Bank Of Baku

Fuad Qəhrəmanlı: “İctimai Palatada AXCP və Müsavatın rolunun xüsusi nəzərə alınması tamamilə başadüşüləndir”

Fuad Qəhrəmanlı: “İctimai Palatada AXCP və Müsavatın rolunun xüsusi nəzərə alınması tamamilə başadüşüləndir”
# 30 iyun 2011 14:23 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “AXCP və Müsavat Partiyasının İctimai Palatada monopolist kimi çıxış etməsi ilə bağlı səslənən fikirlərlə razılaşmaq mümkün deyil. Çünki bu təşkilatda bərabər təmsilçilik prinsipindən söhbət gedir. Bu qurumda nəinki partiyalar, həm də vətəndaş cəmiyyəti institutlarının siyasi strukturlarla birgə əməkdaşlıq modeli var. Ona görə də burada siyasi institutların hər hansı üstünlüyündən söhbət gedə bilməz. Çünki İctimai Palata siyasi partiya təmsilçiliyi prinsipi ilə formalaşmayıb”. Bunu APA-ya açıqlamasında İctimai Palatanın (İP) üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı İP Koordinasiya Şurasının sabiq üzvü Pənah Hüseynin fikirlərinə münasibət bildirərkən deyib.

F. Qəhrəmanlı bəyan edib ki, İP-də qərar və razılaşmalar konsensus yolu ilə gerçəkləşir: “Təbii ki, müzakirə olunan məsələnin də rolu var. Siyasi yönümü daha ağır olan məsələlər müzakirə olunarkən burada partiyaların rolu, təsir imkanı hər hansı vətəndaş cəmiyyəti institutundan daha çox nəzərə alınmağa məhkumdur. Məsələn, aksiya keçirilirsə, siyasi partiyalar daha çox strukturlaşdığından, daha geniş bazaya malik olduğundan, bu tip məsələlərə daha diqqətlə yanaşırlar. Çünki bu halda kütləvi aksiyaların ağırlığı daha çox siyasi partiyaların üzərinə düşür. Bu baxımdan bu tip məsələlərdə aparıcı siyasi partiyalar olaraq AXCP və Müsavatın rolunun xüsusi nəzərə alınması tamamilə başadüşüləndir. Hesab edirəm ki, bu məsələdə hər hansı ziddiyyət axtarmağa dəyməz. Ona görə də Pənah bəyin bu fikirləri daha çox onun şəxsi münasibəti kimi qiymətləndirilməlidir”.

İP üzvü, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu isə APA-ya açıqlamasında Pənah Hüseynin fikirlərində həqiqət payı olduğunu söyləyib. O bildirib ki, İP-nin əsas dayaqları AXCP və Müsavat Partiyasıdır: “Orada çoxluq bu iki partiyadadır. Bu iki partiyanın sədrlərinin istəmədiyi qərarların orada keçməsi məntiqsiz olardı”.

Qeyd edək ki, P. Hüseyn İctimai Palataya təhlükənin Müsavat və AXCP-dən gələ biləcəyini deyib: “İsa Qəmbər və Əli Kərimli bir məsələdə konsensusa gələ bilməyəndə həmin məsələ qoyulur kənara”. O əlavə edib ki, İctimai Palatanın mövcudluğunun İsa Qəmbər və Əli Kərimlidən, Müsavat və AXCP-dən, onların siyasi iradəsindən və münasibətlərindən asılı olması dərəcəsi mümkün qədər azaldılmalı və aradan qaldırılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR