Bank Of Baku

Arif Hacılı: “Sülhəddin Əkbərin iddiaları əsassız və məntiqsizdir”

Arif Hacılı: “Sülhəddin Əkbərin iddiaları əsassız və məntiqsizdir”
# 03 fevral 2011 11:36 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “Müsavat Partiyasının rəhbərliyinin AXCP ilə birləşmənin baş tutacağı halda, hətta partiyanın adı Müsavat olsa belə, təşkilatın bizim nəzarətimizdən çıxmasından ehtiyatlanmağımız barədə Sülhəddin Əkbərin iddiası tamamilə əsassızdır. Müsavat Partiyasının başqanını Müsavat Partiyasının üzvləri seçəcək və Müsavatın üzvləri yəqin ki, Müsavat rəhbərliyinin sözünə, mövqeyinə üstünlük verəcəklər. Ona görə də belə bir iddia ağlasığmazdır”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O bildirib ki, S. Əkbərin söylədikləri həm də məntiqsizdir: “Əgər Sülhəddin Əkbər hesab edirsə ki, AXCP-nin fəaliyyəti Müsavat Partiyasının fəaliyyətindən daha önəmlidir, onda sual vermək lazımdır ki, niyə o, AXCP-yə üzv olmur? Digər tərəfdən, partiyanın sədrinin seçilməsi təbii ki, partiyanın üzvlərinin rəyindən asılıdır. Müsavat Partiyasının üzvlərinin sayı AXCP-nin üzvlərinin sayından dəfələrlə çoxdur. Ona görə də ümumi siyasi razılıqlar, Müsavat Partiyası rəhbərliyinin təkidləri, Müsavat üzvlərinin xoş məramı, güzəştləri olmadan, Müsavat Partiyasının üzvü olmayan hər hansı şəxsin partiyamızın başqanı olması qeyri-mümkündür. Ona görə də Sülhəddin Əkbərin fikirlərinin heç bir əsası yoxdur”.

A. Hacılı S. Əkbərin İsa Qəmbərin partiyadan gedənlər haqqında fikirlərinə münasibət bildirərkən “Kimin mübarizə apardığını, kiminsə Moskvanın ”b" planına hazırlaşdığını gələcəkdə Azərbaycan xalqı görəcək" fikirlərinə də münasibət açıqlayıb: “O, zaman-zaman belə fikirlər səsləndirib. Görünür, Müsavat Partiyasından çıxdıqdan sonra personasına diqqətin azalması və faktiki olaraq siyasi proseslərdən kənarda qalması onu narahat edib və ortaya bu tipli fikirlər atmaqla gündəmə gəlmək istəyir. Konkret olaraq Müsavat Partiyasını, rəhbərliyini Moskvanın hansısa planında iştirak etməkdə günahlandırmaq çox ədalətsiz, haqsız bir mövqedir. Çünki Müsavat Partiyasında toplaşan şəxslərin böyük əksəriyyəti Azərbaycan xalq hərəkatının nümayəndələridir, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış, Azərbaycanın ilk demokratik dövlətini - Elçibəy hökumətini qurmuş insanlardır. İstər Azərbaycan xalq hərəkatına, istərsə də Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış insanlara Rusiyanın, bu insanların da Rusiyaya münasibəti ictimaiyyətə məlumdur. Əslində, belə açıqlama verməklə bizi ifşa etmək istəyən Sülhəddin Əkbər özünü ifşa etmiş oldu”.

Qeyd edək ki, Müsavat Məclisinin sabiq sədri Sülhəddin Əkbər mətbuata açıqlamasında Müsavat Partiyasının rəhbərliyini AXCP və Müsavat partiyalarının birləşməsini istəməməkdə ittiham edib: “Müsavat Partiyasının rəhbərliyi birləşmənin baş tutacağı halda, hətta partiyanın adı Müsavat olsa belə, təşkilatın Əli Kərimlinin nəzarətinə keçəcəyindən ehtiyatlanırlar. Və Azərbaycanda bir xalq hərəkatının başlayacağı təqdirdə Müsavat Partiyasının real rəhbəri kimdirsə, onun önə çıxacağından ehtiyatlanırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR