Bank Of Baku

İsa Qəmbər: “Parlament seçkisinin nəticələrinə əsasən YAP-dan sonra ən çox səsi Müsavat Partiyası alıb”

İsa Qəmbər: “Parlament seçkisinin nəticələrinə əsasən YAP-dan sonra ən çox səsi Müsavat Partiyası alıb”
# 29 dekabr 2010 15:40 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyasının başqanı İsa Qəmbər KİV nümayəndələri ilə görüş keçirib. APA-nın məlumatına görə, İ. Qəmbər “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin 2001-ci ildə ona təqdim etdiyi “Jurnalistlərin dostu” mükafatını təşkilata qaytaracağını deyib. İ. Qəmbər bildirib ki, bu addım onun jurnalistlərin dostluğundan imtina etməsi mənasına gəlmir: “Mən bundan sonra da jurnalistlərin dostu olaraq qalacağam”.

Digər müxalifət partiyaları ilə birgə dekabrın 28-də İctimai Palata yaratdıqlarını xatırladan Müsavat lideri bunun 2010-cu il üçün ən müsbət və tarixi hadisə olduğunu söyləyib. O qeyd edib ki, İctimai Palataya digər partiyalar, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri və ziyalılar bundan sonra da qoşula bilər.

İ. Qəmbərin fikrincə, Müsavat Partiyası 2010-cu ildə də ölkənin aparıcı siyasi qüvvəsi olaraq qalıb. Onun sözlərinə görə, 7 noyabr parlament seçkisinin nəticələrinə əsasən YAP-dan sonra ən çox səsi Müsavat Partiyası alıb və bu amil partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsində də nəzərə alınmalıdır. İ. Qəmbər hesab edir ki, Müsavatla yanaşı, AXCP, KXCP və AMİP də dövlət büdcəsindən maliyyələşməlidir: “Bu partiyaların sonuncu parlament seçkisində topladığı səslər Milli Məclisdə təmsilçilik qazanmış partiyaların səsindən az deyil, çoxdur. Həm də, partiyalar maliyyələşərkən onların tarixi, qazandığı mövqe və digər məqamlar da nəzərə alınmalıdır”.

Hazırda Müsavat Partiyasında hansısa gərginliyin olmadığını vurğulayan İ. Qəmbər deyib ki, partiyanın hər qurultayında rəhbərliyin təxminən 50 faizi dəyişir: “Bu dəfə də belə olacaq. Sadəcə, bəzi dostlar qurultayı gözləməyib tələsdilər, onların yerinə isə yeniləri seçildi”.

İ. Qəmbər 2011-ci ildə Müsavat Partiyasının 100 illiyinin keçirilməsi ilə bağlı təşkilat komitəsinin yaradılacağını, yubiley münasibətilə həm ölkədə, həm də ölkədən kənarda tədbirlər keçiriləcəyini açıqlayıb.

Müsavat başqanı hicab mövzusuna dair sualı cavablandırarkən bəyan edib ki, bu məsələdə konsensus yolu ilə müvafiq qərarlar qəbul edilməlidir: “Elə qərarlar qəbul olunmalıdır ki, heç bir kəsimin maraqlarına, azadlıqlarına problem yaranmasın və cəmiyyətin ortaq qərarları olsun. Cəmiyyətin ortaq qərarları olan yerdə istənilən qərarlar problem yaratmır. Əksinə, cəmiyyətin stabilliyi və inkişafı üçün baza yaranmasına şans verir”.

İ. Qəmbər bildirib ki, Azərbaycan həmişə vicdan azadlığına, digər dinlərdən, millətlərdən olan kəsimlərə, qruplara dözümlü yanaşılan bir məmləkət olub: “Xalqımız da bu məsələlərdə müasir dövrə uyğun tolerantlıq nümayiş etdirib. Buna görə də Azərbaycanda dini müstəvidə inqilabların ola biləcəyini ehtimal edə bilmirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR