Bank Of Baku

Fəzail İbrahimli: “Turqut Ərin kitabı Azərbaycan və Türkiyə dövlətinə, xalqına, millətinə təhqirdir”

Fəzail İbrahimli: “Turqut Ərin kitabı Azərbaycan və Türkiyə dövlətinə, xalqına, millətinə təhqirdir”
# 30 noyabr 2010 15:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. ““Azadlıqdan Tiranlığa” adlı kitabın arxasında həqiqət yox, siyasət dayanır. Bu kitabın müəllifi lənətlənməlidir”.

Bu açıqlamanı APA-ya Milli Məclisin deputatı, tarixçi-alim Fəzail İbrahimli deyib. O bildirib ki, Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq mətbuat katibi Turqut Ərin Türkiyədə nəşr etdirdiyi “Azadlıqdan Tiranlığa” adlı kitab Azərbaycan və Türkiyə dövlətinə, xalqına, millətinə təhqirdir: “Nəşrdə yer alan yazılar Azərbaycan xalqının halına acıyan və tarixini öyrənən şəxsin yox, Türkiyə-Azərbaycan əlaqələrini gərginləşdirməyə çalışan insanın qələmindən çıxıb. Türkiyə Ermənistanla sərhəddini açması üçün bütün tərəflərdən təzyiqlərə məruz qalır. Amma Türkiyə dövləti öz mövqeyini nümayiş etdirir. Azərbaycanın güman və güvənc yeri Türkiyədir”.

F. İbrahimli Turqut Əri Azərbaycan və Türkiyə dövlətlərinin düşmənlərinə xidmət etməkdə də ittiham edib: “Azərbaycan və Türkiyə münasibətləri elə qurulub ki, hansısa qələm sahibinin, ya da erməninin pulu ilə əsər yazan şəxsin kitabı ilə dağıla bilməz. Bu kitabda məqsəd ayrı-ayrı siyasi qrupları üz-üzə qoymaq istəyidir”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Turqut Ərin kitabını tarixi təhrif edən subyektiv yazı adlandırıb: «Tarixi təhrif etməsinin göstəricisi isə odur ki 90-cı illərin əvvəllərində Azərbaycandakı gərgin vəziyyətin hökm sürdüyü, dövlətçiliyin məhv olma təhlükəsi ilə üzləşdiyi dönəmə Turqut Ər demokratiya dövrü deyir. Azərbaycanda milli dövlətçiliyi, perspektiv bir dövlət sistemini yaradan Heydər Əliyevi isə «tiranlıqda» suçlayır. Burada artıq məqsəd aydındır ki o bunu nə üçün yazıb. Tarixi təhrif edən yazılar, Azərbaycandakı bugünkü inkişafı gözü götürməmək bu kitabın başlıca nöqsanlarıdır. Amma bizim mətbuatda belə mənasız əsərə diqqət yetirilməsi, yenidən çap olunması, Turqut Ərə haqq qazandırılması onu göstərir ki, bizdə də bəzi KİV-lər o tendensiyanı davam etdirirlər».

Bu kitabın Azərbaycan-Türkiyə münasibətlərinə mənfi təsir göstərib-göstərməyəcəyinə gəlincə, N. Cəfərov bildirib ki, belə bir təsir mümkün deyil: «Çünki Turqut Ər kimi adamların sayıqlamalarının bu münasibətlərə xələl gətirməsi mümkün deyil. Amma özlüyündə bu hadisə Azərbaycanda ziyalılar tərəfindən pislənilməlidir. Türkiyədə tanıdığım mühitdə bu kitabın pisləndiyini bilirəm».

Millət vəkili kitabda Turqut Ər tərəfindən «azərbaycançılıq mövzusunda yazması»na görə ittiham olunmasına da münasibət bildirib: “Əgər o özünü türkçü hesab edirsə, mənim qədər türkçü ola bilməz. Mənim yazdığım qədər bu barədə yaza bilməz. Mən bilirəm ki, azərbaycançılığın ideoloji əsasında türkçülük dayanır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR