Bank Of Baku

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ilk iclası keçirilib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ilk iclası keçirilib
# 07 dekabr 2010 13:57 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün dördüncü çağırış Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ilk iclası keçirilib. MM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda 10 məsələyə baxılıb.
Komitə üzvlərini gündəlikdəki məsələlərlə tanış edən sədr Səməd Seyidov bildirib ki, təsdiq olunmaq üçün parlamentin müzakirəsinə verilmiş bu sənədlər Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsinə dəlalət edir. Deputatlara “Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilənin təsdiq edilməsinə dair, həmçinin “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə qanun layihələri təqdim olunub. Sonra iclasda Azərbaycan, Gürcüstan və Rumıniya prezidentlərinin və Macarıstanın baş nazirinin Bakı Bəyannaməsinin təsdiq edilməsinə dair məsələdən bəhs edilib. Fikir mübadiləsində bu sənədlərin əhəmiyyəti və təsdiqinin zəruriliyi qeyd olunub.

Komitədə “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” müqavilənin, eləcə də “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiqinə dair məsələlərin əhəmiyyəti vurğulanıb.

Deputatlar gündəlikdəki növbəti üç məsələnin – “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın, “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin və həmin Sazişin “Yolların nişanlanması barədə” Protokolunun ratifikasiyasını da vacib sayıblar.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ilk iclasında “Təhsil haqqında” qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında məsələyə də münasibət bildirilib.

Fikir mübadiləsinin yekununda komitədə baxılan 10 məsələnin hamısı parlamentin plenar iclasının gündəliyinə tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR