Bank Of Baku

Əhməd Oruc: “AXCP və Müsavat DUİ ilə razılaşmayacaqsa, bu, demokratik qüvvələrin parçalanması olacaq, bunun məsuliyyəti isə AXCP-nin üzərinə düşür”

Əhməd Oruc: “AXCP və Müsavat DUİ ilə razılaşmayacaqsa, bu, demokratik qüvvələrin parçalanması olacaq, bunun məsuliyyəti isə AXCP-nin üzərinə düşür”
# 11 avqust 2010 15:42 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyası ilə Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan partiyaların məsləhətləşmələri davam etdirilib. Bu barədə APA-ya Müsavat Partiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə parlament seçkilərində müxalifətin birgə iştirakı və dairələr haqqında müzakirələr aparılıb. Toplantıda, həmçinin növbəti kütləvi tədbirlər və eks-prezident Əbülfəz Elçibəyin vəfatının ildönümü ilə bağlı görüləcək tədbirlərlə əlaqədar fikir mübadiləsi aparılıb.

DUİ-yə daxil olan Azadlıq Partiyasının sədri Əhməd Oruc məsləhətləşmələrlə bağlı APA-ya deyib ki, görüşdə hər iki tərəf Müsavat və DUİ arasında indiyədək razılaşdırılmış məsələlərə sadiq olduğunu bildirib.

Ə. Oruc görüşdə Müsavat qarşısında heç bir şərtlə çıxış etmədiklərini qeyd edib.

Ə. Oruc DUİ-nin mövqeyini açıqlayaraq bildirib ki, AXCP ilə Müsavat arasında danışıqlar, məsləhətləşmələr digər partiyalara, onların aşağılanmasına yönəlməməlidir: «Bu danışıqlar guya «Azərbaycanda AXCP və Müsavatdan başqa partiya yoxdur» qənaətinin ortaya qoyulmasına xidmət etməməlidir. Biz indi də birlik tərəfdarıyıq, danışıqların birlikdə aparılmasını doğru, ən uğurlu variant hesab edirik. Əgər AXCP və Müsavat danışıqları ayrı aparacaqsa, DUİ ilə razılaşmayacaqsa, bu, faktiki olaraq demokratik qüvvələrin parçalanması demək olacaq. Bunun məsuliyyəti isə AXCP-nin üzərinə düşür. Ona görə ki, Müsavat Partiyası ən uğurlu variant kimi seçkiyə AXCP, Müsavat və DUİ-nin birgə getməsi fikrini irəli sürür. İnanıram ki, AXCP indiki mövqeyindən geri çəkilərək müxalifətin birliyi naminə konstruktivlik nümayiş etdirəcək».

Azadlıq Partiyasının sədri onu da deyib ki, əslində, AXCP-Müsavat-DUİ birliyinin yaradılması bu üç qurum arasında ən çox AXCP-yə lazımdır: “DUİ də, Müsavat da seçkiyə ayrılıqda, yaxud birlikdə qatıla bilər. Ancaq AXCP-nin ayrılıqda seçki zamanı hansı namizəd siyahısını ortaya qoyacağı, seçkidə hansısa nəticə qazanacağı şübhəli görünür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR