Bank Of Baku

Azərbaycanda əksər partiyalar YAP-ın Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə təşkil etdiyi xeyriyyə konsertinə qatılmayıb

Azərbaycanda əksər partiyalar YAP-ın Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə təşkil etdiyi xeyriyyə konsertinə qatılmayıb
# 17 iyun 2011 15:09 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Azərbaycandakı siyasi partiyaların əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasının (YAP) Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə iyunun 16-da təşkil etdiyi xeyriyyə konsertinə qatılmayıb.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı APA-ya açıqlamasında partiya rəhbərliyindən kimsənin YAP-ın xeyriyyə konsertinə getmədiyini söyləyib: “Bu, camaatın diqqətini özlərinə cəlb etmək üçün atılan addımdır. Əgər belə xeyriyyə konsert keçirirlərsə, onun pulu ilə xəstələri, Qarabağ müharibəsində əlil olanları müalicə elətdirsinlər. Silahlı Qüvvələr üçün xeyriyyə konserti nəyə, kimə lazımdı? Özləri deyirlər ki, Silahlı Qüvvələrə 1 milyard dollardan çox vəsait ayrılıb. Elə həmin pulu versinlər əsgərə, Silahlı Qüvvələrə sərf eləsinlər. Artıq heç nə lazım olmasın”.

AXCP sədrinin müavini Razi Nurullayev də APA-ya açıqlamasında partiya rəhbərliyindən YAP-ın xeyriyyə konsertinə heç kimin getmədiyini söyləyib: “Bizə belə bir dəvət gəlməyib. Gəlsəydi, müzakirə edib, qərar çıxarardıq”.

Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa özü və partiyadaşları da sözügedən xeyriyyə aksiyasına getməyib. F. Mustafa APA-ya açıqlamasına belə aksiyadan ümumiyyətlə xəbərsiz olduğunu bildirib

Ümid Partiyasının sədri İqbal Ağazadə də daxil olmaqla partiyadan YAP-ın xeyriyyə konsertinə gedən olmayıb. Bu barədə APA-ya İ. Ağazadə bildirib.

YAP-ın icra katibinin müavini Siyavuş Novruzov isə APA-ya açıqlamasında xeyriyyə aksiyası ilə bağlı parlamentdə təmsil olunan partiyaların bir çoxuna dəvətnamə göndərildiyini deyib: “Onların arasında aksiyada müəyyən vəsaitlərlə iştirak edənlər də, gəlməyənlər də oldu. Bu, elə bir aksiyadır ki, gərək ölkədəki bütün partiyalar iştirak etsinlər. Əfsuslar olsun ki, bəzi partiyalar nəinki orduya dəstək olur, ordu ilə bağlı öz mətbuat orqanlarında lazım olmayan məqalələr dərc edir, dezinformasiyalar yayırlar”.

Qeyd edək ki, xeyriyyə konsertində 25 min manat toplanaraq Silahlı Qüvvələrə Yardım Fonduna köçürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR