Bank Of Baku

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi iki məsələyə baxıb

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi iki məsələyə baxıb
# 21 yanvar 2011 13:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Yanvarın 21-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda iki məsələyə baxılıb.

Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov gündəlikdəki məsələlər barədə məlumat verərək bildirib ki, 2010-cu il noyabrın 18-də Bakıda imzalanmış “Xəzər dənizində təhlükəsiz əməkdaşlıq haqqında” saziş ratifikasiya olunmaq üçün Azərbaycan prezidentinin imzası ilə parlamentə təqdim olunub. Bu saziş çərçivəsində 5 Xəzəryanı dövlət – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan terrorçuluq, mütəşəkkil cinayətkarlıq, silah-sursatın və narkotik vasitələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, brakonyerlik, insan alveri və qanunsuz miqrasiya ilə mübarizədə, həmçinin dəniz gəmiçiliyinin və üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq edəcək.

Sonra gündəlikdəki ikinci məsələ barədə məlumat verilib. “Azərbaycan hökuməti ilə Qazaxıstan hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” sazişin əhəmiyyətindən bəhs olunub.

Komitə üzvləri hər iki sazişin təsdiq olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunmasını qərara alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR