Bank Of Baku

Milli Məclisdə “Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər haqqında” Konstitusiya qanunu qəbul olunub

Milli Məclisdə “Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər haqqında” Konstitusiya qanunu qəbul olunub
# 30 sentyabr 2010 11:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Milli Məclisin payız sessiyası başlayıb. APA-nın xəbərinə görə, ilk iclasda öncə Milli Məclisin 2010-cu il payız sessiyasının qanunvericilik işləri planı haqqında məlumat verilib. Bildirilib ki, sentyabrın 30-u və oktyabrın 8-də keçiriləcək iclaslarda 34 məsələ müzakirəyə çıxarılacaq. İş planı səsverməyə çıxarılaraq qəbul olunub.

Cari məsələlərin müzakirəsi isə parlamentdə təmsil olunan iqtidar və müxalifət deputatlarının qarşılıqlı ittihamları ilə keçib. Əli Məsimli “Təhsil kreditləri haqqında” qanun layihəsinin payız sessiyasının qanunvericilik işləri planına daxil edilməsini təklif edib. Bu təklif Xanhüseyn Kazımlı və Vahid Əhmədov tərəfindən dəstəklənib. Musa Quliyev, Eldar İbrahimov, Arzu Səmədbəyli, Qənirə Paşayeva, İqbal Ağazadə isə bəzi qanun layihələrinə əlavə və dəyişikliklər edilməsi təklifini irəli sürüblər.

Deputat Siyavuş Novruzov isə müxalifəti tənqid edib: “Müxalifət deyir ki, imza toplamağa problem yaradılır. Bu cür metodlarla, bu cür fikirlərlə, bu cür sözlərlə hara gedəcəksiniz? Lazımdır, imza toplamağa kömək edək. 450 imzadır, toplamağa nə var ki... İmza toplaya bilmirsinizsə, necə mübarizə aparacaqsınız? Bizim irəli sürdüyümüz namizədlərlə öz namizədinizi tərəzinin gözünə qoyun”.

Fazil Mustafa da Müsavat Partiyasını və parlamentdəki “Müsavat” deputat qrupunu tənqid edib: “Bəlkə prezidentdən xahiş edək, sizi “Əməkdar müxalifətçi” adı ilə təltif etsin. Özləri inhisardan danışırlar, ən böyük inhisar elə müxalifətdədir”.

Spiker Oqtay Əsədov da deyilənlərə münasibət bildirib: “Müxalifətçilər çıxışlarında, qəzetlərində xalqın seçdiyi parlament üzvünün ünvanına nalayiq ifadələr işlədir, onları mənəviyyatsız adlandırılır. Bunu deyənlərin özləri mənəviyyatsızdır. Hər kəs öz fikrini söyləsin, amma təhqir etməsinlər”.

Müsavatçı deputat İkram İsrafil isə müxalifətin ünvanına səslənən ittihamların yersiz olduğunu deyib. O, üzünü F. Mustafaya tutaraq, “Sözlərinizə fikir verin. Səsləndirdiyiniz fikirləri sizə yaraşdırmıram”, söyləyib.

Cari məsələlərin müzakirəsindən sonra “Naxçıvan MR Konstitusiyasına əlavə və dəyişikliklər haqqında” Konstitusiya qanunu müzakirə olunaraq, qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR