Bank Of Baku

Əli Əhmədov: “ATƏT sədri ilə görüşdə iştirak edən bütün partiya nümayəndələrinin mövqeyi Dağlıq Qarabağ məsələsində üstü-üstə düşdü”

Əli Əhmədov: “ATƏT sədri ilə görüşdə iştirak edən bütün partiya nümayəndələrinin mövqeyi Dağlıq Qarabağ məsələsində üstü-üstə düşdü”
# 14 mart 2011 08:29 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalisin Azərbaycandakı siyasi partiyaların rəhbərləri ilə görüşü başa çatıb. APA-nın məlumatına görə, görüşdən sonra Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, görüşdə iştirak edən bütün partiyaların nümayəndələrinin mövqeyi Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində üstü-üstə düşüb: “Mən bunu ayrıca vurğulamaq istəyirəm. Hesab edirəm ki, bu, Azərbaycanın siyasi partiyalarının vətənpərvər mövqedə dayanmasının bariz ifadəsidir. Siyasi proseslərlə əlaqədar isə bu və ya digər siyasi partiya öz düşüncə və baxışına uyğun şəkildə fikrini ifadə etdi. Bununla əlaqədar mübahisə etmək, diskussiya aparmaq olar. Bizim baxışlarımız müxalifət nümayəndələrinin baxışlarından kəskin şəkildə fərqlənir və mən hesab edirəm ki, bu, tamamilə normal haldır. Tərəflər öz mövqelərini ortaya qoydu və maraqlı görüş keçdi”.

Qeyd edək ki, ATƏT-in Bakı Ofisinin rəhbəri Ali Bilgə Cankorelin də qatıldığı görüşdə Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, BAXCP sədri Qüdrət Həsənquliyev, YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ALP sədri Əvəz Temirxan və Ümid Partiyasının sədri İqbal Ağazadə iştirak ediblər.

Görüşün əsas hissəsi media təmsilçilərinin iştirakı olmadan keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR