Bank Of Baku

“Dəyişən dünya və Güney Azərbaycan milli azadlıq hərəkatı” mövzusunda konfrans keçirilib

“Dəyişən dünya və Güney Azərbaycan milli azadlıq hərəkatı” mövzusunda konfrans keçirilib
# 19 may 2011 14:44 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təşkilatçılığı ilə “Dəyişən dünya və Güney Azərbaycan milli azadlıq hərəkatı” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə Azərbaycandakı siyasi partiyaların rəhbərləri və təmsilçiləri, Güney Azərbaycandan olan soydaşlarımız və digər şəxslər çıxış edib.

AMİP-in baş katibi Arzuxan Əlizadə konfransın Güney Azərbaycan milli azadlıq hərəkatının 2006-cı il mayın 22-də başlanan yeni mərhələsinin 5-ci ildönümünə həsr olunduğunu bildirib. O, təəssüflə qeyd edib ki, zaman-zaman davam edən milli azadlıq hərəkatı hələ sona çatmayıb: “Bu gün İranda 30 milyondan artıq soydaşımızın ən elementar hüquqları pozulur”.

Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli çıxışına Müsavat başqanı İsa Qəmbərin konfrans iştirakçılarına salamını çatdırmaqla başlayıb. O, Güney Azərbaycanda baş verənlərin dönməz proseslər olduğunu deyib. A. Səmədbəyli İranda baş verənlərə Azərbaycan hökumətinin və hakim Yeni Azərbaycan Partiyasının münasibət bildirməməsindən təəssüfləndiyini də söyləyib.

AMİP lideri Etibar Məmmədov çıxışında bəyan edib ki, Güney Azərbaycanla bağlı məsələlər arabir yox, gündəlik fəaliyyətdə hiss olunmalıdır: “Azərbaycanda siyasətlə məşğul olan hər bir siyasətçinin proqramında Güney Azərbaycan məsələsi öndə olmalıdır. Çünki Azərbaycanın bütövlüyünü qəbul eləməyən siyasətçi Azərbaycan siyasətçisi hesab oluna bilməz”.

Tədbirdə Bütöv Azərbaycan Birliyi (BAB) Rəyasət Heyətinin sədri Aqil Səmədbəyli, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və başqaları da mövzu ətrafında çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR