Bank Of Baku

ADP iqtidar-müxalifət dialoqunun keçirilməsini istəyir

ADP iqtidar-müxalifət dialoqunun keçirilməsini istəyir
# 18 iyul 2011 13:53 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkə həyatı ilə bağlı baş verən ictimai-siyasi hadisələr və partiyanın cari həyatına aid məsələlər əsas müzakirə obyekti olub. İdarə Heyəti Qarabağ münaqişəsinin nizamlanmasına dair iyunun 25-də Rusiyanın vasitəçiliyi ilə Kazanda keçirilmiş danışıqların fiaskoya uğramasından sonra Rusiya prezidenti Medvedyevin tərəflərə xarici işlər naziri Sergey Lavrov vasitəsi ilə təqdim etdiyi yeni təkliflərə Azərbaycanın hansı cavab verməsi məsələsinə toxunub, bu məsələ ilə bağlı iqtidar-müxalifət dialoqunun vacibliyini vurğulayıb.

İdarə Heyəti ötən həftə Azərbaycan-İran sərhədində silahlı insident zamanı bir Azərbaycan zabitinin qətlə yetirilməsi məsələsinə də toxunub. Toplantı iştirakçıları hökuməti bu silahlı insidentlə bağlı İran tərəfinə nota verməyə, bu hadisənin obyektiv şəkildə araşdırılması, qətlə yetirilən Azərbaycan zabitinin ailəsinə kompensasiya verilməsi istiqamətində tədbirlər görməyə çağırıb.

İdarə Heyəti Azərbaycan təyyarəsinin Əfqanıstanda vurulması məsələsini də müzakirə edib və hadisə zamanı həlak olmuş Azərbaycan vətəndaşlarının ailələrinə başsağlığı verib.

İdarə Heyəti son vaxtlar insanların ADP-yə Bakı ətrafında həyətyanı və tikdikləri fərdi yaşayış sahələrinin sənədləşdirilməməsi ilə bağlı müraciətlərə də baxıb.

Sonda partiyanın cari həyatına aid bir sıra məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR