Bank Of Baku

Əli Əliyev Müsavat başqanını hakimiyyətlə bazarlığa getməkdə ittiham edib

Əli Əliyev Müsavat başqanını hakimiyyətlə bazarlığa getməkdə ittiham edib
# 21 dekabr 2010 09:46 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. O Müsavat Partiyasının AXCP-Müsavat birliyindən aydın şəkildə yayındığını, birliyin baş tutması üçün bu partiya tərəfindən müvafiq addımlar atılmadığını bildirib: “Bunun sübutuna yəqin ki, çox qalmayıb, Müsavat Partiyasının qurultayında hər şey aydın olacaq. Mənim qənaətim odur ki, Müsavat Partiyası növbəti dəfə qeyri-səmimi davranır və həqiqətdə ümumi müxalifət düşərgəsinin deyil, Müsavat Partiyasının maraqları önə çəkilir”.

Ə. Əliyev deyib ki, 2009-cu ildə İsa Qəmbər əvvəlcə müxalifətin “Qarabağ və Respublika Uğrunda Hərəkat”ın çökməsinə yönəlik addımlar atıb, sonra isə “Azadlıq” blokunu sıradan çıxarmağa çalışıb: “Bunun nəticəsi olaraq 2010-cu ildə müxalifət parlament seçkilərinə pərakəndə halda qatıldı”.

VİP sədri bildirib ki, İ. Qəmbərin “Azadlıq” blokunu dağıtmaqdan ötrü AXCP ilə birləşmək istiqamətində açıqlama verməsində məqsəd hakimiyyətlə bazarlıq edərək Müsavat Partiyasının növbəti dəfə parlamentdə yer qazanması olub: “Bu təmsilçilik müxalifət düşərgəsində müəyyən üstünlük verir. Ola bilsin ki, bunun hansısa maddi tərəfləri də var. Ancaq istənilən halda, hakimiyyətlə üstüörtülü bazarlıq edilirdi, bu bazarlığın detallarının nədən ibarət olduğu da görünürdü. Məsələn, hakimiyyət İsa Qəmbərin namizədliyini irəli sürdüyü seçki dairəsindən öz namizədini geri çəkdi. Sonra isə Müsavat Partiyası başa düşülməyən tərzdə MSK-ya təmsilçi göndərmək barədə qərar verdi. Bütün bunların müqabilində Müsavat Partiyasına, xüsusilə də partiya başqanına mandat istənilirdi. Hakimiyyət isə İsa Qəmbərin addımlarını onun istədiyi tərzdə dəyərləndirmədi. Ona görə də “başqanlıqdan 2010-c ildə gedəcəyəm” bəyanatını verən şəxs indi “mən gedərəmsə, partiya dağılar” tezisini cəmiyyətə sırımağa çalışır. Əslində bu, “hakimiyyət mandat vermədisə, mən partiya başqanlığında qalıram” kimi başa düşülməlidir. İndi İsa Qəmbərin guya partiyada qalması üçün yazılan “zəhmətkeş məktubları” və digər addımlar onun növbəti dönəmdə də partiya sədri olmasına istiqamətlənmiş məqsədli addımlardır. Müsavat Partiyasından səslənən bəyanatlar, hazırlanan “zəhmətkeş məktubları” nədənsə parlament seçkisindən sonra başladı. Çünki sonuncu bazarlıqda İsa Qəmbər aldadıldı və ona mandat vermədi. Sizi əmin edirəm ki, sonuncu parlament seçkisində İsa Qəmbərə mandat verilsəydi, o, başqanlıqdan gedəcəkdi”.

Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu isə APA-ya açıqlamasında Ə. Əliyevin söylədikləri ilə razılaşmadığını bildirib: “Azadlıq” blokunun dağılmasında İsa Qəmbərin rolunun olmasını birinci dəfədir Əli Əliyevdən eşidirəm. Əgər həqiqətən də bununla bağlı hakimiyyətin sifarişi olduğunu bilirdilərsə, bir az da möhkəm birlikdə olardılar, blokun parçalanmasına imkan verməzdilər. O ki qaldı İsa Qəmbərin hakimiyyətlə mandat sövdələşməsinə getməsinə, həmin dairədə seçkinin necə keçirilməsini hər kəs gördü. Bu da sübut edir ki, Əli Əliyev qərəzlidir və kiminsə sifarişi ilə danışır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR