Bank Of Baku

“İslahat” deputat qrupu Azərbaycanın siyasi sistemində fundamental islahatların aparılması ilə bağlı hazırladığı layihəni Milli Məclis rəhbərliyinə təqdim edib

“İslahat” deputat qrupu Azərbaycanın siyasi sistemində fundamental islahatların aparılması ilə bağlı hazırladığı layihəni Milli Məclis rəhbərliyinə təqdim edib
# 01 fevral 2011 09:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. ““İslahat” deputat qrupunun Konstitusiyaya dəyişiklik edilməsi, o cümlədən Azərbaycanın siyasi sistemində fundamental islahatların aparılması ilə bağlı hazırladığı layihə artıq Milli Məclisin rəhbərliyinə təqdim olunub”.

Deputat qrupunun üzvü, Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafa APA-ya açıqlamasında təkliflər paketində yer alan ümumi müddəalar barədə məlumat verib: “Layihə seçkidə qalib gəlmiş partiyanın hökuməti formalaşdırmasını, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Azərbaycan Respublikasının Konstitusiyası ilə uyğunlaşdırılmasını, siyasi partiyaların fəaliyyətinin gücləndirilməsini, parlamentdə fraksiya yaradılmasını, Milli Məclisə proporsional seçki qaydasında seçkilərin keçirilməsini, eks-prezidentlərin statusu haqqında qanunun qəbulunu, Nazirlər Kabinetinin formalaşmasında parlament seçkilərində qalib gəlmiş partiyaya üstünlük verilməsini, parlamentdə reqlament qaydalarını, Nazirlər Kabinetinin istefasını və digər demokratik dəyərləri özündə əks etdirən məsələləri əhatə edir. Fikrimcə, təkliflər paketində islahat proqramı sayıla biləcək çox sayda yeniliklər yer alıb”.

F. Mustafa bildirib ki, qanun layihəsində hökumətin formalaşmasında partiya koalisiyasının mümkünlüyü də qeyd olunub: “Məsələn, rəsmi statistikaya görə, mövcud parlamentdə Yeni Azərbaycan Partiyası ən çox deputatla təmsil olunub. Amma YAP-ın nə Milli Məclis rəhbərliyində, nə də hökumətin təşkilində partiya olaraq heç bir hüququ yoxdur. Ümumiyyətlə, Milli Məclisdə təkpartiyalı parlament formalaşıb və partiya qərarı ilə olmasa da, Milli Məclisin idarə olunmasında əsasən YAP və onu dəstəkləyən bitərəflər iştirak edir. Lakin parlamentdə müxalifətin heç bir iştirak mexanizmi nəzərdə tutulmayıb. Müxalifətçilər beynəlxalq nümayəndə heyətlərində, o da tələb olunduğuna görə, yer alır. Bu kimi məsələlərdə ciddi islahatlara ehtiyac var”. BQP sədri dəyişikliklərlə bağlı təkliflər paketinin parlamentin müvafiq komitəsində hələ müzakirəyə çıxarılmadığını da deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR