Bank Of Baku

Tofiq Yaqublu: “Qarabağ və Respublika Uğrunda Hərəkatın bərpası İctimai Palataya alternativ yaratmaq cəhdidir”

Tofiq Yaqublu: “Qarabağ və Respublika Uğrunda Hərəkatın bərpası İctimai Palataya alternativ yaratmaq cəhdidir”
# 03 fevral 2011 11:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Qarabağ və Respublika Uğrunda Hərəkatın bərpası ilə bağlı ağıla gələn budur ki, hərəkat İctimai Palataya alternativ olaraq yaradılır. Məqsəd müxalifət düşərgəsində İctimai Palatanın nüfuzunun aşağı salınması üçün söz-söhbət və mübahisələr yaratmaqdır”. Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu deyib. O bildirib ki, iqtidar zaman-zaman müxalifət daxilində alternativ qurumlar yaradılması variantlarından istifadə edir: “İqtidar özünə müxalif olan siyasi partiyaların dublikatını yaratmaqla cəmiyyətdə çaşqınlıq yaratmağa çalışır. AXCP-nın və Müsavat Partiyasının timsalında bunu görmək olar. Bu yol özünü doğrultmayıb. Amma iqtidar bu yoldan əl çəkmir. İctimai Palata parlament seçkilərindən sonra müxalifət düşərgəsində yaranan və bütün təbəqələrin təmsil olunduğu ciddi təşkilatdır. Qarşısına da ciddi məqsədlər qoyub, ölkədə siyasi hakimiyyəti dəyişməyi hədəf götürüb. Sözsüz ki, bu, hakimiyyəti narahat edir”.

T. Yaqublu bildirib ki, Qarabağ və Respublika Uğrunda Hərəkatın bərpası iqtidarın İctimai Palataya qarşı alternativ yaratmaq planının tərkib hissəsidir: “Mən bu versiyaya inanmağa meylliyəm. Ona görə ki, bu hərəkatı bərpa etmək istəyənlər müxalifətin böyük kəsiminin yaratdığı İctimai Palatada təmsil oluna bilərdilər. Proses getdikcə hər şey aydınlaşacaq”.

Qarabağ və Respublika Uğrunda Hərəkatın bərpasının təşəbbüskarlarından olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə müxalifət daxilində alternativ qurum yaratmaq niyyətində olmadıqlarını vurğulayıb: “Müxalifətdə monopoliya qurmaq niyyətində olanlar bizi alternativ görürlər. Bizim məqsədimiz iqtidara qarşı mübarizə aparmaqdır. Müxalifətin daxilində güclərin parçalanmasını əsas hədəf kimi qarşımıza qoymamışıq. Məqsədimiz hakimiyyətin Azərbaycanda qurduğu sistemi zəiflətmək, mümkün olsa, hakimiyyət dəyişikliyinə nail olmaqdır. Bildiyimə görə, İctimai Palatada təmsil olunanlar Azərbaycanda hakimiyyətdə deyillər”.

Ə. Əliyevin fikrincə, Azərbaycan müxalifətinin məğlubiyyətinin kökündə bu cür qısqanc münasibət, müxalifətdaxili hegemonluğun qorunub saxlanması cəhdləri durur. VİP sədrinin sözlərinə görə, kimsə onların bərpa etmək istədiyi qurumu İctimai Palataya alternativ görüb, öz virtual hakimiyyətinə rəqib görəcəksə, bu, həmin şəxslərin problemidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR