Bank Of Baku

AXCP ilə Müsavat arasında ciddi narazılıq baş verib

AXCP ilə Müsavat arasında ciddi narazılıq baş verib
# 03 fevral 2011 11:18 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. ““Azadlıq” qəzetində yazılmış yazılar Müsavat Partiyasında narahatlıq yaradıb. Ona görə də biz dünən Rəyasət Heyətinin sonuncu fövqəladə iclasını Müsavat Partiyasının qərargahında keçirərkən qərara aldıq ki, bundan sonra ayrı-ayrı tədbirlərin keçirilməsi üçün Müsavatın qərargahından istifadə etməyək. Müsavat Partiyasında elə bilirlər ki, “Azadlıq” qəzetində bu partiya ilə bağlı gedən məlumatlar AXCP ilə bilavasitə əlaqədardır. Ancaq Müsavatla bağlı bu məlumatlar digər qəzetlərdə də gedir, AXCP isə mətbuat üzərində hər hansı nəzarət keçirə bilməz”. Bu açıqlamanı APA-ya AXCP sədrinin müavini Nurəddin Məmmədli verib. O deyib ki, Rəyasət Heyətinin fevralın 2-də keçirilmiş iclasında Müsavat Partiyasının qərargahından bundan sonra istifadə etməməklə bağlı qərar ciddi müzakirələrdən sonra verilib: “Belə qərara gəldik ki, kimlərinsə münasibətində hər hansı neqativ çalar varsa, bunun artmasına imkan verməmək, partiyalararası münasibətlərin daha da pisləşməsinə şərait yaratmamaq üçün burada iclas keçirməkdən imtina edək. Çünki məsələyə bu cür yanaşmaq qərəzlidir. “Yeni Müsavat” qəzeti bizim haqqımızda dəfələrlə reallığa söykənməyən, şantaj, böhtan dolu yazılar yazıb. Ancaq biz bunu heç zaman Müsavat Partiyasının fəaliyyəti ilə əlaqələndirməmişik. Təəssüf ki, bizə qarşı bu cür münasibət sərgiləndi. Ancaq Müsavat böyük təşkilatdır, orada hamı eyni cür düşünmür”.

N. Məmmədli “AXCP Müsavatın qərargahından imtina etdikdən sonra “Azadlıq” qəzeti Müsavat barədə yazmaqdan imtina edəcək, yoxsa Müsavat “Azadlıq”ın yazdıqlarından inciməyəcək” sualını isə konkret cavablandırmayıb.

APA-nın əldə etdiyi məlumatda isə bildirilir ki, fevralın 2-də Müsavat Partiyasının qərargahında Müsavat başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimli arasında mübahisə düşüb. Mübahisəyə “Azadlıq” qəzetində Müsavat əleyhinə gedən davamlı yazılar səbəb olub. Ə. Kərimli Rəyasət Heyətinin iclasına da əsəbi şəkildə daxil olub. N. Məmmədli isə APA-ya açıqlamasında bildirib ki, Ə. Kərimlini heç kim əsəbiləşdirə bilməz: “Dünən onların arasında həqiqətən də belə söhbət olub. Ancaq o söhbətin bizə heç bir aidiyyəti yoxdur, heç söhbətin detalları barədə məlumatlı da deyiləm. Ancaq onu deyə bilərəm ki, Əli Kərimlini kimsə əsəbiləşdirmək istəsə belə, alınmaz. Bu, real nəticəsi olmayan bir cəhddir”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya deyib ki, AXCP-nin toplantılarının Müsavatın qərargahında keçirilməsinə heç kəs qadağa qoymayıb və qoya da bilməz. A. Hacılı bildirib ki, AXCP 7 noyabr parlament seçkilərinə start verilməzdən əvvəldən indiyədək onun öz otağından və telefonundan istifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR