Bank Of Baku

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib
# 10 dekabr 2010 12:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Bu gün Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda öncə komitənin yeni tərkibdə bundan sonrakı fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. Komitə sədri Ziyafət Əsgərov deyib ki, hazırda Azərbaycanda bir sıra hərbi qanunların yenidən işlənməsinə ehtiyac var: “Mövcud qanunların Hərbi Doktrinanın müddəalarına uyğunlaşdırılması vacibdir və bu sahədə işlər aparılacaq”.

Daha sonra deputatların təklifləri dinlənilib. İclasda «Təhsil haqqında» qanunun tətbiqi ilə əlaqədar «Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında», «Hərbi qulluqçuların statusu haqqında», «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» qanunlara əlavə və dəyişikliklərə dair qanun layihələrinə baxılıb.

«Hərbi qulluqçuların statusu haqqında»qanuna təklif olunan dəyişiklikdə bildirilir ki, elmlər doktoru elmi dərəcəsi almaq üçün çalışan hərbi qulluqçulara 6 ay, fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün çalışanlara 3 ay yaradıcılıq məzuniyyəti verilməlidir. Yaradıcılıq məzuniyyəti xidməti fəaliyyətin elmi işlə əlaqələndirilməsi şərti ilə ali təhsil və elmi tədqiqat müəssisəsinin elmi şurasının təklifi və Silahlı Qüvvələr, qoşun növü komandanlarının, müvafiq icra hakimiyyəti orqanının idarə, müstəqil şöbə və xidmət rəislərinin, onlara bərabər və onlardan yuxarı olan şəxslərin razılığı ilə elmi iş müəllifinin xidmət etdiyi hərbi hissə komandiri tərəfindən verilir.

Millət vəkili Zahid Oruc qanunvericilikdə magistratura təhsili alan tələbələrə hərbi xidmətdən möhlət hüququ verilməsi üçün dəyişiklik edilməsini təklif edib. Komitə sədrinin müavini Aydın Mirzəzadə isə bunun əleyhinə çıxaraq bildirib ki, bu məsələ hərbi xidmətdən yayınmalara gətirib çıxara bilər.

Sonda əlavə və dəyişikliklər parlamentin iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR