Bank Of Baku

AXCP sədrinin müavini: “Müsavat rəhbərliyində birləşmək məsələsi ilə bağlı tərəddüdlər var”

AXCP sədrinin müavini: “Müsavat rəhbərliyində birləşmək məsələsi ilə bağlı tərəddüdlər var”
# 20 dekabr 2010 12:15 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “AXCP-nin Müsavat Partiyası ilə qeyd-şərtsiz birləşmək barədə rəsmi qərarı var. Sonrakı proseslərin hansı istiqamətdə gedəcəyi Müsavat Partiyasının atacağı addımdan asılıdır”. Bunu APA-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. Onun sözlərinə görə, partiyaların birləşmək ideyası ilə bağlı Müsavat Partiyasının rayon təşkilatlarında birmənalı mövqe var: “Sadəcə olaraq partiya rəhbərliyində birləşmək məsələsi ilə bağlı tərəddüdlü mövqeyi müşahidə olunur”.

F. Qəhrəmanlı İsa Qəmbərin AXC-nin yaranmasının ildönümündə etdiyi çıxışla bağlı Müsavat funksionerlərinin sonradan söylədiyi açıqlamalara da münasibət bildirib: “Söhbət İsa bəyin nəyin necə deməsindən getmir. Tutaq ki, İsa bəy bununla bağlı ümumiyyətlə fikir səsləndirməyib. Bu gün biz bu sözdən yox, bugünkü siyasi zərurətdən danışmalıyıq. Bugünkü siyasi zərurət isə AXCP ilə Müsavatın birləşməsini ortaya çıxarır, bunu diqtə edir. Biz Müsavat Partiyasındakı prosesləri müşahidə edirik. İstəyimiz odur ki, Müsavatdakı daxili tərəddüdlər pozitiv məcraya yönəlsin, partiyanın birləşməklə bağlı qərarı müəyyənləşsin”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə APA-ya açıqlamasında F. Qəhrəmanlının Müsavatın rayon təşkilatları ilə rəhbərliyi arasında birləşmək mövzusunda fikir ayrılığının olması barədə dediklərinə təəccübləndiyini söyləyib: “Müsavat Partiyasında bir çox məsələ, o cümədən müxalifətin inteqrasiyası ilə bağlı vahid mövqe mövcuddur. Müsavat Partiyasının rayon təşkilatları ilə rəhbərliyi arasında hansısa fikir ayrılığı mövcud deyil, belə bir iddianın irəli sürülməsi məni təəccübləndirir. Hər halda, Müsavatdakı əhval-ruhiyyəni biz daha yaxşı bilirik. Partiyamızda olan əhval-ruhiyyə İsa bəyin inteqrasiya məsələsində mövqeyi ilə üst-üstə düşür. Bu baxımdan, Müsavat Partiyasının istər rəhbərliyində, istərsə də yerli strukturlarında müxalifətin inteqrasiyası ilə bağlı vahid mövqe var”.

A. Hacılı F. Qəhrəmanlının Müsavat rəhbərliyində partiyaların birləşməsi ilə bağlı tərəddüdlərin olması barədə deyilənlərlə də razılaşmadığını vurğulayıb: “Heç bir tərəddüdümüz yoxdur. Biz inteqrasiya ilə bağlı konkret planımızı ortaya qoymuşuq. Bütövlükdə müxalifətin inteqrasiyası istiqamətində fəaliyyət İsa Qəmbərin AXC-nin 21-ci ildönümündəki çıxışından sonra başlayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR