Bank Of Baku

Əli Əliyev: “Kölgə kabineti ideyasını irəli sürən tərəf bunun arxasında hansı siyasi formatın durduğunu açıqlamalıdır”

Əli Əliyev: “Kölgə kabineti ideyasını irəli sürən tərəf bunun arxasında hansı siyasi formatın durduğunu açıqlamalıdır”
# 22 iyun 2011 10:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Kölgə kabineti və parlamenti yaradılmasına başlanmazdan öncə ortada siyasi ittifaq olmalı və siyasi format müəyyənləşməlidir”. Bu açıqlamanı APA-ya Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev verib.

Ə. Əliyev deyib ki, siyasi ittifaq olmalı və siyasi format müəyyənləşdikdən sonra nə isə danışmaq mümkündür: “Kölgə kabineti ideyasını irəli sürən tərəf bunun arxasında hansı siyasi formatın və konfiqurasiyanın durduğunu da açıqlamalıdır. Mənə elə gəlir ki, bu “5-lər” formatında aparılan danışıqlar variantında mümkün ola bilər. Çünki başqa formatda aparılan danışıqlar nəticə verməyib. Əgər “5-lər”in müzakirəsində ortaq məxrəc tapılsa, burada həm kölgə kabineti müzakirə oluna bilər, həm də kölgə parlamenti yaradıla bilər”.

Ə. Əliyev qeyd edib ki, hazırkı məqamda isə Azərbaycanda kölgə kabineti ideyasını reallaşdırmaq yalnız nəzəri cəhətdən mümkündür: “Kölgə kabineti və parlamenti məsələsi əslində aktual məsələdir. ADP bu təkliflə çıxış edib. Ancaq ADP əvvəlcədən özünün təmsil olunduğu İctimai Palataya olan münasibətini ifadə etməlidir. Ola bilməz ki, ADP həm alternativ parlament adı ilə yaradılmış İctimai Palatada təmsil olunsun, sonra da özü yeni kölgə kabineti və parlament təşəbbüsünü ortaya qoysun. Ona görə də ADP-nin mövqeyində bir aydınlıq yaranmalıdır”.

ADP sədri Sərdar Cəlaloğlu isə APA-ya bildirib ki, xalq parlamenti ideyasını reallaşdırdıqdan sonra şübhəsiz, İctimai Palata ilə əlaqələrinə yenidən baxacaqlar: “Çünki eyni vaxtda 2 təşkilatda təmsil olunmaq mümkün deyil. S. Cəlaloğlu bu ideyanın müxalifət çərçivəsində məhdudlaşdırılmasının tərəfdarı olmadığını da söyləyib: “Ona görə də Əli Əliyevin dediyi siyasi konfiqurasiyanın və güc mərkəzinin müəyyən edilməsi bizim üçün aktual deyil. Düşünürük ki, kölgə parlamenti ideyası bu təklifi dəstəkləyən fərdlər şəklində müəyyən qüvvələrin birliyindən ibarət olacaq. Kölgə kabinetinə və parlamentinə cəmiyyətdə nüfuzu olan adamları cəlb etmək istəyirik”.

ADP sədri onu da qeyd edib ki, kölgə kabineti və parlamenti həm də müxalifətdə olan şəxslərin təqdimatıdır: “Niyə liderlər razı deyil ki, onların özlərindən başqa digər şəxslər də lider kimi cəmiyyətə təqdim olunsun. Bu həm də qısqanclıqla bağlıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR