Bank Of Baku

Müsavatın Şahbuz rayon təşkilatının sabiq sədri: “Rauf Arifoğlu ilə telefon danışığım olmayıb və ondan iş istəməmişəm”

Müsavatın Şahbuz rayon təşkilatının sabiq sədri: “Rauf Arifoğlu ilə telefon danışığım olmayıb və ondan iş istəməmişəm”
# 02 fevral 2011 16:24 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. “Son günlər “Yeni Müsavat” qəzetindəki yazılar və Rauf Arifoğlunun fikirləri ilə əlaqədar olaraq bildirirəm ki, mənim Naxçıvan televiziyasında çıxışım olmayıb və ora dəvət almamışam. İstefa verməyim üçün isə hansısa bir təzyiqlə üzləşməmişəm. Əgər təzyiqlərdən qorxsaydım, uzun illər müxalifət düşərgəsində fəaliyyət göstərməzdim”. Bu açıqlamanı APA-ya Müsavat Partiyasının Şahbuz rayon təşkilatının sabiq sədri Məmmədqulu Əliyev verib. O bildirib ki, yanvarın 29-da yaydığı bəyanat və səsləndirdiyi fikirlər partiyada yaranmış vəziyyətlə əlaqədardır: “Rauf Arifoğlu partiyanın gün-gündən zəifləyən mövqeyini qorumaq üçün bu cür çıxışlar edir. Mən istərdim ki, etik qaydalara əməl olunsun. “Bizimlə olmayan düşmənimizdir” və ya “satılıb” fikirləri özünü demokratik sayan heç bir qəzetə və şəxsə nüfuz gətirməz. Uzun illər bir yerdə olmuş, partiyanın yaranmasında mühüm əməyi olan şəxslər haqqında şər-böhtan səsləndirilməsini təəssüf hissi ilə qarşılayıram. İstefamın səbəbləri bəyanatımda açıq aydın göstərilib. Həqiqi müsavatsevərlərə şər-böhtan yazmaqdansa, reallıqlara baxmağı və partiya daxilində gedən oyunları çözməyi, regionçuluqdan uzaq olmağı tövsiyə edərdim. Əlavə olaraq bildirirəm ki, mənim Rauf Arifoğlu ilə telefon danışığım olmayıb və ondan iş istəməmişəm. Siyasi fəaliyyətimlə bağlı atacağım addımlar barədə gələcəkdə bildirəcəyəm”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə APA-ya deyib ki, Məmmədqulu Əliyev uzun illər rəhbəri olduğu qəzetin Naxçıvan üzrə bölgə müxbiri olub: “Amma o özü mənə dedi ki, ona göstərilən təzyiqlər nəticəsində özü və oğlu Türkiyəyə gedir. Bu barədə biz bir neçə il əvvəl qəzetdə də yazmışıq. O, uzun müddət Türkiyədə fəaliyyət göstərib, işləyib və özünü qoruyub. Daha sonra isə Şahbuza qayıdıb. Təxminən bir ay əvvəl mənə zəng vurub dedi ki, onu yenə möhkəm sıxışdırırlar, oğlunun həbs təhlükəsi var. Buna görə də xahiş etdi ki, onun vaxtilə mövcud olan vəzifəsinə qaytarım, yaxud ən azından ona qəzetin vəsiqəsini verim ki, özünü qoruya bilsin. Mən isə ona bildirdim ki, artıq “Yeni Müsavat” qəzetində bölgə müxbiri ştatı yoxdur, ona görə də bunu edə bilməyəcəyəm. Aramızdakı söhbət bundan ibarət olub. Mən onu günahlandırmıram. Artıq bir neçə ildir ki, o, rayon səviyyəsində təzyiqlərə məruz qalırdı, görünür, belə bir təhlükə onu son addımını atmaq məcburiyyətində qoyub. Bundan sonra onun nə deyəcəyi əslində məni maraqlandırmır. Sadəcə, çox təəssüf edirəm ki, ona kömək etməyə əlim çatmır”.

Xatırladaq ki, Müsavat Partiyasının Şahbuz rayon təşkilatı sədri Məmmədqulu Əliyev yanvar ayının 29-da bəyanat yayaraq partiyada tutduğu vəzifədən və üzvlükdən istefa verib. İki gündən sonra isə “Yeni Müsavat” qəzetində R. Arifoğlunun M. Əliyevlə bağlı açıqlaması çap olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR