Bank Of Baku

Asim Mollazadə: “İnqilab küçələrdə yox, şüurlarda baş verməlidir” - MÜSAHİBƏ

Asim Mollazadə: “İnqilab küçələrdə yox, şüurlarda baş verməlidir” - <font color=red>MÜSAHİBƏ</font>
# 29 aprel 2011 13:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Milli Məclisinin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin APA-ya müsahibəsi

- Asim müəllim, ölkədəki son ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?
- Azərbaycanın ictimai-siyasi həyatında bu gün hansısa fövqəladə durum yoxdur. Qarşıda seçkilər olmadığından hansısa ciddi canlanmanı müşahidə etmirəm. Bəzi qüvvələrdə belə bir fikir vardı ki, Yaxın Şərqdə, Afrikada baş verən hadisələrin Azərbaycana hansısa təsiri ola bilər. bununla bağlı mən yalnız onu deyə bilərəm ki, Azərbaycan nə Afika ölkəsidir, nə də ərəb ölkəsi. Azərbaycan Cənub-Şərqi Avropa ölkəsidir və keçmiş SSRİ mühitinə aidiyyəti var. Bəlkə də bu mühitlərdə baş verənlərin Azərbaycana müəyyən təsirləri ola bilər. Amma Şimali Afrika və Yaxın Şərqdəki hadisələrin Azərbaycana ciddi təsiri yoxdur.

- Bu hadisələrin insanların şüuruna təsirləri də var.
- Doğrudur. Biz bu gün o ölkələrdə baş verənlərdən ciddi ibrət dərsləri götürməyin tərəfdarıyıq. O ölkələrdə hakim elitanın xalqın qəzəbinə düçar olmasının şahidi oluruq. Sosial məsuliyyət hissi, demokratik dəyərlər və idarəetmə mütləq nəzərə alınmalıdır. Mən şüurlarda inqlabın tərəfdarıyam. Amma prosesin hansısa üsyanlar, rəngli inqlablar formasında həyata keçirilməsini qəbul etmirəm və istəmirəm.

- İctimai Palatanın keçirdiyi aksiyalara münasibətiniz necədir?
- Mən buna münasibət bildirmək istəmirəm. Düşünərm ki, mənim hansısa şərhlərim kimlərinsə siyasi maraqlarına xələl gətirə bilər. Hökumətin aksiyalara icazə verməməsi ilə bağlısa onu deyə bilərəm ki, dünyanın bu sahədə demokratik ənənələrini ölkəmizə gətirməliyik. Məsələn, Londonda olduğu kimi Bakıda da «hayd park» kimi yer yaradılmalıdır ki insanlar öz fikİrlərini orada azad ifadə edə bilsinlər. Hamıya uyğun bir yer tapılmalıdır. Lap bir adamın sözü var, getsin çıxıb fikrini açıqlasın. Nə şəhərin mərkəzində hansısa qarşıdurmalar olsun, nə də problemlər. Biz iş adamlarının partiyasıyıq və sahibkarların mülkiyyətinə təhlükə yaradan amillərə hər zaman çox narahatçılıqla yanaşırıq. Biz bu təklifləri dəfələrlə vermişik. Deyirlər ki, doğru fikrdir. Amma hələlik ortada bir iş görünmür. Bu gün Azərbaycanda ölkənin və xalqın qarşısında duran bir neçə hədəf var. Bu ilk növbədə çoxşaxəli islahatlarla bağlı olmalıdır. Azərbaycanda korrupsiya ilə mübarizə başlanıb. Dövlət başçısı bunun kampaniya deyil, ciddi mübarizə olduğunu deyir. Bunun üçün də müvafiq addımlar atılır. Düşünürük ki, korrupsiya ilə mübarizənin tezliklə nəticə verməsi, əsaslı dəyişikliklərə gətirib çıxarması üçün bu islahatlar sistemli xarakter daşımalıdır. Bir neçə sahədə sistemli islahatlar həyata keçirilməlidir.

- Sizcə hansı sahələrdə islahatlara ehtiyac var?
- Mənə bəzən deyirlər ki, həmişə iki eyni şeydən danışırsan. Bəli. Bizim istəyimiz ilk növbədə təhsil sistemində sürətli islahatların keçirilməsidir. Həm ali, həm orta təhsil sistemində, həm də mühüm olan peşə təhsili sistemində təməlli islahatlar həyata keçirilməli, təhsil sistemi müasirləşdirilməlidir. İkinci sahə səhiyyə sektorudur. İstərdik ki, ölkədə tibbi sığorta sistemi bərqərar olsun. Hökumət bu sahədə işlər apararsa, heç kəs Azərbaycan müəllimlərinə, həkimlərinə rüşvətxor damğası vura bilməz. Korrupsiya ilə mübarizəni müvafiq sistemli islahatlar aparılmasında görürük. Bu sistemli islahatlar nəticəsində həm müəllimlərin, həm həkimlərin, həm də digər sahələrdə çalışanların sosial müdafiəsi sahəsində ciddi işlərdə görürük. Bununla yanaşı Azərbaycan xalqının qarşısında əsas məsələ kimi Dağlıq Qarabağ münaqişəsi durur. Bu tək Azərbaycanın deyil, regionda inkişaf perspektivlərinin qarşısını alan, hətta dolayısı yolla demokratiyanın inkişafına maneçilik törədən amillərdəndir. Biz bu məsələni ötən gün ABŞ Konqresinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşümüzdə də qaldırdıq. Mən bunu şəxsən diqqətə çatdırmışam ki, bu münaqişə Avropanın ən böyük humanitar faciəsini yaradır. Bu nə bizə, nə də bizə müttəfiq olan ölkələrin inkişafına imkan vermir. Düşünürəm ki, hər bir insanın fərdi inkişafına təkan verən amillər dövlət tərəfindən nəzərə alınmalıdır. Onun üçün də qarşımızda duran hədəf - insan amilini önə keçirən islahatların həyata keçirilməsidir.

- Siz səhiyyə və təhsil sektorundaislahatlardan danışdınız. Necə düşünürsünüz, islahatlar bu sektorların struktrunda aparılmalıdır, yoxsa?
- İslahatlar həm bu sahələrin struktrunda aparılmalıdır, həm də sistemin mahiyyətində. Bir misal gətirə bilərəm. Biz «Təhsil haqqında» qanunun müzakirəsində iştirak etdik və verdiyimiz təkliflərin bir qismi qəbul olundu. Nəhayət 17 il mövcud olan tilsimi qırıb bu qanunu qəbul elədik. Və sonra... bunun ardınca ciddi qanunlar qəbul olunmalıdır. Ali təhsil sistemi prezidentin sərəncamı ilə Boloniya prosesinə inteqrasiya olunmalıdır. Amma baxın, bu sərəncam hələ ölkədə tam şəkildə icra olunmur. Universitetlər guya ki, Boloniya sisteminə keçib. Ancaq bu, hansısa qəribə və əcaib modellərdir, Boloniya sisteminə bir aidiyyəti yoxdur. Bu yaxınlarda Azərbaycan Dövlət Dillər Universitetində dövlət imtahanı ləğv olunub. Bu, artıq onu göstərir ki, bəzi təhsil müəssisələri müəyyən səylər göstərməyə başlayıblar. Mən müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsinə də müsbət yanaşıram.

- Bəs mane olan nədir?
- Zənnimcə, mane olan köhnə ətalətli şüurdur. Köhnə idarətmə sisteminə öyrəşmiş, ətalətlə bu sistemi davam etdirmək istəyən şəxslərin yaratdığı problemlərdir. Deyirlər, Azərbaycanda inqilaba ehtiyac var. Biz isə bu inqlabı şüurlarda görürük. Bu inqlablar küçələrdə baş verməməlidir. Şəxsən biz Azərbaycanın gələcəyini təhsil almış, peşəkar olan modern gənc idarəçilərdə görürük. Bu gün Azərbaycanda siyasi, biznes, ictimai menecerlərə ehtiyac var. Biz buna nail olmaqla böyük uğurlara nail ola bilərik. Bizim xalqın böyük potensialı var. Azərbaycan bir model kimi, müasir ölkə kimi ona görə inkişaf edə bilər ki, xalqımızın müəyyən qədər genetik intellektual potensialı var. Bizim gənclərin sürütlə inkişaf etmək perspektivləri var. Bunun üçün onların təhsilləri, sosial müdafiəsi yüksək səviyyədə olmalıdır. Bununla yanaşı, bizim qarşımızda milli dəyərlərimizi qorumaqla Avroatlantik məkana inteqrasiya məsələsi də dayanır. İnteqrasiya deyəndə yüksək mədəniyyəti, ailə dəyərlərimizi, milli-mənəvi dəyərlərimizi qorumaqla inteqrasiya nəzərdə tutulmalıdır. Sovet mənəviyyatından, sovet kolxoz təfəkküründən imtina etməliyik. Biz Avroatlantik inteqrasiyanı hansısa təşkilata üzvlük kimi görmürük. Mən indiyədək hesablayıb qurtarmamışam ki, Azərbaycanın Avropa Birliyinə üzvlüyünə ehtiyac var, ya yox? Bəlkə biz Norveç kimi inkişaf edək? Avropa Birliyinə üzv olub, hansısa tənbəl ölkəsinin pulunu niyə ödəməliyik? Bizdə bu ammllərin inkişafı üçün hər şey var. Sadəcə olaraq bu amillərin hər birinin üzərində iş aparılmalıdır.

- Əfqanıstan və İraqın işğalı, ardınca ərəb ölkələrində baş verənlərlə bağlı belə fikrlər formalaşır ki, ABŞ bununla İran ətrafında halqanı daraldır? Bu fikirlə nə dərəcədə razısınız?
- İranla bağlı məni narahat edən amil odur ki, bu ölkə minlərlə müsəlmanın qanını axıdan, yüz minlərlə müsəlmanı torpağından didərgin salmış Ermənistana hərtərəfli dəstək verir. İran Ermənistana dünya dənizlərinə çıxmaqda kömək göstərəcəyini bəyan edir, uşaq qatillərini Tehranda təntənə ilə qarşılayır. Bununla yanaşı, İranda yaşayan ermənilərin ən yüksək səviyyədə hüququ var. Amma 35 milyon azəri türkü öz dilində təhsil ala, məktəbə gedə, ana dilində kitab nəşr etdirə bilmir. Amerikanın siyasətində də yeni bir şey görmürəm.

- Siz Milli Məclisdə Azərbaycan-Makedoniya parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupunun rəhbəri təyin edilmisiniz. Bu sahədə hansı fəaliyyətləri icra eləmək niyyətindəsiniz?
- Müəyyən səfərlərimiz, görüşlərimiz, fikir mübadilələrimiz ola bilər. Görüşlərimizin qayəsində əsasən Azərbaycanın problemləri, Dağlıq Qarabağ münaqişəsi, bizə təzyiqlər və s. bağlı məsələlər dayanır. Bu gün Azərbaycanın əsas xarici siyasət məsələsi Qarabağ məsələsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR