Bank Of Baku

BDU-da “İki bədəndə bir can, Türkiyə-Azərbaycan – Əli bəy Hüseynzadə və Ziya Gökalp” simpoziumu keçirilib

BDU-da “İki bədəndə bir can, Türkiyə-Azərbaycan – Əli bəy Hüseynzadə və Ziya Gökalp” simpoziumu keçirilib
# 24 noyabr 2010 14:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bakı Dövlət Universitetində (BDU) Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin təşəbbüsü ilə “İki bədəndə bir can, Türkiyə-Azərbaycan – Əli bəy Hüseynzadə və Ziya Gökalp” simpoziumu keçirilib. APA-nın məlumatına görə, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndikdən sonra çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov türk dünyasının tanınmış şəxsiyyətləri, milli ideologiyanın daşıyıcıları haqqında bu səpkili tədbirlərin keçirilməsini təqdirəlayiq sayıb. A. Məhərrəmovun fikrincə, türk dünyasının vahid dili və himni olmalıdır ki, türk dövlətlərinin birgə tədbirlərində iştirakçılar bir-biri ilə daha yaxşı anlaşsın, hansı himn yaxşı ifa olundu, hansı bir qədər zəif ifa olundu kimi problemlər yaranmasın: “Bu, çox vacib məsələdir. Yəqin ki, bu məsələlər dövlət başçılarımızın fəaliyyətləri nəticəsində həll olunacaq”.

A. Məhərrəmov ortaq türk dilinin BMT-də beynəlxalq dil statusu almasının əhəmiyyətindən də danışıb: “Bu amil türklərin dünyada imkanlarını artıracaq. Necə ki, Avropa İttifaqı mövcuddur, eləcə də Türk Birliyi adlı qurum da yaradılmalıdır. Bu qurum türklərin inteqrasiyasına nail olmalıdır. Yüz ildən çox vaxt keçməsinə baxmayaraq, Əli bəy Hüseynzadənin və Ziya Gökalpın düşüncələrinin, ideyalarının əhəmiyyəti bəlli olur. Türk Birliyi yaradılan zaman bu şəxslərin ideoloji baxışlarından da bəhrələnmək zəruridir”.

Türk dünyasının inteqrasiyasında gənclərin rolunun əhəmiyyətindən danışan BDU-nun professoru Tofiq Hacıyev xatırladıb ki, həm Ə. Hüseynzadənin, həm də Z. Gökalpın siyasi fəaliyyəti gənc yaşlarından başlayıb: “Əli bəy Hüseynzadə Qafqazın şeyxülislamı Əhməd Salyaninin nəvəsidir. Onun ailəsi və təmasda olduğu insanlardan aldığı təlim-tərbiyə Əli bəy Hüseynzadənin cəmiyyətdə yüksək səviyyəli ziyalı kimi formalaşmasına səbəb olub. Təsadüfi deyil ki, Atatürk deyirdi mənim iki atam var, biri doğma atam Əlirza, ikincisi isə mənəvi atam Ziya Gökalp. Ziya Gökalp isə türkçülüklə bağlı Əli bəy Hüseynzadəni özünə müəllim sayırdı. Hətta Əli bəy Hüseynzadəyə öz dövründə türklüyün imamı da deyirdilər”.

Simpozium BDU-nun professoru İzzət Rüstəmov, yazıçı və müğənni Əhməd Şafak və gənclərin çıxışları ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR