Bank Of Baku

QAT-ın təşəbbüsü ilə yaradılan “Tərtər hadisələrinə dair İctimai Barışıq Komitəsi”nin üzvləri mətbuat konfransı keçirib

QAT-ın təşəbbüsü ilə yaradılan “Tərtər hadisələrinə dair İctimai Barışıq Komitəsi”nin üzvləri mətbuat konfransı keçirib
# 11 avqust 2010 10:08 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə yaradılan “Tərtər hadisələrinə dair İctimai Barışıq Komitəsi”nin üzvləri mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, QAT sədri Akif Nağı İctimai Barışıq Komitəsinə millət vəkilləri, hüquq müdafiəçiləri, media təmsilçiləri və tərəflərin nümayəndələrinin daxil olduğunu bildirib: “Belə qərara gəldik ki, bu komitə yaranırsa onun məqsədilə bağlı mətbuat konfransı keçirək. Ağdamın Şotlanlı kəndindən olan məcburi köçkünlərlə Tərtərin yerli sakinləri arasında anlaşılmazlıq baş verib. Burada bir problem var ki, həmin davadan rayon səviyyəsində olan məmurlar bəhrələnirlər. Onlar istəyirlər ki, şotlanlıların Tərtərdə hər hansı obyekti varsa, ora getməsinlər və həmin yer onlara qalsın. Lakin biz buna yol verməyəcəyik. Həbs olunanların arasında QAT-ın Tərtər rayon şöbəsinin sədri və təşkilatın 2 üzvü də var. Ümumilikdə bu hadisələrlə bağlı 9 nəfər saxlanılıb. Onlardan 4-ü Şotlanlı, 5-i isə Tərtər sakinləridirlər”.

Tədbirdə Tərtər rayonundan olan zərərçəkmişlərin nümayəndəsi Vaqif Qədimov da çıxış edərək, barışığın çox yaxşı bir hal olduğunu bildirib: “Biz hamımız azərbaycanlıyıq. Bizim bir düşmənimiz var. Barışıq mütləq lazımdır”.

Mətbuat konfransında hüquq müdafiəçiləri Çingiz Qənizadə, Səadət Bənənyarlı, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAM) rəhbəri Hacı İlqar İbrahimoğlu da çıxış edərək hər iki tərəfi barışığa çağırıblar.

Akif Nağı məsələ ilə əlaqədar daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralovla görüşmək istədiklərini bildirib: “Biz bununla bağlı prezidentə də müraciət edəcəyik”.

Qeyd edək ki, iyulun 6-da rayon Tərtər rayonunda Ağdamın Şotlanlı kəndindən olan məcburi köçkünlərlə yerli əhali arasında kütləvi iğtişaş baş verib. Hadisə ilə əlaqədar 9 nəfər həbs olunub. Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR