdirməyə hazırıqsa, hansısa partiyaları kənarda qoymaq düzgün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR